Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / “Nigar xanımın qapısını gündə Qan Turalı kimi 50 yazıçı döyür”

“Nigar xanımın qapısını gündə Qan Turalı kimi 50 yazıçı döyür”

Kitab satışı ilə bağlı qalmaqal hələ də davam edir. “Əli və Nino” kitab mağazasına qarşı narazı yazarların sayı getdikcə artır. Qan Turalının başlatdığı baykot kampaniyasına artıq onlarla yazar öz imzasını atıb. “Əli və Nino” kitab mağazalar şəbəkəsi ilə heç bir əməkdaşlığı olmadığı üçün qalmaqallardan uzaq duran gənc yazar Aqşin Yenisey mağazalar şəbəkəsinin Qan Turalı və ya digər yazarların kitabını satmaqdan imtina etməsini normal qəbul etdiyini deyib. “Qafqazinfo” gənc yazarın sherg.az-a verdiyi müsahibəsini təqdim edir:

“Bu, hər bir iş adamının doğal haqqıdır. Sata “bilmədiyi” kitabı nəyə görə alıb, vitrinə qoymalıdır? Düzdür, ölkəmizdə kitaba olan münasibəti nəzərə alıb, “Əli və Nino” kitab mağazasının rəhbərliyi yazarlarla müəyyən kompromisə gələ bilər. Çünki paytaxtda ən çox kitab mağazaları onlara məxsusdur. Amma bunun əksi üçün heç kəs onu ittiham edə bilməz. Biznes maraqları baxımından “Əli və Nino” kitab şəbəkəsi haqlı olaraq, satılmayan kitabları qəbul etmir. Qan Turalının bu məsələni qabartması ilə bağlı isə heç bir fikrim yoxdur. Bunun piar və kampaniya olması artıq onların şəxsi işidir.

– Siz özünüz nə vaxtsa “Əli və Nino” kitab mağazası ilə əməkdaşlıq etmisiniz?

– Xeyr, Nigar Köçərli ilə heç bir əməkdaşlığım olmayıb. Mən ancaq “Qanun” Nəşriyyat Evi ilə işləyirəm. İlk kitabım çıxandan nəşriyyatla müqavilə imzalamışam və bu günə qədər də həmin müqavilənin şərtlərinə uyğun olaraq əməkdaşlığımız davam edir. Kitabımın harada və necə satılması ilə isə ümumiyyətlə maraqlanmıram. Çünki çap olunandan sonra kitabın müəlliflik hüququ “Qanun” Nəşriyyatına aid olur. Ona görə də, mənim üçün kitablarımın “Əli və Nino” kitab mağazasında, rayon bazarında və ya Nyu- Yorkun kitab yarmarkasında satılmasının heç bir əhəmiyyəti yoxdur.

– Deməli, Nigar xanım haqlı olaraq, müəlliflərlə birbaşa əməkdaşlığa üstünlük vermir?

– Bizim özümüzə məxsus qanunauyğunluqlarımız var. Əslində “Əli və Nino” kitab şəbəkəsi rəhbərliyi yazarlarımızın kitablarını satmaqdan imtina eləsə belə, onu anlayışla qarşılamalıyıq. Çünki bu problemin kökü özümüzdədir. Azərbaycanda gecə-gündüz kitablar çap olunur. Kitabın keyfiyyəti, yazarın təcrübəsi isə heç bir əhəmiyyət daşımır. Əsas odur ki, filankəsin kitabı çıxıb. Birinci kurs tələbələrinin ildə 2-3 kitabı çıxır. Vallah, bu gün-sabah bağça uşağının kitabı çıxıb desələr, heç təəccüblənmərəm. Artıq Azərbaycanda kitab az qala bağça səviyyəsinə enib. Sosial şəbəkələrdə bir gün ərzində onlarla kitabın təqdimatı keçirilir. Hamı da öz kitabını qoltuğuna vurub, qapı-qapı kitab mağazalarını gəzir ki, kitabımın satışını təşkil edin. Rəhbərlik də qəbul etməyəndə çığır-bağır salırlar. Bu mənada, Nigar xanımı başa düşmək lazımdır. Kitab mağazası əsərlərinə sosial sifariş olan yazarlar üçün müəyyən mənada güzəştlər edə, onlarla əməkdaşlıq edə bilər. Amma dəqiq bilirəm ki, Nigar xanımın qapısını gün ərzində Qan Turalı kimi 50 yazıçı döyür.

– Rəhbərlik “Əli və Nino” kitab mağazalarının anbarının dolub-daşdığını və bu səbəbdən yazarlara kitablarını götürmək üçün yalvardıqlarını iddia edir. Doğrudanmı, bizim yazarların kitablarına tələbat yoxdur?

– Bu iddia tamamilə həqiqətə uyğundur. Oxucular azərbaycanlı müəlliflərin əsərlərini oxumurlar. “Qanun” nəşriyyatı ilə 2-3 aydan bir kitablarımın satışı ilə bağlı haqq-hesab aparırıq. Şahbaz Xuduoğlu həmin müddət ərzində mənə satılan kitablarımla bağlı məlumat verir. Ümumi statistikaya əsasən deyə bilərəm ki, Azərbaycanda aktiv oxucu sayı 1000 nəfərdən o tərəfə keçmir. 100 nəfər təqdimat zamanı kitab alır. Qalan kitablar isə aylarla-illərlə bir- bir satılır. Murad Köhnəqala kimi 50 ilin tanınan imzasının kitabı 7 ay ərzində 4 nüsxə satılıb. Kitab satışı ilə bağlı mağazaları ittiham edən adamlar nəşriyyatdan xəbərsiz adamlardır. Bəzi yazarlarımız elə bilir ki, Azərbaycan xalqı gecə-gündüz onların kitablarını oxumaq üçün sıraya düzülüb, növbə gözləyir. Nəşriyyatlar, kitab satış mərkəzləri də milyarder olub, yazarların haqlarını yeyirlər. Sizi inandırım ki, Azərbaycanda oxucuların sayı “Əli və Nino” kitab mağazaları şəbəkəsini baykot kampaniyasına qoşulan yazarların sayından azdır. Bunu özümdən uydurmuram. Gözümlə gördüyüm sənədə əsasən deyirəm.

– Bəs necə olur ki, əcnəbi yazarların kitabları çox satılır?

– Bu bir az da dəb məsələsidir. Bir millət olaraq, bizim milli şüurumuza yeridilib ki, xaricdə istehsal olunan istənilən məhsul bizim yerli məhsullarımızdan qat- qat keyfiyyətlidir. Vəziyyət o həddə çatıb ki, vətəndaşlar bazarda Yeni Zellandiyadan gətirilən ət məhsullarının üstündə dava edir. Öz kəndlərimizdə yetişdirilən inəyin ətini alıb, yeməyi heç kəs özünə yaraşdırmır. Yeni Zelandiya yağını alır, amma təmiz “nehrə” yağına ikrahla baxır. Eyni vəziyyət kitab, yazar üçün də keçərlidir. Əslində bu nə yazarların, nə də nəşriyyatların günahı deyil. Bu problem birmənalı şəkildə milli şüurumuzda kök salıb.

– Həmkarlarınızla həmrəy olub, “Əli və Nino” kitab mağazasının baykot kampaniyasına siz də qoşulacaqsınızmı?

– Heç bir kitab mağazası ilə əməkdaşlığım yoxdur. Mən nəşriyyatla işləyirəm. Əgər “Qanun” Nəşriyyatı “Əli və Nino” kitab mağazasını baykot kampaniyasını dəstəkləyib, imza atsa, mən də təbii olaraq “Qanun”u dəstəkləyəcəm. İndiki halda isə baykot kampaniyasına imza atmaq fikrim yoxdur.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …

Bir cavab yazın