Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Dünya / “Qadın paltarı geyinib, ləhcəylə danışmaq…” –Vüsalə Mahirqızı

“Qadın paltarı geyinib, ləhcəylə danışmaq…” –Vüsalə Mahirqızı

“AYB-nin sədri olmaq arzum yoxdu…”

“APA HOLDİNG”in rəhbəri Vüsalə Mahirqızıyla müsahibəni təqdim edir.
Filoloqsunuz…
– Bəli, filoloqam.
-Sizə elə gəlmir ki, texnoloji tərəqqi, sürətli mobilləşmə canlı dilin ölümüylə nəticələnir, zamanla ünsiyyətsizlik problemi yaranır. Məsələn, qələmlə yazanda hərf-hərf düşünür insan, klaviaturada hərflərin şəkli var və düşünməyə ehtiyac yoxdu…
– Əlbəttə bu problem var, zaman keçdikcə də çoxalır. Amma buna ünsiyyətsizlik problemi deməyək, Whatsappda, Facebookda, Telegramda və digər vasitələrdə də informasiya bölüşürük, danışırıq, amma ünsiyyət təkcə informasiya bölüşmək deyil ki, həm də enerjidi, emosiyadı, bax bu enerjini hiss eləmək olmur virtualda. Qarşındakının sənin dediklərindən sonra emosiyası, mimikaları, enerjisi… Telefon danışıqlarında bəlkə də səs vasitəsilə enerji ötürülür, ancaq yazışmaqla hiss olunmur. Texnoloji tərəqqi ünsiyyətsizlikdən daha çox emosiyasızlıq , enerjinin ötürülməsi problemini yaradır. Amma informasiya texnologiyalarının inkişafı insanlara cəsarət verir, elə bilirlər monitordan o tərəfə heç nə yoxdur və bütün cəsarətləriylə fikir bildirə, hətta rahat təhqir edə bilirlər. Ki, real həyatda, üzbəüz mübahisə eləməyə cəsarət eləməyənlər monitor arxasından təhdid, təhqir eləyirlər. Bu insanların profilləşməsi, realla virtual sərhədlərin itməsi prosesidi. Mübahisələr də, sevgi hissləri də profillər arasında baş verir.
-Deyirlər ki, ədəbiyyat dünyanın yenidən dərk olunmağıdı. Gördüklərimizin görünməyən tərəfi. Ədəbiyyat sahəsində tədqirəlayiq işləriniz məlumdu, öləziyən ədəbi prosesə “Kulis” kimi töhfə verdiniz, bu, ətrafınıza qılıncı qələmləri yığmaq, gülləsi “söz”lərdən söz davalarında istifadə eləmək üçün idi, yoxsa “Kulis”in kulisində bilmədiyimiz məqamlar var?
– Mənim Azərbaycan Yazıçılar Birliyinin sədri olmaq kimi bir arzum və niyyətim yoxdu. Ətrafıma sənin də dediyin kimi qılıncı qələm olan adamları da hansısa məqsədlə yığmağa da ehtiyacım yoxdu, ümumiyyətlə, hansısa şirkətə, hansısa quruma, ya da kiməsə qarşı komandalaşmaq deyil bu. “Kulis” yaranana qədər gənc söz adamları hərəsi bir siyasi qütbdə qalmışdılar və bədii yaradıcılıqdan daha çox siyasi araşdırmalar, publisist yazılar yazmaqla jurnalistikayla məşğul olub, belə deyək, çörək pulu qazanırdılar. Kulis və kulisdən sonra yaranan ədəbiyyat saytlarında onlara yaradıcılıq tribunası verildi, burda əsl mənasında yaradıcılıqla məşğul olmağa başladılar, kitablar yazdılar. Onlar həm iş mühitində rahat yaradıcılıqla məşğul oldular, həm də ədəbiyyat üçün qalıcı əsərlər yazmağa başladılar. İkinci bir tərəfdən bu gün bizim cəmiyyətdə sekulyar düşüncənin təbliğinə ehtiyac var. Bu baxımdan Kulis kimi layihələrin təsir gücü, sayı artırılmalıdır. Kulisçilər də, Sim-simçilər də bu düşüncənin daşıyıcılarıdı. Və bu düşüncəni məişətə, təhsilə, tibbə, sosial həyatımıza, mətbəxə gətirməliyik. Bunlardan başlamasaq, cəmiyyətin dəyişməsi, sürətli inkişafı mümkün olmayacaq. Yetkinlik yaşına çatmadan, özünü dərk eləməyən, atasının, anasının sözüylə Rusiyadan gəlmiş pullu bir oğlana ərə gedən qız uşağının, on səkkiz yaşı olanda azad insan kimi cəmiyyətə töhfə verməsini, fərdilikdən çıxıb vətəndaş mövqeyi ortaya qoymasını gözləmək absurddur. İnsan əvvəl daxilən azad olmalıdır, birinci özü, həyatı ilə bağlı qərarlar verməyi bacarmalıdır. Ondan sonra ətraf, cəmiyyət gəlir. Şəxsi taleyi ilə bağlı qərar vermək gücündə olmayan, geyimini, inancını, davranışını, hətta ailəsini başqasının diktəsi ilə seçən adamdan hansı vətəndaş mövqeyi gözləyirik? Və bunu insanlara təlqin eləməyin yolu ədəbiyyatdan, təhsildən, publisistikadan keçir. Kulis bu yoldakı vasitələrdən yalnız biridir.
-Yaradıcı adamlarla, xüsusən də söz adamlarıyla işləmək çətin olur bir az…
– Bu vaxta qədər bir insidentimiz olmayıb, mən onlara maneə olmuram, onlar da mənə problem yaratmayıblar. Adətən yaradıcı qurumlarda rəhbərlə işçilər arasında problemin səbəblərini bilirəm. Ümumiyyətlə, yaradıcı adamlar bir az şöhrəti sevirlər, məşhurlaşmaq, tanınmaq istəyirlər, imzalarının qeydlərinə qalırlar. Problem rəhbərin də yaradıcı adam olmasıyla başlayır. Rəhbər də imzası üçün yaşayırsa, bu zaman onların mənafeyi toqquşur və bir-birlərinin üstünlüyünü həzm edə bilmirlər. Mənim imza problemim yoxdu deyə, düşünürəm ki, problem yaranmaz aramızda…
-Olmaya siz də şeir yazırsınız?
– Yox, yox, mən, ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmuram, uşaq vaxtı beş-altı şeirim olub, onları da cırıb atdım, amma tənqidi sevirəm, tələbəlik illərində daha çox ədəbi tənqidlə məşğul olurdum. İndi isə mən sadəcə yaxşı oxucuyam.
 
-“Bu şəhərdə”, “Bakılı oğlanlar” kimi şən hazırcavabların yumoruna gülə bilirsiniz?
– Təəssüf ki, gülə bilmirəm. Məncə, “Bu şəhərdə”də məişət laızm olandan daha çoxdur. “Bakılı oğlanlar” rəhmətlik Anarın vaxtında gülməli və maraqlı idi. “Bu şəhərdə”ni isə ümumiyyətlə qəbul eləmirəm, qadın paltarı geyinib, ləhcəylə danışmaq yumor deyil. Altında ciddi heç nə yoxdu.
-İndi çəkilən filmlərə münasibətiniz necədi?  Məncə, alınmır, nə isə çatmır, quru, süni…
– Məncə, buna kompleks yanaşmaq lazımdı. Bu sahənin bilicisi deyiləm, amma bildiyim odu ki, kino kollektiv işidi. Burda nəinki ssenari, rejissor işi, hətta qrimyorun da işində problem olsa, ümumi ansamblı pozacaq, istənilən effekt alınmayacaq. Bəzən ssenari maraqlı və aktual olmur, bəzən rejissor işi bərbad olur, bəzən aktyor çox süni oynayır, bəzən dekor işləri korlayır. Axır ki, bəzi istisnaları çıxmaqla, hələ ki bu sahədə alınmır. Yenə vurğulayıram ki, bu yalnız tamaşaçı mövqeyidir, mən bu sahənin peşəkarı deyiləm.
-Sizcə, kriminal informasiya bolluğu ziyanlı deyil ki? Rəhbəri olduğunuz xəbər saytlarının ötürdüyü informasiyalar birmənalı qarşılanmır…
– Ziyanlıdı, əlbəttə ziyanlıdı. Bizim saytlar da bolluca kriminal informasiya ötürür, ümumiyyətlə, dünya mediası qara xəbərlə işləyir, ancaq baxır hadisəni necə təqdim edirsən. Hadisə varsa, mütləq informasiya ötürülməlidi, bu bizim işimizdi, amma ziyanlı olan kriminal hadisənin , ya da hadisədə iştirak eləyənlərin təbliğ olunmasıdı. Bizim işin fəlsəfəsinə ziddi belə informasiya. Yaxşı, pis oğlan olmasından asılı olmayaraq istənilən kriminal şəxsin təbliği jurnalistika prinsiplərinə, jurnalistika ideologiyasına yaddı. Fakt varsa, yazmalısan, işin budur, amma obyekti təbliğ eləmək, qəhrəmanlaşdırmaq bizim işimiz olmalı deyil, ki, biz də bu işlə məşğul deyilik. Əgər 12 yaşlı uşaq intihar eləyibsə, artıq xəbərdi yazılmalıdı, amma bunun sosial köklərini də gərək araşdırasan, yazasan, bu informasiya elə təqdim olunmalıdır ki, həmyaşıdları intihara meyldən qaçsınlar, valideynləri onların qayğısına qalsın və başqa problemlərinin həll olunmasına yardımı olsun. APA adına deyə bilərəm ki, burda yayılan bütün xəbərlərin yayılma səbəbini, hədəfini mən bilirəm. Hansı xəbərlə bağlı sualın cavabı məndə yoxdusa, o xəbər burda yayılmır.
-Saytlardakı başlıqlara müdaxilə eləyirsiniz? Adətən, oxucular pafoslu, İP üçün hesablanmış başlıqlardan narazılıq eləyirlər…
– Müdaxilə eləyirəm, olur. Hətta sosial şəbəkələrdə bununla bağlı mübahisələr olub və bizim əməkdaşlar özlərini müdafiə eləməyə çalışıblar, mən də girib yazmışam ki, müdafiəyə cəhd eləməyin, səhv eləmisiniz, oxucudan üzr istəyin. Məncə, İP xətrinə belə eləmək yanlışdı. Mən azyaşlıların zorlanması xəbərlərini qadağan eləmişəm. Çünki bu sosial bəla formasında yayılmayıb, bir-iki ruhi pozuntusu olan insanların elədiyi vəhşilik üzərindən İP qazanmaq doğru deyil. Oxunma sayına görə belə xəbərlərdən manşet düzəltmək, davamlı təbliğ etmək jurnalistika deyil. Onda sosial şəbəkələrlə saytların nə fərqi oldu ki? Söhbət ciddi saytlardan gedir. Başkəsmə səhnələri olsun, təcavüz kadrları olsun, bunları vermək olmaz, çünki jurnalistin sosial məsuliyyəti var.
-Düşünürəm ki, jurnalistika nəzəriyyədən çox praktik işdi. Yazıçılıq kimidi bir növ, ədəbiyyat nəzəriyyəsini mükəmməl bilənlərin yazdıqları çox primitiv olur bəzən…
– Əlbəttə, eynilə jurnalistika da belədi, jurnalistika nəzəri sənət deyil, hətta bunun ən yaxşı nümunələri olub bizdə, jurnalistika nəzəriyyəsini mükəmməl bilənlərin açdığı saytlar, qəzetlər beş-altı ay davam gətirə bilməyib. Yerli mühitin qayda-qanunlarını öyrənib tətbiq olunan sahədi jurnalistika, ingilis bir jurnalist ola bilər ki, İngiltərədə mükəmməl olsun, amma o bizim mühitdə, bizim jurnalistikada tab gətirə bilməz, alınmaz işi. Mühit deyəndə siyasi müstəvini nəzərdə tutmuram, mühit deyəndə insanlar, onların psixologiyası, cəmiyyət, hətta adət-ənənələri də nəzərdə tuturam. Jurnalist insanla işləyir, materialı insandı və insana işləyir.
-Məşhur bir türk saytının baş redaktoru müsahibəsində demişdi ki, uşağımın problemiylə ölkədəki ciddi bir hadisə haqqında informasiya düz mütənasibdir. Bu qədər informasiyadan sonra ailə-məişət qayğıları çətin gəlmir ki?
– Bu barədə bəxtim gətirib, çox şükür. Ailədə məni başa düşürlər, qızım da böyüyüb, işimin mahiyyətini dərk eləyir. Evdə əhval-ruhiyyəni mənim işimin ağırlığına, məsuliyyətinə görə qururlar.
-Anasının qatilini öldürən adam haqqında münasibətiniz maraqlıdı…
– Bütün hallarda pisdi. Mən bütün münasibətlərin hüquq müstəvisində həll edilməsinin tərəfdarıyam. Hüquq cəmiyyət qurmağın yolu bundan keçir.
-Mənim üçün insanlığın cinsiyyəti, irqi, dini, dili yoxdu, siz necə düşünürsünüz, məsələn, dünyanı bütöv sevirəm, sərhədsiz, sizin torpaq uğrunda ölümlərə münasibətiniz necədi? Fikrimi tamamlayım: Hektarlarla torpaq bir körpə qədər dəyərli deyil…
– Mənə görə dəyərlidi. İnsan olaraq mən də bəşəri ideyaların, xalqlar dostluğunun, humanizmin tərəfdarıyam, amma reallıqlar var, dünyada millətlər, sərhədlər, ölkələr var, bir çox məsələlərə görə insanlar qruplara bölünüblər. O torpaq, bu ölkənin sərhədləri daxilində sənin-mənim ərazim, ev yeri, bağ yeri kimi dava subyektidirsə, mən bu davanın və ölümün tərəfdarı deyiləm. Amma o torpaq mənim vətəndaşlığımın möhürü, millətimin, dövlətimin varlıq səbəbidisə, o torpağın nəinki hektarı hətta qarışı üçün də ölməyə dəyər. Vətən insandan və sərhəddən ibarətdir. Dünyada ölməyən insan yoxdu, hamı necəsə öləcək. Sərhəd olan, Vətən olan torpaq üçün ölmək ölümlərin ən dəyərlilərindəndi, məncə. Amma bu dediklərim özünü dərk eləyən, vətəndaş olana aiddi. Dünyada körpə öldürülməsinə bəraət qazandıran heç bir səbəb yoxdur…(Sim-sim.az)

Həmçinin oxuyun

İstanbulda dənizlə quru birləşir… – İmamoğlunun ilk sınağı+Fotolar

İstanbulda şənbə günündən davam edən şiddətli yağışlar sakinlərə çətin anlar yaşadıb.  “Qafqazinfo” xəbər verir ki, …

Bir cavab yazın