Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvanda 361 növdə məhsul istehsal olunur

Naxçıvanda 361 növdə məhsul istehsal olunur

Həyata keçirilən iqtisadi siyasətin nəticəsində Naxçıvan Muxtar Respublikasında 441 müəssisə tərəfindən 361 növdə və 1116 çeşiddə məhsul istehsal olunur. İstehsalatın artması daxili bazarın tələbatını ödəməklə yanaşı, idxaldan asılılığın azaldılmasında da mühüm rol oynayır.

Muxtar respublikada 343 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir

Hazırda muxtar respublikada 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, Naxçıvandakı bir çox müəssisə artıq xarici bazarlarda özünəməxsus yer tutmağa başlayıb. Bu gün muxtar respublikada istehsal gücünə görə 51 müəssisə ixrac potensialına malikdir. Həmin müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Naxçıvanda qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur.

İxracın həcmində sənaye məhsulları üstünlük təşkil edir

Ötən il muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 512 milyon 354 min 500 ABŞ dolları olub. Xarici ticarət dövriyyəsinin 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını idxal təşkil edib və 316 milyon 486 min 700 ABŞ dolları həcmində müsbət saldo yaranıb. 2014-cü illə müqayisədə ixracın həcmi 1,4 faiz artıb, idxalın həcmi isə 10 faiz azalıb. İxracın həcmində 316 milyon 797 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları üstünlük təşkil edir.

Xarici ticarət dövriyyəsində ixracın üstünlüyü valyuta qazancı deməkdir ki, bu da ölkənin ödəmə balansına və ümumilikdə, iqtisadiyyata müsbət təsir göstərir.

Naxçıvan məhsulları beynəlxalq sərgilərdə

Muxtar respublikada istehsal olunan ixracyönümlü ərzaq məhsullarının keyfiyyəti yüksəkdir. Müasir dünyada təbii məhsullara verilən üstünlük belə məhsulların xarici bazarlara çıxarılma imkanlarını artırır. Bu məqsədlə muxtar respublikada ilk dəfə olaraq məhsul ixracına dəstək məqsədilə “Naxçıvan Məhsulları” MMC təsis edilib. Müəssisənin əsas vəzifəsi məhsulların respublika ərazisində satışının genişləndirilməsi, qablaşdırma, dizayn, markalanma və digər göstəricilərin yaxşılaşdırılması, xarici ölkələrə ixracın təşkil edilməsindən ibarətdir. Ötən il muxtar respublikada istehsal olunan 20 növdə ərzaq məhsulu Almaniya Federativ Respublikasında “Green Week”, Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Səudiyyə Ərəbistanı və İran İslam Respublikasında müxtəlif sərgilərdə nümayiş olunub.

Belarusa “NAZ-Lifan” avtomobilləri ixrac olunub

Naxçıvanın əsas ixrac məhsullarından məşhur mineral suları, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı aromatlaşdırılmış içkiləri, spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti məhsullarını, o cümlədən Naxçıvan sementini, gips və daş məmulatlarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorlar, karbon qazı, uşaq bezləri və digər çox sayda məhsulları misal göstərmək olar. 2015-ci ildə muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, “NAZ-Lifan” avtomobilləri Belarusa ixrac olunub. 2016-cı ildə məhsulların Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə çıxışı istiqamətində zəruri tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın