Bazar , Avqust 25 2019
Ana səhifə / Dünya / “Vətəndaşlıq alan kimi, dərhal Bakıya qayıdacam” – Mirzə Sakitlə 57 yaş söhbəti

“Vətəndaşlıq alan kimi, dərhal Bakıya qayıdacam” – Mirzə Sakitlə 57 yaş söhbəti

Qürbətdəki satirik yazar: “Bu haqda düşünəndə ürəyim bərkdən döyünür”

Bu gün mühacirətdəki satirik yazar Mirzə Sakitin ad günüdür. Ad gününü növbəti dəfə Belçikada keçirən şairlə yeni yaşının əhvalından, gələcək planlarından, Vətən həsrətindən qısaca danışdıq: 
– Bəy, yaş neçə oldu? Əminəm, gizlətməyəcəksiz….
– Nərmə-nazik xanım ha deyiləm ki, yaşımı gizlədəm (gülür). Lap elə bərkdən bağıra-bağıra deyirəm: Yaşım əlli yeddi oldu. Amma yaşım əlli yeddi olsa da, başımın “razmer”i hələ də əlli ikidi..
– Qürbətdəki neçənci ad gününüzdür?
– Qürbətdə beşinci ad günümü keçirirəm.
– Maraqlıdır, qürbətdə, amma Avropanın göbəyində yaşa dolmaq necə hissdir?
– Etiraf edim ki, buralarda ad günü zamanı istər-istəməz adamın yadına Azərbaycandakı dostlar düşür. Gedərdik ucuz bir kafe tapıb yeyib-içərdik, hay-küy səsimiz oraları başına götürərdi.
– Belçikada necə keçir, ad günləri? Yəqin ki, xanımınız Rəna xala aş dəmləyir, qızınız Zülfiyyət tort bişirir… Hamı yığışır və sizi birgə qutlayırlar? 
– Yeməklər dünəndən hazırdı. Aşı xoşlamadığıma görə ona o qədər də önəm verilməyib. Mənim xoşladığım yemək yarpaq dolması ilə pörtdəmə ətdi. Bircə nimçə bəsimdi, oturub xırda-xırda vura-vura eşələnirəm, o nimçədə…
– Mən sizinlə Belçikada sağollaşanda, aeroportda dediyiniz bir söz hələ də yadımdadır: mən qayıtmaq istəyirəm deyə… Hələ də keçərlidirmi?
– Hər gün, hər saat buradan çıxıb getmək istəyindəyəm, heç alışa bilmədim, buralara… Ayağımın biri eləcə vətənə doğru istiqamətlənməkdədir… Qürbətçiliyin bu qədər ağır olduğunu təsəvvürümə gətirmirdim. Lap əvvəllər gənc vaxtlarımda 8 il Rusiyada yaşamışam, amma orada bu qədər sıxıldığım olmayıb. Yəqin həm də yaş öz təsirini göstərir.
– Mirzə Sakit nə zaman Azərbaycana dönəcək? Dönəcəkmi?
– Hazırda vətəndaşlıq almağa cəhd edirəm, görək bu yaxınlarda bəlkə nəsə alındı. Vətəndaşlıq alan kimi elə həmin həftə Bakıya istiqamətlənəcəm. Bu, mənim ən böyük, şirin arzularımdan biridir. Bu haqda düşünəndə ürəyim bərkdən döyünür.
– Həmişəlik?
– Bəlkə də… Qala bilmirəm, buralarda… Hərdən elə bilirəm Robinzon Kruzoyam, hətta hərdən çayın kənarına gedib, Robinzon kimi öz-özümə danışıram. Xəyalımda özümə dəyə qururam, ocaq yandırmaq üçün vasitələr arayıram, nə bilim yemək axtarıram, adada dovşan, cüyür axtarıram, ilanlardan qorunmaq üçün yatacağım yeri etibarlı düzəldirəm.
– Niyə darıxırsız ki, oralarda? Təkcə vətən həsrətinin olduğunu deməyin, inandırıcı olmayacaq… 
– Vətəndəki darıxdığım adamları bura yığıb, gətirsələr və onlar mənimlə bir yerdə olsalar, yenə də darıxmaq gündəmdə olacaq. Vətəndən ötrü darıxmamaq olarmı? Çayxanalardakı lüləyi qırıq, kirli-pasaqlı çayniklərdən ötrü burnumun ucu göynəyir. Bakıdan rayonlara gedərkən yol kənarındakı kafelərdə oturub, nahar etmək dünyanın ən ləzzətli istirahətlərindəndi r. Hələ dostlarla o kafelərdə “başıxamırlı”dan da yüz-yüz içməkdən gözəl nə ola bilər, axı? Axırda da “nemes şotu” üçün əlini cibinə salasan. Nə gözəlliklər varsa da vətəndədir. Hazırda Azərbaycanda vəziyyət bir az acınacaqlı olmasına baxmayaraq, torpaq adamı maqnit kimi özünə çəkir.

Həmçinin oxuyun

Almaniyada PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar açıqlanıb

Almaniyanın Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatda terror təşkilatı PKK-ya hər il Avropadan 25 milyon …

Bir cavab yazın