Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Məni az qala talış düşməni elan ediblər… –  Azər HƏSRƏT

Məni az qala talış düşməni elan ediblər… –  Azər HƏSRƏT

İlk dəfə talışlarla lap uşaq vaxtı tanış olmuşdum. Daha doğrusu onlardan biri ilə. Səfayıl adında bir gəncdi. Bakıda mənim böyük qardaşımla bir yataqxanada qalırdı. Qardaşım institut, o isə texnikum tələbəsi idi. Bizə tez-tez gələrdi. Anam da onu öz oğlundan heç ayırmazdı. Onun talış olmasının da fərqinə varan yox idi. Heç o da bizim türklüyümüzün fərqinə varmazdı. Bir doğma insan kimi, əziz qardaşımız kimi, öz evinə gəlirmiş kimi Dədəlidəki (Xaçmaz) evimizə gələrdi, gedərdi.

Çox istiqanlı idi Səfayıl. Bizimlə qaynayıb-qarışmışdı. Biz də onu qardaşımızdan ayırmazdıq. Elə böyük qardaşımızın gəlişinə sevindiyimiz qədər onun da gəlişinə sevinərdik.

Səfayıl bir talış idi. Onun bizdən fərqi yalnız bu söz qədər idi. Səfayılın istiqanlılığı, bizə qaynayıb-qarışması talışlar haqqında xoş təəssürat yaradırdı.

Ötən əsrin 70-ci illərindən danışıram. Yəni o zamandan bəri harda talış görsəm ona Səfayıl qardaşımıza baxdığım gözlə baxır, eyni sıcaqlıqla qəbul edirəm.

Bu gün də belədir. Talışları əzizlərim, doğmalarım bilirəm həmişə.

Amma ki, bəzi şəxslər məni az qala talış düşməni elan ediblər. Müxtəlif adlar yapışdırırlar. Haqqımda olmazın iftiralar tirajlayırlar və iddia da edirlər ki, talışların düşməniyəm.

Səbəbi nədir? Səbəbi odur ki, sadəcə Əlikram Hümbətov və onun kimilərinə rəğbət bəsləyənlərə qarşı barışmazam!

Yəni mənim davam, küskünlüyüm və barışmazlığım talışlara qarşı deyil, talış adı altında bölücülük edən, Azərbaycana xəyanət yolu tutan və hətta Ermənistanla, ermənilərlə açıq işbirliyi içində olanlara qarşıdır.

Bugünlərdə də mənə qarşı hücumlar başlayıb. Bəzi özünübilməzlər yenə də iddia edir ki, mən talış düşməniyəm. Səbəb də budur ki, bu yaxınlarda dünyasını dəyişmiş şair Əli Nasirin məzarı başında gözə dəyən “bayraq”la bağlı tənqidi fikirlərimi dilə gətirmişəm. “Bayraq” dedikləri də bölücü xain Əlikram Hümbətovun başının üzərindən asdığı bez parçasıdır. Məni tənqid edənlər deyir ki, bu, Talış Mədəniyyət Mərkəzinin bayrağıdır.

Elədirmi? Ola bilər. Bəs onda Vətən xaini Əlikram niyə o rəmzdən istifadə edir? Niyə ona təpki göstərmir bu Talış Mədəniyyət Mərkəzi?

Ümid etmək və inanmaq istərdim ki, doğrudan da talışların maraq və mənafelərini qoruduqlarını iddia edənlər bu məsələyə mütləq aydınlıq gətirəcək, Əlikram kimilərdən məsafə saxladıqlarını əməllərində göstərəcək. O zaman təklif edilən rəmzlərə biz də sayğıyla yanaşacağıq.

Əks təqdirdə bu durum Türkiyəni bölməklə, qana bulamaqla məşğul olan terrorçu PKK-nın əməlinə çox bənzəyir.

Onların da bir bez parçası var. Bayraq deyirlər. Həmin bez parçası kürdlərin bayrağı kimi təqdim edilir və PKK-ya bağlılığı şübhə doğurmayan HDP onu sağa-sola təbliğ edir. Toxunan olanda da deyir ki, kürd xalqının rəmzidir. Yəni istəməzdim ki, bizim əziz qardaşlarımız olan talışların adından da belə əməllər törədilsin.

Ümumiyyətlə talışlara münasibətimə gəlincə, yəqin bu məsələ hər kəs üçün maraqlı olar. Açıq deyirəm, mən heç zaman onları özümdən – özümüzdən ayrı görmədim, sanmadım. Talışlar da hər birimiz kimi Azərbaycanın bərabərhüquqlu, layiqli vətəndaşlarıdır. Onlar buranın aborigen xalqlarından olmaqla bütün tarix boyu Azərbaycan uğruna can da qoyublar, qan da töküblər.

Tarix öz yerində, günümüzdə də talışlar heç bir ayrıseçkilik qoymadan, özlərini yad saymadan Qarabağda səngərdə keşik çəkir, xalq təsərrüfatının ayrı-ayrı sahələrində rahat şəkildə işləyir, parlamentdə, hökumətdə təmsil olunur. Yəni bu insanlar bu ölkənin yabançıları deyil, hər birimiz kimi tam hüquqlu sahibləridir.

Bəzi qüvvələr bəzi obyektiv gerçəklərə dayanaraq talışların ayrıseçkiliyə məruz qaldığını iddia edir. Deyirlər ki, ana dilimizdə məktəb istəyirik. Mədəniyyətimizi, adətlərimizi yaşatmaq istəyirik. Talış dilində dərslik istəyirik. Medianın talış dilində olmasını istəyirik.

Bütün bunları istəməkdə haqlıdırlar. Təbii ki, Azərbaycan Konstitusiyası bu haqları hər bir vətəndaşımıza, o cümlədən talışlara tanıyır. Onda problem nədir? Problem budur ki, bəzi məsələlərin həllində çətinliklər var. Obyektiv çətinliklər. Bununla belə düşünürəm ki, dövlət baba o çətinliklərin tez bir zamanda həlli üçün çalışmalıdır.

Bunu mən də istəyirəm. Bəzi şəxslərin talış düşməni elan etdiyi Azər Həsrət olaraq mən də talışların öz etnik adət-ənənələrinin, dilinin, mədəniyyətinin yaşadılması üçün əlavə tədbirlərin görülməsini istəyirəm. Özü də Azərbaycan dövləti tərəfindən, ən yüksək səviyyədə.

Burada bir daha vurğulamaq istərdim ki, əgər obyektiv səbəblərdən hansısa problem həllini tapmırsa, bu, talışlara və ya hansısa başqa etnik qrupa qarşı dövlətin ayrıseçkiliyi deyil. Mən bir türkəm və hər kəs əmin olsun ki, problemlərim talışlarınkından az deyil. İndi buna görə dövlətin şəxsimə qarşı ayrıseçkilik etdiyi iddiasınımı dilə gətirməliyəm? Əsla!

Belə düşünürəm ki, talışlara qarşı ayrıseçkilik olduğunu iddia edənlərin çoxu, əslində talışları təcrid etməklə məşğuldur. Bu adamlar yeri gəldi-gəlmədi talışlığı vurğulayır, sanki nəyisə sübut etmək istəyir. Bunlar olmayan yerdən iddia edir ki, ölkədə talışlara ikinci növ insan kimi baxılır.

Bəzi başqa etnik qrupların adından danışdığını iddia edənlər də eyni cür davranır. Halbuki Azərbaycan bütün Azərbaycanlılar üçün eyni dərəcədə doğma, əziz Vətəndir. Burada heç bir vətəndaş etnik kökəninə görə dəyərləndirilmir. Azərbaycan elə bir dövlətdir ki, insanlar əməllərinə, bacarıqlarına görə dəyərləndirilir. Düzdür, bəzən bu yanaşmada da pozuntular olur. Amma o da etnik kökənə görə deyil.

Uzun sözün qısası, mənim üçün bu dövlətin vətəndaşı Azərbaycanlı adı altında birləşir. Mənsub olduğum türk milləti də, talış, ləzgi, avar, tat, kürd, qırızlı, saxur, inqiloy, udi və ümumiyyətlə Azərbaycanla vətəndaşlıq bağı olan hər kəs mənim üçün eyni dərəcədə əzizdir. Ta ki, bu dövlətə arxa çevirib düşmən səfində yer tutmasın.

Yenidən mərhum Əli Nasirin məsələsinə qayıdıram. Bəzi fəallar iddia edir ki, Azərbaycan mediası onun ölümünə layiqli yanaşmadı. Yəni Əli Nasir böyük Azərbaycan şairidir, milli azadlıq hərəkatının fəallarından olub, daha yüksək diqqətə layiqdir. Bunu qəbul edərdim. Amma məsələ ondadır ki, bizi ittiham edənlərin özləri Əli Nasiri böyük Azərbaycanlı olmaqdan çəkindirib bir əyalət, bir etnik qrup şairi və fəalı səviyyəsinə endiriblər. Elə onun məzarı başındakı çıxışlarda, haqqında yazılanlarda da adını çəkəndə “talışın böyük şairi”, “talışın böyük oğlu” ifadələri gen-bol tirajlanır. Bunda bizim günahımız varmı? Şəxsən mənim heç bir günahım yoxdur.

Bir də bu adamlar bizim Turan bayrağımıza irad bildirirlər. Yəni tutarqa kimi. Deyirlər necə olur ki, sizin Turan bayrağınız əziz olur, bizim talış bayrağımız xoşunuza gəlmir?

İzah edirəm. Turan bayrağı dediyimiz bölücü deyil, birləşdiricidir. Heç kimsənin haqqına qarışmır, heç kimsəni təcrid etmir.

Talış bayrağı kimi təqdim edilən rəmz isə, yuxarıda da qeyd etdiyim kimi, bölücü Əlikramın başının üzərində dalğalanır, onu məhz Azərbaycana qarşı olanlar sağa-sola təbliğ edir. Təbii ki, belə olan halda münasibətsiz qala bilmərik. Azərbaycanı bölmək istəyən kim olursa olsun, onun istənilən rəmzi bizim üçün yaddır, qəbuledilməzdir!

Məncə, talışların təəssübünü çəkdiyini iddia edənlər bu kateqoriyadan olan vətəndaşlarımızı təcrid yolundan əl çəkib inteqrasiya yolunu seçməlidir ki, əlavə suallar yaranmasın. Etnik bölgəçilik insanları yalnız təcrid etməyə yarayar. Bizsə istərdik ki, hər bir insanımız Azərbaycanlı olsun. Türk də, talış da, ləzgi, tat, avar və başqaları da özünü tam olaraq Azərbaycanlı hiss etmədikcə, Azərbaycanlı kimi və Azərbaycan üçün davranmadıqca problemlər qaldıqca qalacaq.

Mənim bir tələbə dostum var. Talışdır. Adı Kamaldır. Texnikumda birlikdə oxumuşuq. Bakıda yaşayır, işləyir. Canıyla, qanıyla Azərbaycana bağlı insandır. Bir-birimizi əziz, doğma qardaşlar kimi çox istəyirik. İmkan olduqca əlaqə saxlayırıq, birlikdə çay içib söhbət edirik. Bu adam heç bir zaman özünü bizdən fərqli və yad hiss eləmir. Elə mən də onu fərqli və yad hiss eləmirəm. Yəni onun talış, mənim türk olmağım bizim dostluğumuzu əngəlləmir. Necə ki, qardaşımın dostu Səfayılla ailəmizin yaxınlığında heç zaman suallar yaranmırdı, Kamalla mənim dostluğumda da suallar yaranmır…

Azər HƏSRƏT

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın