Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Dünən Azərbaycanın 12 rayonunda İmam Hüseyn yad edilmədi – SƏBƏB…

Dünən Azərbaycanın 12 rayonunda İmam Hüseyn yad edilmədi – SƏBƏB…

Dini Komitə, yoxsa şeyxülislam icazə vermədi?

Oktyabrın 1-də bir sıra digər müsəlman ölkələri kimi Azərbaycanda da Peyğəmbər(s) nəvəsi İmam Hüseyn əleyhissəlam başda olmaqla Allah, Xeyir, İslam uğrunda, insani, mənəvi dəyərlər, kişilik, namus, qeyrət uğrunda canlarını fəda etmiş Kərbəla şəhidləri yad edildi, məscid və meydanlarda kütləvi anım mərasimləri keçirildi.
Amma ölkəmizin 12 bölgəsində belə tədbirlər keçirilmədi. Niyə? Nədən?  Kimlərsə dərhal elə anlayacaqlar ki, yəqin Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi, yaxud Daxili İşlər Nazirliyi icazə verməyib. Ya da buna başqa bir dini-ideoloji məna geyindirəcəklər… Səbəb isə yalnız odur ki, həmin  12 bölgə, onların rayon mərkəzləri, yüzlərlə kənd və və bir böyük şəhərimiz 26-cı ildir ki, kafir işğalı altındadır.
Son rəsmi məlumatlara görə, erməni vandalları Dağlıq Qarabağ və işğal altındakı digər  torpaqlarımızda  403 tarixi-mədəni abidəmizi  ya dağıdıb viran qoymuş, ya da həyasızcasına “erməniləşdirmişlər”. Həmin abidələrdən  67-si məscidlərimizdir. Şuşanın Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri, Ağdamın Cümə məscidi dağıdılaraq təhqir olunub. Hazırda ermənilər özlərini dünyaya “tolerant” xalq kimi sırımaq və turist cəlb eymək məqsədi ilə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində  İranın bəzi xəyanətkar şirkətlərinin köməyi ilə təmir işləri apararaq o ibadətgahı fars müsəlmanların məscidi kimi təqdim etməyə çalışırlar. Amma digər məscidlərimiz hələ də murdar donuzların tövləsi, dığaların ümumi ayaqyolu olaraq qalmaqdadır…
Bir sözlə, 25-26 ildir ki, sadaladığımız məscidlərdə əzan səsi eşidlmir, namaz qılınmır, Ramazan, Qurban bayramları keçirilmir, Aşura, İmam Hüseyn(ə.s.) yad edilmir…
P.S. Etiraf edək ki, işğaldan öncə  sözügedən bölgələrimizin çoxunda sovet ateizminin təsiri altında dinimizdən, İslamdan, Allahdan uzaqlaşmışdıq, yaxud müsəlmanlığın, o cümlədən İmam Hüseyn(ə.s.), Kərbəla şəhidliyinin mahiyyətini doğru dərk etmirdik.  Təəsüf ki, bu gün  də bir çox dini bayram və hüzn günlərini qeyd etməyimizə rəğmən onların mahiyyətindən çox formalarına diqqət edirik.
Unuduruq ki, Aşura, Kərbəla yalnız ağlaşma, yas tutma deyil, mübarizədir. Allah, iman, azadlıq, ədalət, torpaq uğrunda, öz nəfsimizə qarşı mübarizədir.Və Qarabağa, Şuşaya, o torpaqlarımıza, məscidlərimizə qayıdış, bütöv bir xalq olaraqöz dinimizə, milli-mənəvi dəyərlərimizə yalnız formaca yox, mahiyyətcə, əsl qayıdışdan keçir…

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …