Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ömrümüzü kəsib doğrayanlar… – Xeyrəddin QOCA

Ömrümüzü kəsib doğrayanlar… – Xeyrəddin QOCA

Qəzet redaksiyalarının birindən zəng vurub bildirdilər ki, biz “Məşhurlar necə yaşayırlar?” adlı rubrika altında yazılar dərc edirik, istəyirik budəfəki qonağımız siz olasınız.
“Əvvəlcə razılıq verdim, düz bir dəqiqədən sonra fikrimi dəyişdim və bunun üçün həmkarlarımdan üzr istədim. Razılıq verməməyimin əsas səbəbi odur ki, ömrüm boyu mənimlə aparılan müsahibələrin heç biri ürəyimcə olmayıb. Yəni müsahibə götürən qələm dostlarım sanki tapşırığa əməl ediblər, yəni yazılarını yazıb, işlərini görüblər. Onlar heç zaman ürəyimi, qəlbimi “oxuya” bilməyiblər, düşüncələrimi oxuculara çatdıra bilməyiblər. Çox zaman müsahibə verdiyim üçün peşman olmuşam. Lakin bu sözlərimlə əziz qələmdaşlarımın zəhmətini itirmək fikrindən çox uzağam. Haqqımda bir sətir belə yazan həmkarlarıma ömrüm boyu minnətdar olmuşam, çünki onlar mənə öz hörmətlərini, sevgilərini bəyan etmişlər. Həm də bir çoxlarından fərqli olaraq, qələm dostlarıma ona görə dərin hörmət və ehtiram bəsləmişəm ki, onlar məni reklam etməyə, “tərifləməyə” borclu deyildilər…
Son illər heç bir qəzetə müsahibə vermirəm. Fikirlərimi istədiyim zaman, istədiyim mətbuat orqanında çap etdirə bilirəmsə, müsahibəyə nə ehtiyac? Bunun üçün mənə diqqət və qayğı göstərən mətbuat orqanlarının rəhbərlərinə və əməkdaşlarına təşəkkürümü və minnətdarlığımı ifadə etməkdən məmnunluq duyuram. Məşhurların necə yaşadıqlarını oxuculara çatdıran, məni yada salan qəzetçilərə də hörmət və ehtiramımı çatdırmağı özümə borc hesab edirəm.
Qəzet əməkdaşına “yox” deməyimin başqa səbəbləri də var. Yaşadığım cəmiyyətin son dərəcə həssas olduğunu bildiyimdən, ani düşüncələrə daldım. Tutaq ki, pis yaşadığımı, ömrüm boyu maddi ehtiyac içərisində olduğumu bildirdim, mənə kimin ürəyi yanacaq? “Yaxşı yaşayıram” da deyə bilmərəm, çünki heç zaman belə sözlərin mənə aidiyyatı olmayıb! “Xoşbəxtəm” deyən adamları da başa düşmürəm. Çünki xoşbəxtlik, sevinc bir anlıq olur. Əgər gündə ömürdən bir kərpic düşürsə, insan əbədiyyətə yaxınlaşırsa, necə xoşbəxt ola bilər? Yaşadıqca yaxınlarını, qohumlarını, dostlarını itirə-itirə gedirsən, xoşbəxtliyi duymağa imkan qalırmı?
Gözünü açmamış, bir gün görməmiş, həyatda, mübarizələr burulğanında yıxıla-qalxa, bir də baxırsan, təqaüd yaşına çatmısan. Öz-özünə sual verirsən: Nə yatdım ki, nə yuxu gördüm?
Rayondan Bakıya gəlirsən, universitetə daxil olursan, hər şeyi sıfırdan başlayırsan, həmişə fikirləşirsən ki, nə vaxt mənim özümün şəxsi çəngəl-bıçağım olacaq? Ömür keçir, hər şeyin olur, ev-eşik qurursan, təzə-təzə rahatlığa çıxırsan, görürsən ömrün axırı çatıb, gündə bir xəstəlik, qan təzyiqi… Bir tərəfdən də yaşadığın cəmiyyətin nəfəs çəkməyə qoymayan hadisələri, sıxıntıları… Vətənə, torpağa bağlı olan adamın torpaq dərdinin nə qədər ağır olduğu da hiss ediləcək dərəcədə yaşamağa mane olur… Üstəlik, səni gözü götürməyənlər, bədxahlar, “kölgəni qılınclayanlar”, hər addımda badalaq gələnlər, yaltaqlar, məddahlar, simasızlar ömrünü kəsik-kəsik, qırıq-qırıq edirlər! Yaşa görüm, necə yaşayırsan?!
Bir qarnı ac, bir qarnı tox oxuyursan, öyrənirsən, çalışırsan, vuruşursan ki, cəmiyyətdə özünün yerin olsun. Nəbadə, bir səhvə yol verəsən, büdrəyəsən, qarğa-quzğun kimi, üstünə tökülüşüb, səni məhv edərlər, adını tarixdən silərlər, izin-tozun qalmaz. Bunları düşünən adam təmiz yaşamağa çalışar, namusla iş görər, haqsızlığa, ədalətsiziliyə dözməz. Təmiz yaşamaq isə o qədər də asan deyil. Ailə-uşaq da təmiz yaşamağa məhkumdur. Təmiz yaşamaq həmişə ehtiyac içində, səfalət içində ömür sürmək deməkdir. Maaşla (hələ işə düzələ bilsən…) bir neçə ailə üzvünü necə dolandırmaq, necə xoşbəxt etmək olar?
Ömrün boyu çırpına-çırpına qalırsan. Zəhmətin, bacarığın sayəsində nəyə isə nail olursan, nə isə qazanırsan, elə bil, üzr istəyirəm, bədxahlarının namusuna toxunursan! Birləşib haqqında rəy yaradırlar, nəyə nail olmusansa, hamısını alırlar əlindən. Yenə düşürsən əvvəlki vəziyyətinə. Çünki arxanda adamın yoxdur, söykənəcəyin yoxdur. Axı, rayondan, kənddən gələndə yol pulunu da zor-güclə tapmışdın. Harınlamış adamlar dünyasında qoymazlar onlardan qabağa keçəsən, hörmət-izzət sahibi olasan.
Bir vəzifəyə təyin edirlər, ətrafdakıların ürəyi partlayır ki, onu, ailə üzvlərini niyə göndərmirlər? Deyirlər, bu kimdir, nəçidir? Belələrinə deyən yoxdur ki, siz kimsiniz? Siz nəçisiniz?
Belələrinin əlindən yaşamaq çətinləşir. Səndən min qat aşağı olanlar, səndən min qat yuxarıda olurlar. Bunu görə-görə, ürək partlamasın, necə dözsün? İndi kimi danışdırırsan, ürəyindən şikayətlənir…
Hərdən fikirləşirəm ki, yaxşıdır, bu yazı-pozu var. Mən həyatda nəyə nail olmuşamsa, qələm-kağıza borcluyam. Deməli, zəhmətim hədər getməyib. Məni tanıyanlar da, dövlət də bunu qiymətləndirib. Bu, çox xoşdur, həyatım, yaşayışım üçün stimuldur. Deməli, həyatda yaxşı işə qiymət verən insanlar da var. Əlbəttə, yaxşı insanların olduğunu mən həmişə hiss etmişəm və düşünmüşəm ki, yaxşı ki, onlar var. Yoxsa, yaşamaq cəhənnəm əzabına dönərdi!..
Həmişə fikirləşirəm ki, bu millətin mehribanlığını görüm, sonra həyatdan gedim. Amma son zamanlar qəti əmin olmuşam ki, bu, mümkün deyil və heç vaxt mən bunu görməyəcəyəm. Niyə? Çünki Azərbaycanda 40-dan çox partiya, hərəsinin də öz nizamnaməsi var. Partiyalar hərəsi bir tərəfə çəkir. Bundan sonra hansı həmrəylikdən, hansı mehribanlıqdan danışmaq olar?
Həmrəylik, mehribanlıq olmayan yerdə, yaxşı yaşamaqdan söz gedə bilərmi?
Milli səviyyədən, milli mədəniyyətdən də çox şey asılıdır. Küçədə iki maşın qəzaya uğrayır, sürücülər bir-birini qırırlar, düşünmürlər ki, sabah toyda bir masa arxasında oturacaqlar. Azərbaycan balaca yerdir, axı! Bu balaca yerdə balaca adamlar pul qazanmaq üçün hər şeyə əl atırlar. Bakıdakı dönərxanalarda Hindistandan gətirilmiş, iylənmiş buzlu camış ətindən istifadə edirlər. Televiziyada çıxış edən Səhiyyə Nazirliyinin əməkdaşı bildirir ki, bu ət az zamanda qurd salır və insan orqanizmi üçün qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Şəxsən mən bu əti görmüşəm, heç onu itə də vermək olmaz! Dönər satanlardan biri isə ekranda xalqa deyir ki, “nə edək, pul qazanırıq”. Türkiyədə belə hadisələrdən sonra həmişə məlumat verirlər: “Polis hərəkətə keçdi”. Bizdə necə? Görün, belə satıcıların, onların müdirlərinin bircəciyi cəzalanıbmı? Onların satdıqları dönəri onların özlərinə yedirtmək lazımdır!
Məmləkətimizdə hər şeyi – yaxşını da, pisi də hamı görür. Namusdan, qeyrətdən çox danışılır. Amma elə vəziyyət yaranıb, gərək qızlar, qadınlar küçəyə silahla çıxsınlar. Çünki, ata-analarından görən gədə-güdələr ağına-bozuna baxmadan, hamıya sataşır, söyüş söyür, təhqir edirlər. Kişi kişi olmalıdır, düşüklər də özlərini kişi sayırlar! Belələri, anaları, bacıları haqqında bir az düşünsələr yaxşıdır! Xalq arasında məsəl var, deyərlər: “Filankəsin başının gülləsi əskikdir!” Təəssüf ki, biz belə “kişilərin” də əhatəsində yaşayırıq…
Gərək qızlarımız, qadınlarımız da hərəkətlərinə, geyimlərinə, oturub-durmalarına fikir versinlər. Bir televiziya verilişində qadınlar kişilərə qarışmışdı, ekranda ortalığa düşüb, çiyinlərini ata-ata, bədənlərinin bütün əzalarını tərpədə-tərpədə, necə deyərlər, “sındıra-sındıra” oynayırdılar. Onlara baxa-baxa, “Dəli Kür” filmindəki keyf məclisini xatırladım. Hansı ki, həmin eyş-işrət məclisinə getdiyi üçün Cahandar ağa bacısını atın qabağına qatıb, Kür çayında boğmuşdu…
Müxtəlif ədəbi-bədii, mədəni tədbirlərə dəvətlər alıram. Tanıdığım, tanımadığım adamlarla bir masanın arxasında oturmalı oluram. İstəyirəm, hamı ilə gözəl münasibət qurum, şirin-şirin söhbət edək. Bir də görürsən, biri ağzını açan kimi deyir ki, mən filan padşahın nəticəsinin kötükcəsiyəm. İstəyirsən deyəsən ki, lnoolsun?” Yaxud, ölkədə hamının tanıdığı, az-çox məşhur olan, aristokrat geyimli birisi yanındakına deyir ki, lnə yaxşı, masamızın ətrafındakıların hamısı şəhərlidir”. Beləsinə nə deyəsən? Deyəsən ki, ağsaqqal kişisən, danışığını bil, yerlipərəstlik eləmə? Elə sizin kimilər deyilmi, bu xalqı şəhərlərə, kəndlərə bölənlər? Yuxarıda qeyd etdim ki, Azərbaycan balaca yerdir, İstanbulun yarısı qədər əhalisi var. Əsrlər boyu bölünə-bölünə gəlmişik, bölünə-bölünə gedirik.
“KVN” – çilərin obrazını yaratdıqları məşhur bir vəzifəli şəxsdən aprelin əvvəlində xahiş etdim ki, məni 5 dəqiqə qəbul etsin. Dedi ki, “mayın 10-dan sonra…” A kişi, 5 dəqiqəlik söhbət üçün səni ay yarım gözləməliyəm? Camaatı ələ salmısan? İxtiyar yaşına çatmısınız, hələ danışığınızı bilmirsiniz!
Ətrafımızda belələri çoxdur. Onları görəndə ömür qısalar, yoxsa yox?
Bizim yaşayışımızı, ömrümüzü kəsib-doğrayanlar, həyatımıza zəhər qatanlar saysız-hesabsızdırlar. Qələm yoldaşım isə necə yaşamağımla maraqlanır. Görürsünüz, necə yaşayıram?
Kim isə deyə bilər ki, dünyanın dərdi sənə qalmayıb, nəyinə lazım, başqaları necə, sən də elə yaşa. Belə sözləri ən məsuliyyətsiz, dünyaya, həyata laqeyd, ürəyi, qəlbi, düşüncəsi olmayan adamlar söyləyə bilərlər! Onlara bu cavabı verməkdən özümü saxlaya bilmirəm: “Axı, mən sizin kimi yaşaya bilmirəm!

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın