Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Dünya / Siyavuş Novruzov: “Bəzi idmançılarımızda müvəffəqiyyətdən başgicəllənməsi olur”

Siyavuş Novruzov: “Bəzi idmançılarımızda müvəffəqiyyətdən başgicəllənməsi olur”

YAP-çı deputat döyülərək öldürülən jurnalistdən danışdı

Jurnalist Rasim Əliyevin “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov və digər 6 nəfər tərəfindən döyülərək, öldürülməsi mətbu və siyasi çevrələrdə əsas müzakirə mövzusudur. Bu hadisəyə hakimiyyət düşərgəsinin də mövqeyi ortadadır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövzu ilə bağlı indiyədək iki dəfə açıqlama verib.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyev jurnalistin öldürülməsini şəxsən nəzarətə götürüb. Dövlət başçısı bununla bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa hadisənin obyektiv araşdırılması üçün tapşırıqlar verib.

Məsələ ilə YAP-çı deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzovla danışdıq.

– Siyavuş müəllim, sizin Rasim Əliyevin ölümü ilə bağlı mövqeyiniz necədir? 

– Mən bu hadisəni birmənalı şəkildə pisləyir. Lakin bunun siyasiləşdirilməsinin, hakimiyyətin ünvanına ittihamların səsləndirilməsinin əleyhinəyəm. Baş verən bu hadisəni mən idmançı və jurnalist məsələsi kimi qiymətləndirmirəm. Çünki onlarla bu kimi hadisələr baş verir. Kiminsə arasında mübahisə yaranır, iş böyüyür, dava-dalaş olur, bəzən bu dava-dalaş sonda cinayətlə yekunlaşır. Bəzi hallarda vətəndaşlarımız da, media da bu cür hadisələri həddindən artıq böyüdür. İndiki halda tərəflərdən biri jurnalist olduğu üçün olay bu qədər rezonans doğurub.

– Bizim idmançılar özlərini xüsusi imtiyazlı şəxs kimi aparırlar. Buna nə deyərdiz? 

– Mən bəzi idmançıların özlərini qeyri-təvazökar aparmasını pisləyirəm. Onlar əldə etdikləri uğuru gələcəkdə daha da genişləndirmək istiqamətində fəaliyyət göstərməkdənsə,  bunun əksini edirlər. Düzdür, özünü maksimum təmkinlə, təvazökar şəkildə aparan xeyli sayda idmançılarımız da var. Amma təəssüf ki, hamısı belə deyil.

– Sizcə, bunun səbəbi nədir? 

– Bəzi idmançılarda əldə etdikləri nailiyyətlərdən baş gicəllənməsi əmələ gəlir. Rusiyada, Türkiyədə, başqa ölkələrdə baxırsan ki, üçqat, dördqat Avropa çempionları var. Və hələ də idmana davam edirlər. Bizdə də belə idmançılar var. Namiq Abdullayev, Fərid Mansurov, İlham Zəkiyev kimi dəfələrlə uğur qazanmış idmançılarımız çoxdur. Hansı ki, çox sadə, təvazökar insandırlar. Amma elə idmançılarımız da var ki, əldə etdikləri nailiyyətlərdən onlarda baş gicəllənməsi əmələ gəlib. Və nəticə etibarı ilə həm idmana, həm onları sevənlərə, dəstəkləyən şəxslərə ziyan gətirirlər. Bu cür də olmaz. İnsan təvazökar olmalıdır. Onlar bilməlidirlər ki, dövlətin onlara mükafat verməsi, sırf həvəsləndirmək, zəhmətlərinə qiymətdir. Bundan başqa qara niyyətlər üçün istifadə etmək olmaz. Əgər dövlət öz idmançısına sahib çıxırsa, onun nailiyyətini mükafatlandırırsa, bu o demək deyil ki, həmin idmançı bundan özünün şəxsi mənafeyi naminə istifadə etməlidir, gücünü sadə vətəndaşların üstündə sınamalıdır. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını yüksəltmiş xeyli sayda idmançılarımız var ki, onlar həddən artıq təvazökardırlar. Ətrafdakı insanlara zərər vermədən öz peşələrini layiqincə davam etdirirlər.

“Yaxınlarının yasına getməyən, qəbrini ziyarət etməyən bəzi siyasətçilər bu hadisədən iqtidarın əleyhinə istifadə etməyə çalışırlar. Amma biləsiniz, Rasimi öldürənlər məhz bu hakimiyyətin siyasi iradəsi sayəsində öz layiqli cəzalarını alacaqlar”

– Jurnalistin ölümü ilə bağlı reaksiyalar sizi qane edirmi? 

– Hazırda araşdırmalar gedir. Bu üzdən tələsməyin, olaya emosional formada reaksiya verməyin tərəfdarı deyiləm. Cənab prezident də məsələyə özünün birmənalı mövqeyini bildirib. Hüquq-mühafizə orqanlarına lazımi tapşırıqlar verilib. Amma araşdırma bitmədən artıq Avropa Şurasının nümayəndələri bəyanat veriblər. Təbii ki, bu, qərəzli yanaşmadır. İstintaq gedir. Məsələ hələ tam aydın deyil. Bəlkə heç o adamların günahı yoxdur? Lap bu hadisə deyildiyi kimi olubsa, bunun iqtidara nə aidiyyəti var? Hər adamın yanına bir polis əməkdaşı qoymaq olmaz axı. İqtidar özü maraqlıdır ki, cinayəti törədənlər qanun qarşısında cavab versinlər. Hüquqi baxımdan cəzalarını alsınlar”.

– Öldürülən şəxsin jurnalist olması istər-istəməz hakimiyyəti qınaq obyektinə çevirir. 

– O da vətəndaşdır, cəmiyyətin bir üzvüdür. Jurnalist də kiminləsə mübahisəsi edə, dalaşa bilər. Çünki o da yekunda insandır. Amma görürük ki, bu hadisədən başqa məqsədlər üçün istifadə edənlər olur. Bu hadisə Rasim Əliyevin peşə fəaliyyəti ilə bağlı deyil. Ola bilər ki, kimsə kimisə təhqir edib. Birinin əsəbi dözür, digərinin dözmür. Siyasətçiləri gecə-gündüz təhqir edirlər. Tənqid başqa şeydir, olmalıdır. Amma bir də görürük ki, insanların ailə üzvlərinə qədər söyürlər. Birinin qohumu dözür, digərinin dözmür.

– Sosial və peşəkar mediada ən çox tənqidlərə məruz qalan siyasətçilərdən birisiniz. Elə olubmu ki, kimisə cəzalandırmaq ürəyinizdən keçsin?

– Mən elə şeylərə fikir vermirəm. İnsan siyasətə gələndə hər şeyi gözə almalıdır. Bilməlidir ki, onu qarşıda nələr gözləyir. Ona şər də ata bilərlər, ünvanına böhtan da deyilər, təhqir də olunar.

– YAP dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin ailəsinə baş çəkməyi planlaşdırırmı?

– Təbii ki… Amma mən görürəm ki, heç öz yaxınlarının yasına getməyən, qəbrini ziyarət etməyən bəzi siyasi təşkilat nümayəndələri bu hadisədən istifadə edirlər. Hamıdan qabaq yas yerinə gedib, mediaya müsahibə verirlər. Özlərini göstərirlər. Biz yas mərasiminə getsək də, el qaydası ilə hərəkət edəcəyik. Baş sağlığı vermək üçün gedəcəyik. Mediaya bunu reklam etmək niyyətimiz yoxdur.

Mən Rasimin ailəsinə, valideynlərinə başsağlığı verirəm. Allah bu gənc vətəndaşımıza rəhmət eləsin. Onu öldürənlər məhz bu iqtidarın iradəsi sayəsində özlərinin layiqli cəzasını alacaqlar. Buna əminəm. 

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …

Bir cavab yazın