Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Kataloniya referendumunda polislə toqquşma: xəsarət alanların sayı 840 nəfəri ötdü

Kataloniya referendumunda polislə toqquşma: xəsarət alanların sayı 840 nəfəri ötdü

Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 844 nəfərə çatıb.

Bu barədə Kataloniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Kataloniyada baş verən toqquşmalarda 33 asayiş keşikçisi də xəsarət alıb.

 

**

23:00

Kataloniyada polislə qarşıdurma zamanı xəsarət alanların sayı 761 nəfərə çatıb.

Xatırladaq ki, region sakinləri iğtişaşlar zamanı rezin güllələr və dəyənəklərdən xəsarət alıblar.

Yeri gəlmişkən, bundan əvvəl 11 İspaniya polisinin də yaralandığı barədə məlumat verilmişdi.

Bu arada məlum olub ki, Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb. TASS-ın verdiyi xəbərə görə, səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib.

***19:47

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı 460 nəfəri ötüb.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Barselonanın meri Ada Kolau bildirib.

***18:30

Kataloniyada polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb.

RİA Novosti bildirir ki, bu barədə Kataloniyanın hakimiyyət orqanları məlumat yayıb.

Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bildirib ki, xəsarət alanların sayı 300-ü ötüb: “337 nəfər xəsarət və zədə alıb. Onlardan biri ağır vəziyyətdədir. Biz insanları xəstəxanalara və Kataloniyanın hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq”.

***15:02

İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumunu əngəlləmək üçün milli polis və qvardiya dəstələri səsvermə məntəqələrini bağlayır, səs verməyə gələnlərə rezin güllələrlə müdaxilə edir. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya polisi İspaniya Ali məhkəməsinin referendumun qanunsuz hesab edilməsi və səsvermə məntəqələrinin bağlanması barədə qərarını icra etməkdən imtina edib. Nəticədə hökumət başqa regionlardan polis qüvvələrini, habelə Milli Qvardiyanın dəstələrini yeridib.

Onlar indiyə qədər 1500-dən çox səsvermə məntəqəsini bağlayıb. Bunlardan biri də Kataloniya Jeneralitetinin rəhbəri Karles Puçdemonun səs verməli olduğu məntəqədir. Lakin Puçdemon başqa məntəqədə səs verməyə imkan tapıb, müstəqillik tərədarlaı onu “prezient, prezident” sədaları ilə qarşılayıb.

Səsvermə məntəqələrinin əksəriyyətində internet kəsilib, polis səsvermə məntəqələrinin qapılarını kuvaldla sındırır, içəri daxil olub sandıqları müsadir edir, Kataloniya sakinlərini zorla məntəqələrdən çölə çıxarır. Onlara qarşı rezin güllələr tətbiq edir. Xeyli xəsarət alan var. Rerefenduma gələnlərlə polis arasında qarşıdurmalar yaşanır.

Lakin Barselonada yerləşən Kataloniya hökuməti bildirir ki, bölgədə səsvermə məntəqələrinin 73 faizi işləyir. Bu isə seçicilərin dörddə üçünün səs vermək imkanı deməkdir. Səsvermə axşam saat 20.00-də yekunlaşacaq. Kataloniya hakimiyyəti bildirib ki, əgər referendumda seçicilər bölgənin müstəqilliyinə səs versələr 48 saat ərzində İspaniyadan müstəqilliyi elan edəcəklər. Kataloniyadakı referendumda Rusiyanın əlinin olduğu haqda məlumatlar var. Belə ki, Puçdemon referendumdan əvvəl Rusiya ilə təmaslarda olub.

“El Pais” qəzetinin yazdığına görə Rusiya xüsusi xidmət orqanlarına bağlı hakerlər Kataloniyada referendumla bağlı yaradılmış saytı dəstəkləyir. Saytın domeni Rusiya və Mərkəzi Asiyadan buraxılıb.

***14:57

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə muxtariyyətin Səhiyyə Departamentinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

Bu arada Kataloniya hakimiyyəti İspaniya hökumətinin region üzrə nümayəndəsi Enrika Miyonu repressiyada günahlandıraraq onun təcili istefasını tələb edib.

Barselonada keçirilən mətbuat konfransında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bildirib ki, Kataloniyada dövlət repressiyasına birbaşa E. Miyo məsuliyyət daşıdığı üçün yalnız onun istefasını tələb edirlər.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***11:47

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

APA-nın verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.

***11:11

İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb.

APA-nın verdiyi xəbərə görə, polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu gün müstəqillik referendumu keçirməyi planlaşdırıb. Rəsmi Madrid referendumu qanunsuz elan edib.

Sorğuların nəticələrinə əsasən, yerli əhalinin 41 faizi muxtar bölgənin müstəqil olmasını dəstəkləyir, 49 faizi isə əleyhinədir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …