Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / İdman yarışlarında  idmançılarımızın Azərbaycanın deyil, Türkiyənin bayrağını dalğalandırması doğrudurmu?

İdman yarışlarında  idmançılarımızın Azərbaycanın deyil, Türkiyənin bayrağını dalğalandırması doğrudurmu?

Azərbaycanda keçirilən futbol görüşündən sonra yaşanan hadisə bir jurnalistin dünyasını dəyişməsilə nəticələndi. Hiss olunur ki, ortaya çıxmış jurnalist faciəsini siyasiləşdirməyə çalışanlar da az deyil.

Klublar arasında keçiriləcək cavab oyununda da bəzi təxribatların hazırlanmasına dair sübutlar var. Bu barədə ilk məlumatı  biz vermişik. Bildirilir ki, sosial şəbəkələrdə aparılan maraqlı bir təbliğatın və çağırışın arxasında dayananlar (?) avqustun 20-də Cənubi Kiprdə keçiriləcək təkrar futbol matçına, guya türk dünyasının maraqlarına uyğunmuş kimi, əllərdə kütləvi sayda qardaş Türkiyə Cumhuriyyətinin bayrağının gətirilməsinə nail olmaq istəyirlər. Sosial şəbəkələrdə məlum çağırışı idarə edənlər bunu guya ümumtürk birliyi və təəssübkeşliyi xatirinə edir, əslində isə yunan-türk siyasi ziddiyyətləri üzərində təhlükəli oyun qurmağa çalışır və bunun naminə bütün türklərin, o cümlədən azərbaycanlıların heysiyyəti ilə oynadıqlarının belə fərqinə varmırlar. Bir qədər üzdən yanaşanda milli təəssübkeşlik və ümumtürk həmrəyliyi ilə adi futbol azarkeşliyini “simbioz” etmək istəyənlərin bu hərəkətində qeyri-adi bir şey görünmür. Lakin dərin mahiyyətlərdə bu çağırışların nə idmanın, nə də ümumtürk həmrəyliyinin xeyrinə olmayan təxribat məqsədi daşıdığı aydın nəzərə çarpır.
Əvvəla, Cənubi Kiprin “Apollon” futbolçuları ilə yaşıl meydana çıxanlar Azərbaycan dövlətinin “Qəbələ” futbol klubudursa, o meydançada niyə Azərbaycanın yox, Türkiyənin bayraqları qaldırılmalıdır? Məgər Azərbaycanın öz dövlət bayrağı yoxdurmu?
Yaşanan jurnalist faciəsinin ilki rüşeymi də bayraq məsələsindən qaynaqlanıb. Bu gün cinayətdə adı hallanan futbolçu Cavid Hüseynovun Türkiyənin bayrağını yellətməsi jurnalistlərin marağına səbəb olub. Həmin sualı verəndə Cavidin etdiyi jest jurnalistlərin xoşuna gəlməyib. Mərhum Rasim Əliyev də məhz həmin məqamla bağlı status yazmışdı.
Sonra cərəyan edənlərdən isə xəbərdarıq. Bu xüsusda maraqlı sual yaranır: idmançılarımızın və ya azarkeşlərimizin hansısa zəfəri qeyd edərkən, öz bayrağımız ola-ola, nə qədər yaxın və dost ölkə olsa belə, başqa dövlətin bayrağını dalğalandırmasına ehtiyac varmı?
Azərbaycanla Türkiyənin bir-birinə yaxın və dost ölkə olduğunu hamı gözəl bilir. Ancaq elə məsələlər var ki, diqqətli olmaq lazımdır. Biz bilirik ki, Türkiyə ilə Yunanıstan arasında diplomatik soyuqluq var. Onda niyə onları qıcıqlandıran hərəkətə yol verməliyik? Xüsusilə də cavab oyununda bizi belə təxribatlara çəkə bilərlər. Onların özündə də belə sual yarana bilər: öz bayraqları ola-ola başqasının bayrağını niyə yelləndirirlər? Biz son vaxtlar belə hallara çox rast gəlirik. Zəfəri qeyd edən müxtəlif ixtisas sahibləri özümüzün deyil, Türkiyənin bayrağını dalğalandırır. Bununla heç də Türkiyə dövlətinə qarşı simpatiyamın az olmasını qabartmaq istəmirik. Dövlətçiliklə bağlı incə məqama xüsusilə diqqət yetirilməlidir.
Bayraq hər bir ölkənin ən ümdə simvoludur. Ona görə də birinci öz bayrağımıza sayğı ilə yanaşmalıyıq. Bir ailədə böyüyən iki qardaş ailə-uşaq sahibi olandan sonra onların hərəsinin ayrı evi, təsərrüfatı olur. Dövlət də belədir. Zəfəri qeyd edən müxtəlif ixtisas sahibləri özümüzün deyil, Türkiyənin bayrağını dalğalandırması doğru deyil. Eyni millət olan, lakin müxtəlif adları daşıyan çoxlu sayda dövlət var. Atribut məsələsində incəliyə fikir vermək lazımdır.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın