Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Kimdir bu millətin cəlladını bizə qəhrəman kimi sırıyanlar?

Kimdir bu millətin cəlladını bizə qəhrəman kimi sırıyanlar?

Eşitdim, inanmadım. Düşündüm ki, informasiya kirliliyidir yenə də. Ona görə də reaksiya verməyə tələsmədim, bir qədər səbr etdim. Araşdırdım, bəlli oldu ki, yalan deyilmiş!

Azərbaycan xalqının cəlladı, bu xalqa 20 Yanvar 1990-cı il Sovet işğalını yaşatmış Qorbaçov rejiminin Bakıya məsul edilmiş şəxsi Yevgeni Primakovla bağlı gəlişmələri nəzərdə tuturam.

Bəlli olur ki, Rusiyanın Bakıdakı informasiya mərkəzi bu şəxsin 90 illiyi ilə bağlı sərgi təşkil edib. Bu azmış kimi, Bakı Slavyan Universiteti də bu zatı qırıq zatın şəninə esse yarışmasına qatılıbmış! Və bu yarışmada Universitetin tələbələri 1-ci yer də daxil olmaqla “fəxri” yerlər tutublarmış!

Bütün bunlar mənə – 20 Yanvar hadisələrinin iştirakçısına necə təsir etməlidir? Rusiya dövləti niyə bizim emosiyalarımızla oynamaq yolu tutub yenə də? Bəs BSU və onun rektoru Nurlana Əliyeva niyə bu əməldə könüllü rol alıb? Bu suallara cavab verilməlidir! Özü də cavabın ardından bu əmələ qatılmış hər kəs uyğun cəzasını almalıdır!

Primakov qatildir! Bunu bilməyən Azərbaycanlı ola bilməz! Yaxud da bunu bildiyi halda o adama bəhbəhlə sərgi keçirən, esse yazdıranlar da şübhəli tiplərdir! Hələ mən Azərbaycan xalqının qatilinin şəninə esse yazan tələbələri də anlamaqda çətinlik çəkirəm! Doğrudanmı bunların ailələrində Azərbaycan xalqının başına gətirilmiş 20 Yanvar müsibətinin mahiyyətini anlayacaq kimsə yoxdur? Doğrudanmı bu gənclərin ata-anaları cəmi 30 il öncə başımıza gətirilənləri belə tezliklə unudublar? Doğrudanmı bu Azərbaycanlı ailələr işğalçıların xalqımızı qanına qəltan etməsini sıradan bir hadisə sanırlar? Və bu ailələr, onların övladları Bakının ən yüksək yerindəki Şəhidlər Xiyabanının məhz Primakovların bizə “bəxşişi” olduğunu bilmirlərmi?

Rusiya dövləti də buna aydınlıq gətirməlidir! Bakıda informasiya-mədəniyyət mərkəzi açmısınız, olsun. Rusiya mədəniyyətini burada təbliğ etmək istəyirsiniz, bu da olsun! Lakin Azərbaycan xalqına bu qədər sayğısızlıq edə bilməzsiniz! Rusiya dünyanın ən böyük dövləti ola bilər, super güc ola bilər! Lakin biz Azərbaycanlılar 20 Yanvar 1990-da olduğu kimi yenə də əliyalın sizin qarşınızdayıq! Siz öz cəlladlarınızı bizim ölkəmizdə təbliğ etmə haqqına sahib deyilsiniz! Siz içində olduğunuz Azərbaycan dövlətinə belə sayğısız yanaşa bilməzsiniz!

Rusiyanın təbliğat uzantılarını başa düşdük. Bəs BSU rektoru Nurlana Əliyeva niyə buna izn və imkan verib? Bəs prorektor Rafiq Novruzov, Jurnalistika fakültəsinin dekanı Şirinbəy Əliyev niyə bu biabırçılıqda həvəslə rol alıb? Bu Azərbaycanlılar niyə 20 Yanvarın üzərindən belə biabırcasına xətt çəkirlər? Biz tələbələrin adını da qeyd edə bilərdik. Etmirik! Çünki onlar ən azından yaşları baxımından nəyisə bilməyə bilərlər. Lakin bu boyda Universitetin rəhbərliyinin bunu bilməməsi, və ya bilərəkdən belə bir işə qol qoyması sual doğurmaya bilməz! O Şəhidlər Xiyabanında yatan Vətən övladlarının qanı tutar adamı, inanın!

Hesab edirik ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələyə biganə qalmamalıdır. Uyğun izahat tələb etməlidir Rusiyadan. Bundan başqa, bütün universitetlərdə ideoloji iş gücləndirilməli, vahid dövlət kursu tətbiq edilməli, rektorların da öz ağıllarınca Primakovlarla bağlı esse yazdırması kimi özbaşınalıqlara son qoyulmalıdır. Milli-ideoloji görüşləri yerində olan insanların universitetlərdə tələbələrlə intensiv görüşlərinə imkan yaradılmalıdır. Universitetlər hansısa yarımqafalı idarəçilərin anti-Azərbaycan fəaliyyəti üçün platsdarm rolunu oynamamlıdır! Təhsil Nazirliyinin də izahatını tələb etmək haqqımızı ifadə edirik. Necə olur ki, bizim kimi insanlar adi bir orta məktəbdə hansısa iş görmək istəyəndə 40 qapıdan keçməli oluruq, xarici dövlətin – Rusiyanın hansısa mərkəzi gətirib bizim tələbələrimizə Azərbaycan xalqının cəlladının şəninə rahat-rahat esse yazdıra bilir? Bu sualların cavabını tək biz deyil, 20 Yanvarı və bütövlükdə Qarabağı heç vaxt unutmayacaq bütün Azərbaycan xalqı gözləyir. Özü də tezliklə!

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …