Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Abid Şərifovun məsələsi böyüdü

Abid Şərifovun məsələsi böyüdü

Baş nazirin müavini jurnalistlərə kobud cavab verdiyinə görə hakimiyyətin də qınağına tuş gəlib; iqtidar vitse-premyeri Mətbuat Şurasının dili ilə qınadı…

Baş nazirin müavini Abid Şərifovun yanan bina ilə bağlı ona sual verən jurnalistə kobud cavab verməsi məsələsi böyüyüb. Dünən bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov A.Şərifova yazılı müraciət edib. Müraciətin əvvəlində MŞ sədri Azərbaycanın müstəqillik yolunda getdiyi yol barədə xatırlatmalar edib və Azərbaycan dövlətinin daxili siyasətində medianın rolunu vurğulayıb: “Bu siyasətdə yönümündən, mövqeyindən asılı olmayaraq heç bir kütləvi informasiya vasitəsinə fərq qoyulmur.

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, media ilə bağlı siyasət yalnız daxili mahiyyət daşımır. Həssaslığı ilə seçilən sahə demokratik inkişafın vacib atributu sayılan söz və ifadə azadlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, bütövlükdə mütərəqqi dünya ictimaiyyətinin bəyan etdiyi başlıca prinsiplərdəndir”.
MŞ sədri daha sonra A.Şərifovun son olayda sərgilədiyi mövqeni də təhlil edib: “Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək də ümumi işə fayda baxımından önəmlidir. Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllim, kifayət qədər idarəçilik təcrübəniz var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirirdiniz. Münasibətinizin dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğunuz qənaətindəyik”.
Ə.Amaşov daha sonra müasir jurnalistikanın durumuna da toxunub. Yazıb ki, jurnalistikamız kifayət qədər peşəkar deyil, ixtisaslaşma səviyyəsi zəifdir, digər problemlərimiz də var: “Nəticədə bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualın qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar mavi ekrandan ölkənin baş nazirinin müavininin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcədə razı qaldılar, təbiidir ki, cavabınıza münasibət heç də birmənalı ola bilməz”.
“Dünyada vəzifəli şəxslərin jurnalistlərlə davranışı ilə bağlı bir sıra örnəklər mövcuddur” deyən MŞ sədri həmçinin vurğulayıb ki, dövlət məmuru jurnalistə qeyri-ciddi şəkildə yanaşmır, hətta ən çətin və anlaşılmaz suallar qarşısında belə nəzakət göstərərək vəziyyətin ictimai mahiyyətini düşünür, təmkinini qoruyur:“Hörmətli Abid müəllim, demokratik inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan Respublikasında da bu cür örnəklər kifayət qədərdir və belə örnəklərin sayının daha da artması arzulanandır. Mövcud prosesdə həm ictimai institut kimi medianın, həm də dövlətin rolunun yüksəlməsinə ehtiyac var. Uzun müddət mühüm dövlət postundakı səmərəli fəaliyyətiniz, jurnalistlərin Sizdən olan gözləntilərini hər zaman doğrultmağınız məktubumuzda göstərilən məsələlərə həssas yanaşacağınıza, fikir və düşüncələrimizi səmimi qarşılayacağınıza əminlik yaradır. Sizə Azərbaycanın daha da çiçəklənməsinə yönələn işlərinizdə uğurlar arzulayırıq”.
Redaksiyamıza daxil olan məlumata görə, hökumət dairələrində A.Şərifovun mediaya, dolayısı ilə cəmiyyətə münasibətdə bu cür sayğısız davranışı, açıqlaması ciddi narahatlıq doğurub. İndiki həssas dönəmdə hansısa məmurun ciddi bir olaya lağlağı səviyyəsində yanaşması olayların rəngini daha da tündləşdirib. Bu mənada MŞ sədrinin açıqlaması eyni zamanda bu aqressiyanın qarşısını almağa, eləcə də hakimiyyət-media münasibətlərinə başqa rakursdan yanaşmağa xidmət edir.
Amma “Yeni Müsavat” xatırladır ki, A.Şərifov sözügedən bəyanatdan öncə öz səhvini düzəltməyə çalışıb. “Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediyaya çevirirsiniz, şou düzəldirsiniz”, – deyə Abid Şərifov report.az-a açıqlamasında bildirib.
Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil: “Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər, bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz edin. Allah sizi sağ-salamat eləsin”.
Hadisənin “qəhrəman”ı, a24.az saytının əməkdaşı Amid İsbəndərov isə olke.az-a açıqlamasında A.Şərifovla aralarında yaranmış bu situasiyanı belə şərh edib: “Bəzən belə vəziyyətlər olur. Ola bilər ki, gərginlikdən Abid müəllimin əsəbləri dözməyib sözügedən ifadələri işlətdi. Fikir verdinizsə, orada mən növbəti sualı vermədim. Yəni istəmədim bu məsələ söz mübahisəsinə çevrilsin. Bir sözlə, bu məsələ haqda çox yazıldı, çox danışıldı. Amma sualı verəndə məqsədim bu deyildi. Hər halda, bütün fikirlərə hörmətlə yanaşıram. İndi elə bir məqamdır ki, hər kəsin əsəbləri yerində olmaya bilər. Bu da təbii ki, başadüşüləndir. Şükürlər olsun ki, ölkə başçısının rəhbərliyi ilə yanğın zamanı xəsarət alan, yaxınlarını, evini, əmlakını itirən şəxslərə dövlət tərəfindən bütün yardımlar olunur. Mən də bir jurnalist kimi bu hadisə barədə ictimayyəti obyektiv şəkildə məlumatlandırmağa davam edəcəyəm”.
“Yeni Müsavat” məlum bəyanata A.Şərifovun münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb. Baş nazirin müavini “yanımda müşavirə var, danışa bilmərəm” deyərək, suallara cavab verməyib.

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın