Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / İsa Qəmbər: «Azərbaycan xalqının Dəmirəldən gözləntisi böyük idi»

İsa Qəmbər: «Azərbaycan xalqının Dəmirəldən gözləntisi böyük idi»

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də Ankara Güvən Xəstəxanasında vəfat edib.
O, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.
Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta şəhərində anadan olub.
1993-2000-ci illərdə Türkiyə prezidenti, müxtəlif dövrlərdə isə beş dəfə baş nazir olub. İxtisasca mühəndisdir.
Süleyman Dəmirəl Azərbaycan ictimaiyyəti üçün də zaman-zaman xatırlanan, fəaliyyəti müzakirə edilən dövlət xadimi olub.
1993-cü il AXC hakimiyyəti dövründə Ali Sovetin sədri olmuş İsa Qəmbər Süleyman Dəmirəl-lə bağlı sualları cavablandırır:
– İsa bəy, Süleyman Dəmirəl ilə AXC hakimiyyəti arasında əməkdaşlıq hansı səviyyədə olub?
– Süleyman Dəmirəl Türkiyənin son dönəminin ən tanınmış, ən təsirli dövlət xadimlərindən biri olub. Təbii ki, onun vəfatı həm özü, həm də dövründəki hadisələri gündəmə gətirəcək. Azərbaycan cəmiyyətində Süleyman Dəmirəllə bağlı yekdil fikir yoxdur. Onun Azərbaycana, xüsusən demokratik hakimiyyətə, Elçibəy hakimiyyətinə dəstək vermədiyi barədə fikir kifayət qədər populyardır.
– Bu fikrin əsasları varmı?
– Təbii, bu yanaşmanın əsasları var. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Türkiyədən gözləntisi həddindən artıq böyük olub. Bu gözləntiləri tam şəkildə reallaşdırmaq nəinki Süleyman Dəmirəl üçün, ümumiyyətlə, Türkiyənin heç də hər zaman imkanları daxilində olmayıb. Təbii ki, çox işlər görmək mümkün idi, ancaq reallıqları da nəzərə alsaq, daha düzgün olardı. O dönəmdə Süleyman Dəmirəl praqmatik bir siyasətçi kimi o dövrün demokrat, idealist prezidenti ilə uyuşa, çalışa bilmədi. Mən Süleyman Dəmirəlin adının Azərbaycanda hakimiyyət çevrilişində çəkilməsi yanaşmasından uzağam. Sadəcə, həmin vaxt hakimiyyət dəyişikliyi ssenarisi müəyyən xarici qüvvələr tərəfindən işlənmişdi. Hər bir dövlət xadimi kimi Süleyman Dəmirəl də o situasiyada Türkiyə, özünün təmsil etdiyi siyasi qüvvələrin marağına daha faydalı ola biləcəyini güman etdiyi addımlar atmış ola bilər.
– İsa bəy, Cəbhə hakimiyyəti ilə S.Dəmirəl hakimiyyəti arasında ziddiyyətlər nədən doğmuşdu?
– Məncə, yuxarıda bu ziddiyyətləri göstərdim. Bu, fərqli dövlət maraqları, fərqli siyasi fəlsəfələrdən doğan ziddiyyətlər idi. Konkret Əbülfəz Elçibəyin Süleyman Dəmirəldən nəyi istədiyi və nələrdən söhbət getdiyi barədə isə dəfələrlə yazılıb, deyilib.

Həmçinin oxuyun

“Elə bilirdik ki, ordumuz güclüdür, amma…” – Erməni biznesmenin etirafları

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır.Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan …

Bir cavab yazın