Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Flora Kərimovadan Əli Kərimliyə cavab: “Demədiyim sözü yozumunuz arzunuzdur, yoxsa böhtanınız?”

Flora Kərimovadan Əli Kərimliyə cavab: “Demədiyim sözü yozumunuz arzunuzdur, yoxsa böhtanınız?”

“Kəramət, çox təəssüf edirəm ki, Allahından bəxşiş verilən fərqli düşüncən lağ-lağa və məsxərələrdə xərclənir”

“Bu sözləri mən demişəm və dediyim hər kəlməmin arxasında iradəmlə dururam”.

Bu sözləri Xalq artisti Flora Kərimova Meydan TV-də yayımlanan müsahibəsi ilə bağlı deyib.

O, “müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət – əsl, əldəqayırma yox – çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır” fikrinə irad bildirənlərə cavab verib.

Flora Kərimova cavab məktubunda yazıb:

“30 illik həsrətimə son qoyulan qalib ölkənin vətəndaşıyam! Alnıaçıq, gözüyaşlı, anasının şəhid oğlu üçün “Vətən sağ olsun!” sözünü deyə biləcəyi qədər qürurluyam! Kütlənin qınağından qorxub həqiqətləri dilinə gətirə bilməyənin vətən sevisinə, cəsarətinə şübhəm var. Sizdən fərqli olaraq “çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var “müxalifətçilik” etməyə! Bu gun siz güclü ordusu olan dövlətdə yaşayıb, tox qarnınızla, səsinizi dünyaya duyura biləcək imkanlarınızla müxalifətçisizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran, bir çorək üçün saatlarla növbə gözləyən, ordusu əli silah görməyən oğullardan qurulan, 11.000 şəhidi, 50.000 qazisi, indiki şəhidlərdən çox itkini olan hakimiyyətin həm iqtidarı, həm müxalifəti olmuşam. Sözünü deməyə nə meydan var idi, nə . Ümidi həftədə bir dəfə 5000 tirajla çıxan 2 qəzetə qalan, 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən tək qadın sənətkaram! Payınızı götürün”.

Xalq artisti onun fikirlərinə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılıya və AXCP sədri Əli Kərimliyə də müraciət edib:

“Arif bəy, sizə hörmətim böyükdür! Ehtimalınız doğrudur. 27 ildə deyil, yüzlərlə düyünlənən ölüm-dirim savaşının 44 günə həll olunmasını gözləmək, olunanlar xaric olunmayan və olunmalıları sadalamaq indiki halda nə dərəcədə ədalətlidir?! Demirəm, siz də kimlərəsə minnətdar olun, edilənlər edənlərin boynunun borcudur və edir!

Əli bəy, müxalifətin, müxalifliyin güvəniləcək simalarını yazmışam. Bu qədər sayğı və təzimin içərisində sizə xoş gəlməyən nə oldu? Təzə ağzı süd qoxuyan, nə bahasına “müstəqiləm” sözünü dilə gətirməyin çətinliyini bilməyən kütləyə deyiləcək sözüm yoxdur. Siz ki məni 1 həftə yox, 1 il yox, İllərdir tanıdığınız halda, nədə suçlayırsınız? Çətinlikləri, aclıqları, təpkiləri, əziyyətləri, qadağaları, sürgünləri, seçki hüquqlarını kimə sadalayırsınız? Kimə tarix səhifələrini və statistikaları göstərirsiniz? Bəlkə nələrsə yadınızdan cıxıb?! Harda və hansı şəraitdə kimlərin üzünə nə dediklərimi məndən yaxşı bilirsiniz! Kimi desəydilər, düşünərdim, amma sizin məni hədəf alacağınız ağlıma gəlməzdi. Demədiyim sözü (Müxalifət olmasın demək, “ailə hakimiyyəti əbədi olsun” deməkdir) yozumunuz arzunuzdur, yoxsa böhtanınız? İqtidara yarınmaqdan, bəhrəsini görməkdən ötrü 25 il gözləyəcək qədər ağılsızmı oldum?! Mən bu millət ücün səsimdən, sənətimdən keçib can qoyanda indiki şəpik cavanların valideynləri sinələrində Leninin nişanı ilə pambıq yığmağa gedirdi. Sizdən böyük müəllimizin silahdaşı olmuşam və varam! Elədiyim də kiminsə “Sağ ol“-u üçün deyil, vicdanım, millətim üçün idi. Sayğılarımla”.

Xalq artisti daha sonra yazır:

“Demişəm, yenə təkrar edirəm, mənim davam torpaq, qürur davası olub, qarın yox! Mənim indiki hakimiyyətdən nə çörəyim gəlir, nə suyum. Müstəqillik dönəmində yalnız bir fəxri adım olub, onu da 1992-ci ildə mərhum Əbülfəz Elçibəy verib! Bu adıma görə də dövlətin 170 manat pensiyasını alıram. Heç kim gözümə baxıb deyə bilməz ki, Flora xırdalandı. Hec kimin məni düşündüyüm və real həqiqət bildiklərimdən daşındırmağa nə gücü çatar, nə də qüdrəti! Heç kim mənə ağa deyil və heç kim mənə başbilənlik edəcək baş deyil!”

Flora Kərimova publisist Kəramət Böyükçölün də fikirlərinə münasibət bildirib:

“Kəramət, çox təəssüf edirəm ki, Allahından bəxşiş verilən fərqli düşüncən lağ-lağa və məsxərələrdə xərclənir.

Dediyim fikri sərsəm qavradınsa, bəlkə yazdığımı başdan təkrar bir də oxuyasan? Sənin sözünlə desək, mən bu yaşıma kimi dözdüm. Sən ayıq başınla neçə yaşına kimi dözə bildin?! Balasını itirməkdən qorxan ana, balası ücün hər çür yola gedər (vicdanı çərçivəsində). Balalarını düşünməyən, ailəsini qorumayan “kişi“ vətəni üçün kimdir?!

Yetim balamdan keçib bu millət ücün varlığımı üyütmədim ki, kimsə gördüyü yuxusunu başının böyüklüyünə görə yozsun. Mən 1992-ci ildə hərbi hospitalda komadakı yaralının altını yuyub təmizləyəndə sən məni acıladığın dilimizə və bugünkü kimliyinə yiyələnirdin. Hələ nə ağlım, nə yaddaşım, nə də təxminlərim məni yanıldıb. Sənə şərh yazanlar yüz yox, yüz min olsa, milyonunuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz!”

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …