Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Kommunistlərin idarə etdiyi krallıq – İsveç (FOTOLAR – REPORTAJ)

Kommunistlərin idarə etdiyi krallıq – İsveç (FOTOLAR – REPORTAJ)

Bu ölkə təkcə təbiətinə görə yox, cəmiyyətinə görə də cənnətdir

Başlıq heç kəsi şaşırtmasın.  İsveç Krallığına bir neçə kəlmə ilə qısa siyasi tərifi bu cür verdim və burada keç bir şişirtmə, təhrif yoxdur. Sadəcə, başlıqdakı “kommunist” sözü kəlmənin klassik, bildiyimiz anlamında deyil.
Məsələ budur ki, İsveçdə bələdiyyə və icra hakimiyyəti strukturu vahid orqandır və ona “kommun” deyirlər. Şəhərlərin, qəsəbələrin, digər yaşayış məntəqələrinin həyatına, yaşayışına, iş-gücünə, hər şeyinə kommunlar baxır. Kommunda işləyənləri kommunçu da adlandırmaq olar, kommunist də, əsas ad deyil, mahiyyətdir. Mahiyyət isə ondan ibarətdir ki, marksistlərin, leninçilərin 80-90 il ərzində milyonlarla insanın həyatı bahasına qurmaq istədikləri sosail bərabərliyə əsaslanan ideal dövlət modelini İsveçdə, bu şimal krallığında yaşayan, işləyən siyasilər, filosoflar, ziyalılar qurub yaradıblar. Onların yaratdığı kommunlar dünyanın ən sosialist ölkəsini idarə edirlər.
Dürüst olmayan uğur qazanmır
Kommunlar seçki yolu ilə formalaşır. Xalq öz idarəedicilərini birbaşa seçir. Hər hansı bir seçki məntəqəsində bir bülletenlik də olsa hiyləyə, saxtakarlığa yol verilməyən seçki kampaniyasının sonunda hansı partiya (istər xrsitian-demokratlar olsun, istər solçular, sağ mərkəzçilər, mühafizəkarlar, hətta trotskiçi sosialistlər) qalib gəlirsə-gəlsin, dövlətin sosial yönümlü siyasəti dəyişmir. Kral isə simvolik hakimiyyət yiyəsidir.
Kommunların sərəncamında böyük maddi baza, maliyyə resursu, daşınan və daşınmaz əmlak var. Məsələn, Stokholmun Sollentuna rayonunun kommununa məxsus inzibati bina öz əzəməti və görünüşü ilə ölkəmizin Prezident Sarayına çox oxşayır.
Kommunlar gerçəkdən də öz məmurlar, zəhmətkeşlər korpusu ilə xalqın xidmətindədir. Heç ola bilməz ki, vətəndaş hansısa problemi ilə bağlı kommuna müraciət etsin və o müraciətə baxılmasın, tələblər təmin edilməsin. Mümkün deyil. Bu sistemdə rəhbərlər vaxtaşırı olaraq, öz tabeçiliklərində olanlara və xalqa hesabat verirlər. Hər kronun necə, hara, nə vaxt və niyə xərcləndiyi barədə şəffaf hesabatlılıq var. Məmurların korrupsiyaya qurşanmaq şansları hipotetik olaraq qalsa da, praktiki olaraq mümkün deyil, qısa bir müddətdən sonra ifşa qaçılmazdır. Bunun rüsvayçılıqla işdən qovulmaq kimi kədərli perspektivi də var. Hansısa partiyanın yüksək mənsəbli məmur üzvünün adının korrupsiya qalmaqalında, yarıtmazlıqda hallanması, mütləq həmin partiyanın seçkidə məğlubiyyəti ilə nəticələnir.
İsveçlilər – tələbkar cəmiyyət
İsveç cəmiyyəti çox tələbkardır. Onlar dövlətə vergi ödəyirlər və toplanmış vəsaiti xərcləyən məmurları lazımınca işlətməyi bacarırlar. Heç kəs xalqın haqlı tələblərini qulaqardına vura, ona məhəl qoymaya bilməz. Dövlət, hökumət, parlament və kommunlar xalqın rahatlığı, rifahı, inkişafı üçün çalışmalıdırlar.
Kommunlar uşaqların, gənclərin tərbiyəsinin, təhsilinin, məşğulluğunun qayğısına qaldıqları kimi qocaların da qayğısına qalırlar. Qocalar üçün inşa edilmiş ev modern pansionata, sanatoriyaya oxşayır və onun personalı ahılların bütün problemini yüksək diqqətlə həll edirlər.
Tunellər, körpülər, meşələr, göllər şəhəri – Stokholm
Stokholm dünyanın ən böyük şəhərlərindən biridir. Bəlkə də ərazisinə görə Stokholma çatan şəhər az-az tapılar. Bu şəhərin yaşayış məntəqələri bir-birindən aralıdır. Onları 100-dən artıq metro stansiyası birləşdirir. Şəhərin bir başından o biri başına getmək üçün 2 saata yaxın vaxt lazımdır.
Şəhərin ortasında elə meşələr və parkalr var ki, yol gedən adamın qabağına ceyran-cüyür çıxa bilər. Bir yerdə hətta enli meşə zolağının avtobana dirənən hissəsini hasarlayıblar ki, ceyranlar nəqliyyatın sürətli hərəkət etdiyi yola çıxıb tələf olmasınlar.
Baltik dənizinin bir hissəsi Stokholmun ortalarına qədər gəlib. Dünya okeanına çıxışı olan bu su hövzəsi  gölə oxşayır və isveçlilər Baltik dənizini göl adlandırdıqları kimi həmin hövzəni də göl sayırlar.
Ola bilsin ki, başqa şəhərlərdə daha uzun və enli tunellər var, ancaq Stokholmdakı tunellərin bəzilərinin uzunluğu 4 kilometrdən artıqdır. Hətta belə bir layihə var ki, yaxın vaxtlarda 25 kilometrlik bir tunelin inşasına da başlanılacaq və o tunelin bir hissəsi yuxarıda söz açdığım su hövzəsinin – dənizin quruya girmiş hissəsinin altından keçəcək.
Stokholmda körpülər çoxdur. Bəziləri o qədər uzun və hündürdür ki, dəniz sahilində durduğun vaxt, göyün bir qatı ilə hərəkət edən metro qatarlarını görərsən. Bu şəhərdə metro təkcə yerin dibi ilə getmir, arada göyün üzünə də qalxır.
İstirahəti, tətili, səyahəti sevən isveçlilər
Dünyanın ən çox səyahətə çıxan insanları sırasında isveçlilər də var. Onlar planetin bütün gözəl və ekzotik guşələrinə səyahət etməyi sevirlər. Aztəminatlı insanlar belə nə düzgün qidalanmalarından vaz keçərlər, nə də dünyanı dolaşmaqdan, yaxud Türkiyənin, Yunanıstanın, İspaniyanın kurort şəhərlərində dincəlməkdən. 75-80 yaşlı təqaüdçülər də qənaət etdikləri vəsaitlə mütləq yayda və qışda tətilə, səyahətə gedirlər.
Mövsümi tətillərdən başqa isveçlilər həftə sonlarını,eləcə də işdən sonrakı asudə vaxtlarını mütləq fəal istirahətə sərf edirlər. Onların həftənin 5-ci günündən başlayan qısamüddətli əyləncə və istirahət proqramları yeni iş həftəsinin başlanmasına səkkiz saat qalana qədər davam edir. Həftəsonu istirahətlərini səmərəli keçirmək üçün isveçlilərin geniş imkanları var. Məsələn, Baltik dənizində gəmi turuna çıxmaq isveçlilərin sevimli istirahət növüdür. Şəhərin içindəki və kənarındakı meşələr, parklar və göllər də bütün uyğun infrastrukturu ilə onların sərəncamındadır. Avtomobillərinin arxasına karavan bağlayıb istirahətə gedənlər də çoxdur.
İsveçlilər də hollandlar kimi fanatik velosiped həvəskarıdır və ailədə hər kəsin bahalı velosipedi var. Onların velosipedlə uzun məsafə qət etmək üçün xüsusi yolları və yerləri də mövcuddur.
Çoxmərtəbəli binaların əksəriyyətinin yuxarı mərtəbələrində saunalar fəaliyyət göstərir. Bina sakinlərinə qulluq edən saunalarda növbəni kompüterlə tuturlar. Sonra hər kəs öz vaxtında açarını götürüb saunaya daxil olur, özünü isti buxarın altına verir. Hər yaşayış məntəqəsində idman-sağlamlıq kompleksləri işləyir. Bu komplekslərdə 7-8 yaşlı uşaqdan tutmuş 80-85 yaşlı ahıllara qədər hər yaşdan adam görmək olar.
İsveçlilər nə yeyib-içir?
Stokholmun bir sıra supermarketlərində olarkən fikir verdim: dünya üzərində o naz-nemət yoxdur ki, şəhərin supermarketlərində olmasın. Burada ən ekzotik meyvələri, tərəvəzləri tapmaq olar – həm də hər çeşidindən.
İsveçlilər canlarının qədrini bilən camaatdır, keyfiyyətsiz ərzağa yaxın durmazlar. Əgər bir səbət yumurtanın, pomidorun, xiyarın cəmi bircəciyi əzilibsə, səbət bütövlükdə zibil qabına atılır və iş bununla bitmir, həmin atılmış ərzağı tamamilə presləyirlər ki, istifadəsi mümkün olmasın.
Supermarketlərin birində şüşəli soyuducunun vitrinində düzülmüş hazır toyuqlar gördüm, üstlərinə İsveç dilində sözlər yazılmışdı. Soruşdum, məlum oldu ki, həmin toyuqlardan biri yalnız qarğıdalıyla bəslənmiş toyuq növünü “təmsil edir”, digəri yarma və sair yemlə qidalanıb.
Kartoflar da çeşid-çeşid idi, tez bişəni, bir az gec bişəni, bişəndə çox əziləni ayrıca satılır. Bundan başqa, bənövşəyi rəngli kartofların ekoloji təmiz məhsul olduğu qeyd olunmuşdu və onun qiyməti o birilərdən 1-2 kron artıq idi.
İçkiyə gəlincə, isveçlilər məşhur ifadə ilə desək, sovet sənayesinin istehsalı olmayan hər şey içirlər, daha çox isə pivə və viski. Spirtsiz içkilərdən isə İsveçin suyu can dərmanıdır. Onlar bu suyu qaynatmadan içirlər.
Stokholm camaatı nə geyinir?
 
Bu şəhərdə hər kəs fəslə uyğun cins şalvar, qalın gödəkçə, idman ayaqqabısı, ya da enli və qalın platformalı çəkmə geyinirlər. Bir də görürsən, gödəkçəni çıxarırlar və məlum olur ki, onlar altdan ya yüngül yay tişortu geyiniblər, ya da payız sviteri-filan. Halbuki bayırda şaxta var. Görünür, isveçlilərin bu cür geyimi qapalı məkanların, binaların yaxşı qızdırılması üzündəndir. Altdan-üstdən qalın geysələr təntiyərlər.
İsveçlilər dəridən olan geyimləri də prinsipial olaraq sevmir və geymirlər. Nadir hallarda dəri pencəkli adama rast gəlmək olar.
Bununla belə, geyimlər bizim standartlarla müqayisədə çox bahadır. Məsələn, cins köynək hər yerdə 90 avroya təklif olunurdu. Köynək adi cins parçadan olsa da, “LeviS” markasının olunca, qiymət bu cür olur. İstehsalçı şirkətin adı hər şeyi həll edir. Ya Çin malı İsveçə varid olmayıb, ya da elə yerlərdədir ki, bizə rast olmadı. Ticarət mərkəzlərində yalnız brend markalar satılır. Bahalıq bu üzdəndir. Ancaq bu, yerli camaatın vecinə də deyil. Onlar bahalı qidalardan, bahalı əyləncə və istrahətdən vaz keçmədikləri kimi, bahalı geyimlərdən də imtina etmirlər. Çünki qazancaları kifayət qədərdir. Yaxşı işləyirlər, çox qazanırlar, gen-bol xərcləyirlər.
Bəs işsizlər?
Dünyanın bütün firavan ölkələrində olduğu kimi, İsveçdə də işsizlər var. Deyilənə görə, bu, əmək qabiliyyətli əhalinin 10 faizini təşkil edir. Onların arasında ixtisasına uyğun iş tapmayan, heç bir ixtisası olmayan və “əqidəli” tənbəllər də var. Sonuncular ərazisində yaşadıqları kommunların ayırdığı az vəsait hesabına yaşayır, əllərini ağdan-qaraya vurmamağı üstün tuturlar.
Kommunlar işsizlərin hansısa ixtisasa yiyələnib iş tapmaları üçün onlara dərs keçən məktbələrə külli miqdarda vəsait ödəyir və uyğun iş tapmalarına yardımçı olur. Oturum almış miqrantlar da bu sıradandır. Onların içində intellekti və əməksevərliyi ilə fərqlənənlər çox sürətlə maddi rifahlarını düzəldə, İsveç cəmiyyətinə adaptasiya oluna bilirlər. Ancaq on, hətta iyirmi il Stokholmda yaşayan adamlar da var ki, dövlət dilində adi məişət səviyyəsində zor-bəla danışırlar, bundan artığına gücləri çatmır.
İşsizlərdən söhbət düşərkən düşündüm ki, iş tapmayanlar ən azı təmizlikçi işləyə bilərlər. Ancaq tezliklə məlum oldu ki, bu sektora hər adamı, xüsusilə də gəlmələri götürmürlər. Çünki bu yüksək qazanclı işdir. Təmizlikçilər ayda 5-6 min avro pul qazanırlar. Onların işinin adı “qara iş” kateqoriyasına düşsə də, əslində əl əməyi azdır, hər şey avtomatlaşdırıb və işçilər o qədər də zir-zibil içində eşələnmirlər.
Gerçəkdən də şəhərin mərkəzində təmizlik işində çalışanlardan yeddi-səkkizini bir arada gördüm. Onların hamısı ucaboy, cantaraq, vikinq görkəmli şəxslər idi, içində gəlmələr yoxuydu.
Gəlmələrin durumu
Gəlmələrə xüsusunda İsveçi “bala Amerika” və ya “kiçik Almaniya” adlandırmaq olar. Ona görə ki, dünyanın dörd bir yanından axışıb gələnlərə həvəslə qucaq açan ölkələrin ilk beşliyində İsveç də var. İsveç cəmiyyəti gəlmələrin potensialı ilə özünü zənginləşdirən ölkədir. Bu saat ölkə idmanının simvol ismi olan Zlatan İbrahimoviç gəlmə olsa da, hər kəsin dilində-ağzındadır. Bakıda keçirilən “Erovision -2012” yarışmasının qalibi Loren də gəlmədir, amma bu ona musiqi sahəsində böyük uğur qazanmasına mane olmayıb. Siyasi arenada da gəlmələrin uğuru nəzərəçarpandır. Onların arasında deputat, nazir olanlar var.
Bu yaxınlara qədər İsveçdə gəlmələrə xor baxılmasa da, artıq Suriya və Əfqanıstandan gələnlərin sayı və mədəni səviyyəsi xüsusunda cəmiyyət narahatlıq içindədir.
Onların İsveç cəmiyyətində yer tutması xeyli problematik olacaq. Əslində 7-8 ildir ki, İsveçə axışanların çoxluğu üzündən bu sahədə çətinliklər meydana gəlib. Oturum alanlar çox əziyyət çəkiblər. Məsələn, qəzetimizin sabiq əməkdaşı Rahib Kazımlı ilə Stokholmu gəzərkən, azı yeddi yerdə o, “bax, o binada 5 ay (1 il, 2 il, 3 ay, 4 il) yaşamışam” kimi ifadələr eşidirdim. Axırda soruşdum ki, Stokholmda təxminən neçə ev dəyişib, Rahib barmağını qatlaya-qatlaya hesabladı və “doqquz” dedi.
Əlbəttə, oturum alana qədərki 5 ildə onun doqquz evi dəyişməsi kefdən olmayıb. Bunun nə qədər məşəqqətli bir prosedur olduğunu yalnız o zilləti çəkənlər bilər.
P.S. Həm təbiətinə, həm də cəmiyyətinə görə cənnət ölkə olan İsveçdən bir neçə məqalə yazmaq azdır, əslində kitab da yazmaq olar. Bu ölkədən çox yazmaq ona görə lazımdır ki, ordan örnək götürüləsi şeylər çoxdur.
Xalid Kazımlı, Stokholm-Bakı

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın