Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Gündəm / “Ağaəli Fərəcovun 16 yaşının olmadığı barədə sübutlar ictimaiyyətə açıqlanmalıdır”

“Ağaəli Fərəcovun 16 yaşının olmadığı barədə sübutlar ictimaiyyətə açıqlanmalıdır”

İş adamı Füzuli Fərəcovun oğlu 14 yaşlı Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrəli avtomobili ilə 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürməsi ilə bağlı kimlərin hansı məsuliyyət daşıyacağı məsələsində bəzən ziddiyətli, bir birini təkzib edən fikirlər səsləndiyindən bir neçə suala münasibət bildirirəm.
Ağaəli Fərəcəvun məsuliyyəti:
– AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda – beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məsuliyyətə ancaq bu cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş şəxs cəlb oluna bilər.
– AR Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən (cəzası 7 ildən yuxarı olduğundan) bu cinayət ağır cinayət növünə aid edilir. AR Cinayət-Prosessual Məcəlləsinin 435-1-ci maddəsindən (ümumiləşdirilmiş şəkildə) göründüyü kimi, ağır cinayət əməlini törətmiş, lakin 16 yaşa çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi məqsədilə istintaq orqanı müvafiq materialları “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”ya göndərir, bu Komissiya isə məhkəməsi qarşısında uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı vəsatət qaldırır. Məhkəmə işə baxaraq həmin uşağı həmin müəssisəyə yerləşdirir və ya bu vəsatəti təmin etmir.
Bundan başqa, Ağaəli Fərəcov avtomobili idarə etməyə vermiş Nəqliyyat vasitəsinin sahibi də məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanuna görə, sürücü nəqliyyat vasitəsini onu idarə etmək hüququ olmayan şəxsə verməməlidir.
Həmin qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq nəqliyyat vasitəsinin sahibi öz vəzifələrini yerinə yetirmədiyinə görə və mühüm ziyan vurulması ilə nəticələnən cinayət əməlinin törədilməsinə şərait yaratdığına görə, hesab edirəm ki, AR Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir.
Bundan başqa, Mülki Məcəllənin 1104 və 1108-ci maddələrin müqayisəli təhlilindən aydın olduğu kimi, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxsə vurulmuş ziyanın əvəzi həm 14 yaşında olan şəxsdən, həm də onun valideynlərindən tutula bilər. Buna görə də, hadisə nəticəsində vəfat etmiş şəxsin hüquqi varisi maddi və mənəvi zərərin kompensasiya edilməsi tələbinə dair mülki iddia ilə istintaq və ya məhkəməyə müraciət etməlidirlər.
P.S. Ağaəli Fərəcovun 16 yaşının olmadığını sübut edəcək konkret hallar ictimaiyyətə açıqlanmalıdır.
Aslan İsmayılov, tanınmış hüquqşünas

Həmçinin oxuyun

Füzuli Ələkbərovun yenidən dirilişinin arxasında nə var?

Sabiq nazir destruktiv əməllərini indi də başqa formada davam etdirməkdədir. Beləki Füzuli Ələkbərov nazir olduğu …

Bir cavab yazın