Cümə , Avqust 23 2019
Ana səhifə / Gündəm / 800 müəllim işdən çıxarılıb? – “Deyirlər ki, nazirin əmri var…”

800 müəllim işdən çıxarılıb? – “Deyirlər ki, nazirin əmri var…”

Tovuz rayonu Şah İsmayıl Xətai adına Köhnəqala kənd orta məktəbinin müəllimi Aytən Əhmədova işdən azad edilməsi ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, 2012- ci ildə müddətsiz müqavilə yolu ilə sinif rəhbəri kimi işə götürülüb: “Həmin vaxt bir müəllimi işdən çıxartmışdılar. Mən də onun yerinə təyin edildim. Avqust ayına kimi sinfi apardım. Yayda dedim ki, imtahandan keçmək lazımdırmı? Dedilər ki, lazım deyil, artıq əmrlə işə götürülübsən. Əlimdə müddətsiz müqavilənin əmri var. İndi direktor Xanoğlan Həsənov deyir ki, müqavilədə texniki səhv olub. Əgər texniki səhv olmuşdusa, 4 il siz məni niyə işlədirsiz? Sən demə, bu 4 ildə sinif əslində başqa müəllimənin adına imiş. Baxmayaraq ki jurnalları, bütün işləri mən yazmışam. 4 il əziyyət çəkmişəm, 18 əlaçı şagird yetişdirmişəm. İndi isə məni qanunsuz şəkildə işdən çıxarırlar.

Bu təkcə mənim başıma gəlməyib. Rayonda 800-ə yaxın müəllim əsassız bəhanələrlə son iki həftədə işdən çıxarılıb. Deyirlər ki, Təhsil naziri belə bir əmr verib ki, müddətli müqavilə əsasında işləyənlərin hamısı işdən çıxarılsın. Bəs müddətsiz müqavilə ilə işləyənləri niyə çıxardırlar? Mən universitet bitirmişəm, bütün sənədlərim yerindədir. Günlərdir rayon təhsil şöbəsinin qabağında müəllimlər işdən çıxarılmaqlarına etiraz edirlər”.

Qafqazinfo” məsələ ilə bağlı sözügedən məktəbin direktoru Xanoğlan Həsənovla əlaqə saxlayıb. O bildirib ki, Aytən Əhmədova məktəbdə müvəqqəti əmrlə işləyib: “Ona texniki səhvlə bağlı kim nə deyib bilmirəm. Amma o müvəqqəti əmrlə bizdə işləyib. O müddətsiz müqavilə əsasında işə götürülməyib. 2010-cu ildən qayda belədir ki, hamı imtahan verib vakant yerlərə getməlidir”.

Qeyd edək ki, Aytən Əhmədovanın bizə göndərdiyi sənəddə onun müddətsiz işə götürüldüyü yazılıb.

Qafqazinfo” rayonda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.

 

800 müəllim işdən çıxarılıb? -  “Deyirlər ki, nazirin əmri var...”

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın