Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / AZƏRBAYCANDAN İRANDAKI AKSİYALARA BÖYÜK DƏSTƏK

AZƏRBAYCANDAN İRANDAKI AKSİYALARA BÖYÜK DƏSTƏK

Samir Adıgözəlli: “Biz bütün dünyada yaşayan soydaşlarımızı İranda öz haqları uğrunda etiraza qalxan millətimizin nümayəndələrini dəstəkləməyə çağırırıq”

VHP: “Türkləri yox etmək istəyən fars rejimi anlamalıdır ki, İrandakı 16 milyonluq fars 40 milyonluq türkü assimilyasiyaya məruz qoya bilməz”

İranın bir çox şəhərlərində yerli azərbaycanlılar izdihamlı etiraz aksiyaları keçiriblər. Buna səbəb bu il noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə dair yayılan süjet olub.
Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda keçirilən etiraz aksiyalarında “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar səslənib. Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Saxlananlar var.
Təbrizdə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. “Səhər” Televiziyası isə İranın Teleradio Təşkilatının verilişdə efirə gedən təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəməsi barədə məlumat yayıb.
Teleradio təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, “Fitilə oteli” verilişinin yayımı dayandırılıb və verilişin yaradıcı heyəti cəzalandırılıb. Qeyd edək ki, bu verilişdə azərbaycanlılar təhqir olunub. İranda 3 Azərbaycan təşkilatı, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Azərbaycan Milli Dirəniş Təşkilatı ayrı-ayrılıqda bəyanatlar yayaraq ölkədə irqçiliyə qarşı etiraz aksiyalarının keçirilməsinə dəstək verib.
“GAMAC” təşkilatının sözçüsü Məhsa Mehdili, “GAMOH”un rəhbəri Dr. Mahmud Əli Çöhrəqanlı və “Milli Dirəniş” təşkilatının beynəlxalq işlər üzrə məsulu Kərim Əsğəri noyabrın 8-də açıqlama verərək, İranın dövlət televiziyasında Azərbaycanın türk millətinə edilən təhqirlərə qarşı etiraz aksiyaların və yürüşlərin keçirilməsini dəstəklədiklərini bildiriblər. Bəs bizim ölkədə həmin hadisələrə münasibət necədir? Vətəndaş Həmrəyliyi Partiyası İranda baş verənlərlə bağlı bəyanat yayıb. “Bakı-Xəbər”ə daxil olan bəyanatda bildirilir:

“Noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı komediya verilişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağının təsvir edilməsi fars rejiminin Azərbaycan türklərinə münasibətinin bariz nümunəsidir.
Bir komediya verilişində türklərin bu cür aşağılanması təsdiqləyir ki, farsların türkləri düşünülmüş surətdə aşağılamaq, onlar haqda barbar təsəvvürü yaratmaq çabaları davam etməkdədir. 1925-ci ildə min illik türk xanədanına son verməklə ələ keçirdikləri hakimiyyətin “ari irq” illüziyası – nasistlərin ideoloji dəstəyi ilə qurduğu Pəhləvinin sistemi indi də islam pərdəsi altında fars şovinistlər yürütməkdədir.
Bu, İran kütləvi informasiya vasitələrində ilk belə təhqir deyil. Zaman-zaman türklərin guya şəhərə gəlməklə “insana döndüyü” və yaxud onların hansısa heyvanla müqayisəsi daimi siyasətin – türkləri aşağılamaq, təhqir etmək, onları dövlət idarəetməsindən ayırmaq, təhsilsiz qoymaq siyasətinin tərkib hissəsidir.
Türklərin ana dilində təhsil almasına imkan verməyən, onların dövlət idarəçiliyində iştirakını məhdudlaşdıran, milli varlıq kimi türkləri yox etmək istəyən fars rejimi anlamalıdır ki, İrandakı 16 milyonluq fars 40 milyonluq türkü assimilyasiyaya məruz qoya bilməz. Min il İranı idarə edən, dünyada 150 dövlət, 18 imperiya quran, hazırda dünyada 7 müstəqil dövlətə, 30-dan artıq muxtar quruma sahib 300 milyondan artıq bir etnosu bu şəkildə aşağılamaq İranın sonunu gətirmək deməkdir. VHP olaraq, indiki İran hökumətindən bu aşağılayıcı, təhqiramiz siyasətini dayandırmasını, Azərbaycan türklərinə ana dilində təhsil alması, mədəniyyətini açıq şəkildə təbliğ etməsi üçün şərait yaratması tələb edirik. Çünki bütün bunların olmaması yaxın müddətdə İranın fars rejiminin devrilməsi və İran adlanan bu ərazidə yaşayan xalqların tarixi dövlətlərini bərpa etməsi ilə nəticələnəcək”.
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli də qəzetimizə açıqlamasında İranda yaşananları kəskin tənqid etdi: “Bu açıq-açığına həmin dövlətin aparıcı etnosuna qarşı təxribatdır. Biz dəfələrlə bəyan etmişik ki, həmin ölkədə din pərdəsi altında insanlar təhqir edilir, vətəndaşlar elementar hüquqlarından belə mərhum olublar. Azərbaycan türklərinə öz dilində oxumağa imkan vermirlər. Bu azmış kimi, indi də bir milləti açıq formada təhqir edirlər. Təbii ki, biz bir təşkilat olaraq, İran televiziyasında yayılan həmin süjeti uca millətin adına xəyanət kimi qəbul edirik. Bu əmələ görə İran dövlətinin bütün türk millətindən üzr istəməsini istəyirik. Biz bütün dünyada yaşayan soydaşlarımızı İranda öz haqları uğrunda etiraza qalxan millətimizin nümayəndələrini dəstəkləməyə çağırırıq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın