Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / Ənvər Seyidovun bankir qaynının adı kredit fırıldağında…

Ənvər Seyidovun bankir qaynının adı kredit fırıldağında…

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atrabank”ın “Xəzər” filialının vəzifəli şəxsləri barədə cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edir.

“Atrabank”ın “Xəzər filialının əməkdaşları bankdan yarım milyon manatdan çox krediti mənimsəməkdə ittiham olunurlar. Belə ki, ittihama görə, bank əməkdaşları digərləri ilə birlikdə 150-ə yaxın istifadəyə yararsız avtomobili sənədləşdirərək bankdan külli miqdarda pul çıxarmağa müvəffəq olublar.

Təqsirləndirilən şəxslər – İntiqam Fərəcov, Tural Mərdanov, Natiq Adıgözəlov və Vüqar Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinirlər. Onların barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Fuad Mahmudov 2010-2011-ci illərdə fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olarkən özgənin əmlakını ələ keçirmək məqsədilə “Atrabank” ASC-nin “Xəzər” filialında qeyri-rəsmi qaydada avtomobil kreditlərinin verilməsində vasitəçilik edən Zaur Ədilov və digərləri ilə cinayət əlaqəsinə girib. Onlar həmin filialda əsasən maddi imkanı aşağı səviyyədə olan, tüfeyli həyat tərzi keçirən, az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə-məxaric orderlərində göstərilən külli miqdarda pul vəsaitinin bankın xəzinəsindən çıxarmaqa nail olmaqla dələduzluq ediblər.

Həmçinin müəyyən edilib ki, Zaur Ədilov “Atrabank” ASC-nin “Xəzər” filialında qeyri-rəsmi qaydada avtomobil kreditlərinin verilməsində vasitəçi kimi fəaliyyət göstərdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Fuad Mahmudov, İntiqam Fərəcov və qeyriləri ilə əlbir olaraq cinayət əlaqəsinə girib. Z.Ədilov əsasən maddi imkanı aşağı səviyyədə olan, bəzi hallarda tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş və az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan və ya şəxsiyyət vəsiqəsini təqdim edən ayrı-ayrı şəxslərin adına kredit müqavilələrinin rəsmiləşdirilməsinə və həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən külli miqdarda pul vəsaitinin bankın xəzinəsindən alınmasına nail olub. Həmin pul vəsaitini ələ keçirməklə qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq edib.

“Adına kredit rəsmiləşdirilən şəxslər banka getmir, çöldə gözləyirdilər”

Təqsirləndirilən İntiqam Fərəcov ona elan olunmuiş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər maşın alveri ilə məşğul olduğunu, 2007-2008-ci illərdə Fuad Mahmudovla (iş üzrə təqsirləndirilən şəxslərdən biri olmaqla hazırda axtarışdadır-red.) tanış olduğunu göstərib.

İntiqam Fərəcov Fuadla aralarında avtomobil alveri ilə bağlı danışıqları olandan sonra sonuncu onu “Atrabank” ASC-nin “Xəzər” filialına apararaq Zaur Ədilovla (barəsində aparılan cinayət işi ayrılıb-red.) tanış edib. Onu bankdan kredit verən şəxs kimi təqdim edib, amma hansı vəzifədə işlədiyini deməyib: “Özümə məxsus avtomobili satmaq istəyirdim. Zaur maşına baxış keçirdi, özünü bankın qarşısında çox sərbəst aparırdı, hamıya göstəriş verirdi. Onu filialı müdiri kimi tanımışam. Dedi ki, sənədlər qaydasında olarsa, avtomobil girova qoyulmaqla adıma 5 min manatlıq kredit xətti açılacaq, lakin nağd formada 4 min dollar veriləcək. Qalan pulları bankın xərclərinə və “şapka” kimi özünə götürəcək.

Bu təkliflə razılaşmadım. Amma sonradan Zaurla münasibətimizi yarandı və satdığım avtomobilləri həmin bankda girov qoyub kreditlə satmışam. Bu qayda ilə təxminən 13 avtomobil satmışam, 9 nəfəri isə Zaurun yanına göndərmişəm. Adına kredit rəsmiləşdirilən şəxslər banka getmir, çöldə gözləyirdilər. Zaur onların sənədlərini özü hazırlatdırıb gətirir, çöldə müştəriyə imzalatdırırdı.

“Bankın müdiri bizdən kreditləri ödəməyimizi tələb edirdi”

Zaurun vasitəsilə bankın işçilərini, müdiri Fikrət İbrahimovu da tanıyırdım. Uzun müddət Zaur bu qaydada işləyir, kredit müqavilələri üzrə rəsmiləşdirilmiş pulun hamısını müştəriyə vermir, kreditin 1500-1700 dolları onda qalırdı.

Bir qədər belə işlədikdən sonra onlardan ayrıldım. Sonradan eşitdim ki, Zaur müştəriləri axtarıb onlara sənədləri imzalatdırmaq istəyir. Bir neçə dəfə mənə zəng vurub adlarına kredit rəsmiləşdirilmiş şəxslərin ünvanlarını soruşdu. Sonradan öyrəndim ki, avtomobil alan şəxslər sonradan avtomobili satdıqlarına görə kredit ödəməyiblər. Həm də kreditin məbləği artıq göstərildiyinə, lakin ödəniş cədvəllərində az yazıldığına görə müştərilər aldadılıb. Ona görə kredit ödənilməyib.

Bankın müdiri Fikrət müəllim məndən və digərlərindən tələb edirdi ki, kreditləri ödəyək. Satdığım avtomobillərə görə dəfələrlə ödəniş etmişəm. Sonradan banka getmədiyimə görə ödənilməmiş kreditlərlə bağlı hansı tədbirlər görüldüyünü bilməmişəm”.

“Kredit şöbəsinin müdiri olsam da faktiki heç bir səlahiyyətim olmayıb”

Təqsirləndirilən şəxs qismində dindirilən Natiq Adıgözəlov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Natiq Adıgözəlov ifadəsində 2010-cu ilin sentyabr ayından 2011-ci ilin avqust ayınadək “Atrabank” ASC-nin kredit şöbəsinin müdiri vəzifəsində, həmin tarixdən hazırkı dövrədək isə həmin şöbədə kredit inspektoru vəzifəsində çalışdığını göstərib: “10 dekabr, 2010-cu ildə Fikrət İbrahimov həmin filiala müdir təyin olundu, Fikrət İbrahimov filialın müdiri, Vüqar Əliyev isə onun müavini olub.

Vüqar Fikrət İbrahimovla dost idi, onlar banka birlikdə gəlirdilər. Vüqar müavin təyin edildikdən sonra Fikrət İbrahimov özü əmr verməklə bütün kreditlərin verilməsi və onların ödənilməsinə nəzarəti ona həvalə etmişdi. Kredit şöbəsinin müdiri olsam da faktiki heç bir səlahiyyətim olmayıb. Kredit verilməsi ilə bağlı sənədlərin hazırlanması, kredit götürən şəxslərə sənədləri imzalatdırmaq, müştərinin təhlil edilməsi mənim vəzifəmə aid edilmişdi. Lakin Fikrət İbrahimov bu səlahiyyətləri Vüqara həvalə etmişdi, faktiki olaraq mən yalnız sənədləri hazırlamaqla məşğul olur, çap edib Fikrət İbrahimova və Vüqara təqdim edirdim.

Fikrət İbrahimov filiala müdir təyin edildikdən sonra əsasən vətəndaşlardan depozit-əmanət pullar cəlb etmiş, bu qaydada banka təxminən 1.000.000 (bir milyon) manata qədər depozit cəlb edilmişdi. Deyirdi ki, həmin filial əsasən avtomobil kreditlərinin verilməsi ilə məşğul olacaq. Bu fəaliyyət bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş “Kreditlərin verilməsi qaydaları haqqında” təlimatla tənzimlənmişdi. Həmin qaydalara görə, bankdan avtomobil girova qoyub kredit götürmək istəyən müştəri bankın adına “kreditin alınması üçün sifariş” yazmalı olurdu.

Lakin Fikrət İbrahimov heç vaxt kreditin verilməsini həmin təlimatda göstərilən qaydalara uyğun aparmırdı. Filialın əsas işlərini Fikrət İbrahimovun gətirdiyi Zaur Ədilov yerinə yetirirdi. Zaurun da avtomobil alveri ilə məşğul olan tanışları Elçin Musayev, Fuad Mahmudov, İntiqam Fərəcov, Şahin Məmmədov və başqa şəxslər olurdu. Həmin avtomobil alverçiləri haradansa avtomobil alıb banka gətirir, birbaşa Fikrət İbrahimova müraciət edirdilər.

Bir çox hallarda Fikrət İbrahimov Vüqarla çölə çıxıb avtomobilə baxırdı. Çünki Fikrət İbrahimov özü komissiyanın sədri olmaqla Vüqar və Turaldan ibarət qiymətləndirmə komissiyası yaratmışdı. Bundan sonra Fikrət İbrahimov Zaur və digər avtomobili gətirən şəxslərə bildirirdi ki, kredit vermək üçün Bakı şəhərində qeydiyyatda olan şəxs tapıb gətirsinlər, həmin avtomobilə görə hansısa məbləğdə kredit verilsin.

Kreditlər faktiki olaraq ödənilməmişdi. Bu qaydada filialda ödənilməyən kreditin məbləği çoxalırdı. Ona görə baş ofisdən Fikrət İbrahimova kreditlərin ödənilməsini təmin etmək üçün təsir edilirdi. O da avtomobil alverçilərinə kreditlərin ödənilməsinin vacibliyini bildirmişdi.

“Filialın fəaliyyəti araşdırıldı və qanun pozuntuları aşkar edildi”

Sonradan həmin avtomobil alverçiləri də artıq filiala gəlmədilər, Fikrət İbrahimov çıxılmaz vəziyyətdə qalmışdı.

Ona görə məni yanına çağırıb xahiş etdi ki, həmin ödənilməyən kreditləri olan şəxslərə qarşı məhkəmələrdə iddia qaldırmağa köməklik edim. Razılaşdım. Təxmini 150-dək iddia sənədi hazırladım, məhkəmələrə həmin şəxslərlə bağlı müraciət olundu. Məhkəmədə proses olanda isə nümayəndə kimi Vüqar və Fikrət İbrahimov özü iştirak edirdi.

İddiaların əksəriyyəti təmin edilmədi. Bundan sonra Fikrət İbrahimov avtomobillərin hamısının tapılıb qiymətləndiriləcəyini və hərracda satıldıqdan sonra borcların ödəniləcəyini, qalan məbləğin isə cavabdehdən tələb olunacağını dedi. Lakin avtomobillər yenə tapılmadı.

Həmin müddətdə Elçin Musayev barəsində Nizami Rayon Polis İdarəsində material olmuş, material banka aidiyyəti olmayan ayrı-ayrı şəxslərin müraciəti əsasında araşdırılmışdı. Elçin müraciət edən şəxsləri aldatmışdı.

Fikrət İbrahimov də bunu öyrəndikdən sonra öz əməllərini gizlətmək üçün banka gələn şikayətçilərə ərizələr yazdırıb Nizami Rayon Prokurorluğuna göndərdi. Həmin müddətdə də girov qoyulmaqla kredit götürülmüş 5 ədəd avtomobilin sənədlərinin saxta olması aşkara çıxdı.

Fikrət İbrahimov bu barədə prokurorluğa müraciət etdi, banka aidiyyəti olmayan şəxslərin müraciəti əsasında cinayət işi başlandı. Fikrət İbrahimovun müraciəti də ora əlavə olundu. Əslində Fikrət İbrahimov bu hərəkəti ilə avtomobil alverçilərini məsuliyyətə cəlb etdirmək istəyirdi. Bildiyimə görə, həmin iş üzrə Elçin Musayev tutuldu, digər alverçilər isə tutulmadılar. Bu müddət ərzində bankın baş ofisində filialın fəaliyyəti araşdırıldı və qanun pozuntuları aşkar edildi”.

“Adına kredit rəsmiləşdirilmiş şəxslər krediti ödəmədiyindən problemlər yaranmışdı”

Təqsirləndirilən şəxs qismində dindirilən Vüqar Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

O, ifadəsində 2011-2013-cü illərdə “Atrabank” ASC-nin “Xəzər” filialında müdir müavini vəzifəsində çalışdığını, filialın müdiri olmadığı hallarda işin operativliyini təmin etmək məqsədilə onun əvəzindən bəzi kredit və digər sənədləri özünün imzaladığını göstərib: “Bankın işçiləri ilə yanaşı həmin filialda avtomobil alverçiləri də fəaliyyət göstərib. Onların arasında əsas işləri Zaur Ədilov yerinə yetirib.

Filialda əsasən avtomobil kreditləri verilirdi. Həmin kreditin məbləği 5000 manatadək olduqda bu barədə qərarlar filialda, 5000 manatdan artıq kreditlərlə bağlı qərarlar isə baş ofisdə qəbul edilirdi. Adlarına kredit rəsmiləşdirilmiş şəxslər kreditləri ödəmədiklərindən problemlər yaranmışdı. Zaur, İntiqam, Fuad və Elçinlə bağlı hüquq-mühafizə orqanlarına, krediti almış şəxslərlə bağlı isə mülki qaydada məhkəmələrə müraciətlər etdik. Hətta buna görə cinayət işi də başlandı, Elçin Musayev həbs olundu.

Məhkəmələrdə isə iddialar təmin edilmədi. Zaur Ədilov avtomobil alverçiləri ilə razılaşıb ayrı-ayrı şəxslərin adına kreditlər götürməklə bankın pulunu ələ keçirmişdi. Ona görə də onlardan şikayət etdik”.

İstintaq zamanı Zaur Ədilov təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərib ki, filialın müdiri Fikrət İbrahimovla 2009-cu ildə “Kredobank” ASC-nin “Nəsimi” filialında tanış olublar. Təxminən 2010-cu ilin sonlarında Fikrət İbrahimov “Atrabank” ASC-nin “Xəzər” filialına müdir təyin edilib və ona təklif edib ki, birlikdə həmin filiala gəlib işləsinlər: “Fikrəti tanıdığıma görə onun təklifi ilə razılaşdım, onunla həmin filiala getdim. Fikrət həmin filialın fəaliyyətini əsasən avtomobil kreditlərinin verilməsinə yönəltmiş və mənə tapşırmışdı ki, kim kreditlə avtomobil alveri etmək istəsə, onları filiala gətirsin və həmin filialdan kredit götürsünlər. Əgər avtomobil alverçisi kredit almaq üçün filiala müraciət etmişdisə, əvvəlcə ona yaxınlaşmış, avtomobilin sənədlərinə baxıb bu barədə Fikrətə və ya onun müavini Vüqara məlumat vermiş, onlar kredit verməyə razılıq verdikdə kreditin ayrılması üçün sənədlər hazırlanaraq kredit ayrılmış, kredit verildikdən sonra ayrılan vəsaitin 16 faizini müştəri və ya avtomobil alverçisi ona qaytarmışdı.

Banka gətirilən bütün avtomobillərə görə ayrılmış kreditin hamısı bu qaydada rəsmiləşdirilirdi. Bu qaydada həmin banka əsasən avtomobil alverçisi Fuad Mahmudov gələrək avtomobil kreditləri götürüb. Sonradan isə Fuadın vasitəsilə Elçin Musayev, İntiqam Fərəcov, Şahin Məmmədov da banka gəlib. Onlar da avtomobillərə görə kreditlər götürüblər. Həmin şəxsləri alverçilər tapıb gətirir, onlara da hansı məbləğdə pul verilməsini özləri həll edirdilər. Bu işlərə qarışmamışam. Sonradan kreditlərin ödənişlərində problemlər yarandı, Fikrət gecikmiş kreditləri ödəməyi tapşırdı”.

Zaur Ədilovun ifadəsinə görə, avtombil alverçiləri ilə birlikdə bəzi kreditləri ödəyib, lakin Fikrət İbrahimov onları aldadıb: “Kreditlər də çox olduğuna görə onu tam ödəyib qurtarmaq mümkün deyildi. Fikrət bunu aradan qaldırmaq üçün mənim və digər şəxslərin barəsində polis orqanlarına şikayət etdi. Adlarına kreditlər rəsmiləşdirilmiş şəxsləri məhkəməyə verdi. Lakin kreditlər yenə də ödənilməmiş qaldı. Belə olanda bankın rəhbərliyi filialın fəaliyyətini yoxladı, çatışmazlıqlar olduğuna görə prokurorluğa müraciət olundu”.

“Heç nədən xəbərim olmayıb”

Şahid qismində çıxış edən “Atrabank”ın “Xəzər” filialının müdiri Fikrət İbrahimov ifadəsində göstərib ki, filialın müdiri kimi onun vəzifəsi müştərilərin və depozitlərin cəlb edilməsi, kreditlərin verilməsi, ödənilməsi işlərinə və ümumiyyətlə filialın ümumi işlərinə nəzarət etməkdən ibarət olub.

F.İbrahimovun sözlərinə görə, Vüqar Əliyev bəzi kredit sənədlərini onun icazəsi ilə imzalayıb. Belə ki, Vüqar Əliyev müdir müavini təyin edildikdən sonra filialda bütün kreditlərin verilməsinə və onların ödənilməsinə nəzarət ona həvalə edilib: “İşlədiyi dövrdə Natiq Adıgözəlova hər hansı qanunsuz göstəriş verməmişəm, əksinə, həmişə vəzifəsinə daxil olan funksiyaları düzgün icra etməsini tapşırmışam.

Onun kredit şöbəsinin müdiri kimi ən əsas vəzifəsi müştəriləri qəbul etmək və onların ödəmə qabiliyyətini yoxlamaq olub. Sonradan bilmişəm ki, Natiq bu vəzifəsini lazımi qaydada yerinə yetirməyib. O, Zaur Ədilov və digər avtomobil alverçiləri ilə yaxşı münasibət saxlayıb onlara kömək edib və həmin şəxslərin gətirdiyi müştərilərin adına kredit sənədləri hazırlayıb. Vüqar Əliyevlə birlikdə Natiqə inandıqlarına görə sənədləri imzalamışam. Baş verənlərdən isə sonradan xəbər tutmuşam, ona görə də mülki qaydada müraciət etmişəm”.

***

Onu da qeyd edək ki, iş üzrə şahid qismində dindirilən Fikrət İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur hakimi Ənvər Seyidovun qaynıdır.

Öncə digər təqsirləndirilənlər kimi Fikrət İbrahimovun barəsində də cinayət işi qaldırılıb. Amma sonradan günahı sübuta yetirilmədiyindən barəsindəki cinayət işinə xitam verilib. Hazırda adı iş üzrə şahid qismində keçir.

Məhkəmə prosesi oktyabrın 2-ə kimi təxirə salınıb.

Həmçinin oxuyun

REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ – “Bir neçə aydır bu lüks maşından istifadə edir” (FOTO)

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb. Bakupost.az-ın əldə etdiyi məlumata görə, …

Bir cavab yazın