Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Tramp uydurma “erməni genosidini” əslində tanıdı, inanmırsız?

Tramp uydurma “erməni genosidini” əslində tanıdı, inanmırsız?

Ziyanlı 24 aprel ənənəsindən imtina olunacağını gözləyirdik, lakin…

Bütün türk dünyasında olduğu kimi, biz azərbaycanlılar da aprelin 24-də sevindik ki, prezident Tramp ABŞ prezidentlərinin ənənəvi 24 aprel bəyanatında “erməni genosidi” ifadəsini işlətmədi. Əcəb sevinc və qürur mənbəyi tapmışıq. Bu sevincə onunla haqq qazandırırıq ki, cənab Tramp ermənilərin gözləntisini gözlərində qoydu və ermənilər “genosid” ifadəsi eşitmədiklərinə görə məyus qaldılar. Bunlar məsələnin yalnız formal tərəfləridir. Mahiyyətə varanda isə çıxan əsl həqiqət budur: nə bizlərin sevinməyi doğrudur, nə də ermənilərin məyus görüntüsü həqiqi reallıqdır. Cənab Trampın 24 aprel bəyanatında ermənilər üçün ümidverici və sevindirici detallar daha çoxdur, nəinki bizlər üçün. Bizləri və bütün Türk dünyasını məyus etməli olan məqamlar daha çox idi həmin bəyanatda…
Doğrudur, ABŞ-dakı son prezident seçkilərində erməni diasporu Trampa əks mövqe tutdu və belə demək mümkünsə, Trampın prezident seçilməsində ermənilər haqq-say sahibi ola bilmədilər. Ancaq bunlar Trampın 24 aprel bəyanatında bütün Türk dünyasının ziyanına və ermənilərin mənafeyinə “böyük məbləğdə bank depoziti” kimi işləyən məqamları görməməyə əsas vermir. Bəli, məhz “bank depoziti”…
Əvvəlcə cənab Trampım məlum bəyanatındakı bəzi fikirləri yada salaq: “Biz 24 apreldə XX əsrin ən dəhşətli kütləvi vəhşiliklərinin birində ziyan çəkmiş insanların xatirəsini yad edir və dəyərləndiririk. Tarixin bu çirkin səhifəsi üzərində düşünərkən biz həmçinin erməni xalqının dəyanətini etiraf edirik”. ABŞ prezidentinin digər fikirlərini bir kənara qoyaraq tək bu iki cümləni ard-arda təhlil etmək kifayətdir ki, onların arxasında bütün Türk dünyası üçün illər sonraya hazırlanmaqda olan dəhşətli mətləbi görmək mümkün olsun. “XX əsrin ən dəhşətli kütləvi vəhşiliklərinin birində ziyan çəkmiş insanlar” fikrindən sonra “biz həmçinin erməni xalqının dəyanətini etiraf edirik” sözlərini işlətmək elə məhz “genosid” sözünə işarə etmək demək deyilmi? Özü də məhz ermənilərin genosidə məruz qaldıqlarına vurulan eyham deyilmi? Bundan sonra “erməni genosidi” sözlərini formal olaraq işlədib-işlətməməyin bir fərqi qalırmı? Cənab Tramp “XX əsrin ən dəhşətli kütləvi vəhşiliklərini” xatırlayanda niyə məhz tək Birinci Dünya müharibəsində, özü də qardaş Türkiyə ərazisində baş vermiş vətəndaş müharibəsi reallıqlarına, üstəlik yarımçıq şəkildə əsaslanır? Həmin vətəndaş müharibəsində yüz minlərlə türkün, kürdün və digərlərinin məhv olması faktına Trampın göz yummasını kimin ayağına yazaq?

Bəlkə də Tramp tarixçi olmadığı üçün o zamankı hadisələrə bələdçiliyi yoxdur. Bəs onun həmin çıxışının mətnini hazırlayan köməkçi və müşavirləri nə düşünüb? Təminat vermək olarmı ki, Tranpın çevrəsində uydurma “erməni genosidi”nin gizli lobbiçiləri yoxdur? Cənab Trampın XX əsrin daha dəhşətli vəhşilik və qətliamlarını yada salmaması da suallar doğuran məsələlərdən biridir. Bəs İkinci Dünya müharibəsi vaxtı törədilmiş vəhşiliklər və qətliamlar niyə xatırlanmır? Trampın XX əsrdə ancaq Türkiyədə baş vermiş hadisələri xatırlayaraq məhz erməniləri “əziz-xələf” və “zərərdidə” xalq kimi gözaltı etməsinin bəlkə başqa nədənləri var? Bəlkə uydurma “erməni genosidi”nin dünyada haqsız olaraq tanınma prosesinin ilk halqasının ABŞ tarixi ilə bağlı olması kimi çirkin bir fakt burada rol oynayıb? Təkzibedilməz bir faktı yada salaq ki, dünya tarixində uydurma “erməni genosidi”ni ilk dəfə 1895-ci ildə ABŞ-ın Luiziana ştatının parlamenti konqresmen Nyuton Blanxitin təqdim etdiyi layihə əsasında tanıyıb.

Bu layihə isə Blanxitin ixtirası yox, o zaman düz dörd il Osmanlı Türkiyəsinin müxtəlif vilayətlərində missionerlik fəaliyyəti göstərmiş ABŞ vətəndaşı Erik Qrinin uydurma “erməni genosidi” barəsində təzəcə çapdan çıxmış kitabının məntiqi nəticəsi idi. Səhv etmirəmsə, kitabın adı belə olub: “Məhəmmədin qılıncı və ermənilərin qətli”. Dəhşətlisi budur ki, Osmanlı dövlətinin rəsmi arxiv sənədləri ilə sübut olunub ki, həmin Qrin guya Sivasın Bitlis qəsəbəsində 1893/94-cü illərdə baş vermiş hadisələri qələmə aldığı halda, özü həmin ərazilərdə ümumiyyətlə olmayıb. Ən kəskin faktlardan biri də odur ki, sultanın o zaman araşdırmaçı komissiya kimi göndərdiyi bir neçə Qərb ölkəsinin səfiri orada cəmi 500-ə yaxın adamın qətlə yetirildiyini, həm də təkcə ermənilərin yox, onlarla sayda türklərin və kürdlərin də qətlə yetirildiyini dəqiqləşdirmişdi. Bu da hələ hamısı deyil. Səfirlərdən ibarət komissiyanın Osmanlı arxivlərində indi də saxlanan rəyinə görə, həmin hadisələr ilk dəfə 1893-cü ildə ermənilərin ərazini təmizləmək məqsədilə kürdlərin üzərinə etdikləri qətliamçı hücumlarla başlayıb. Bu təkzibolunmaz tarixi faktları təsadüfən xatırlamadıq. Dediyimiz odur ki, Trampın 24 apreldə xüsusi eyhamla vurğu etdiyi “erməni genosidi” və “erməni dəyanətinin” kökündə saxta və uydurma tarixi mətləblər dayanır. Missioner Erik Qrinin kitabından və konqresmen Blanxitin qətnaməsindən başlayan saxta və yalan “genosid” zənciridir ki, 122 ildir davam etdirilir və daha bir saxta halqanı da cənab Tramp, təəssüf ki, həmin zəncirə “yamadı”.
Ümumiyyətlə, “erməni genosidi” ifadəsini işlədib-işlətməməkdən asılı olmayaraq, ABŞ prezidentlərinin hər il ənənəvi olaraq təkrar etdikləri 24 aprel bəyanatının özü kifayət qədər sual doğuran mətləbdir. Özü də bu suallar mahiyyətinə görə məhz ABŞ-ın öz ünvanına ittihamedici notlara malikdir. Bəllidir ki, ermənilər düz yüz ildir “24 aprel” dedikləri hadisəni dünya ictimai rəyinə və dövlətlərin siyasətinə pərçimləmək üçün dəridən-qabıqdan çıxırlar. Belə olan halda ABŞ prezidentlərinin illik müraciətləri üçün məhz 24 aprel tarixini seçməsinin səbəbi üzərində düşünməyə dəyər. Mənim daha çox ehtimal verdiyim variant odur ki, ABŞ prezidentləri ermənilərin saxta, uydurma və cinayətkar “24 aprel fəlsəfəsini” ya bölüşür, ya da erməni lobbisinin əlində oyuncağa çevrilmiş hansısa ABŞ prezidentindən başlayan pis və ədalətsiz ənənəni Tramp da davam etdirir. Seçki mərhələsində “odlu-alovlu bəyanatlarla” ABŞ-ın daxili və xarici siyasətində “inqilabi dəyişikliklər” iddiası ilə gələn Tramp ümidlər yaradırdı ki, bir çox şeyləri dəyişəcək, sırf erməni sxeminə uyğun 24 aprel müraciəti kimi ənənədən imtina edəcək, bununla da bütün dünyaya nümayiş etdirəcək ki, nə vaxtsa erməni toruna düşmüş hansısa ABŞ prezidentinin yaratdığı rüsvayçı 24 aprel ənənəsini davam etdirmək onun borcu deyil və o, ABŞ-ın “inqilabi siyasət” platforması ilə hakimiyyətə gəlmiş prezidenti olaraq saxta “erməni genosidi” deyilən ilğımı XX əsrin real faciələri sayılan “yəhudi genosidi”ndən, “qırmızı terrordan” heç də böyük hadisə saymır. Tramp bu il üçün şansı əldən buraxdı. 2018-ci ilin 24 aprelinədək onu addım-addım təqib edəcək ittihamçı sualların hədəfi olaraq qalmaq artıq onun öz günahıdır. Sualların məzmunu və çərçivəsi təxminən bəllidir. “Yəhudi genosidi” öz yerində. Bu fakt dünya miqyasında hüquqi tanınma statusu alsa da, bəşəriyyətin bundan sonrakı cinayətkar rejim başçılarından qorunması üçün təsirli dərs mənbəyi olaraq hər fürsətdə xatırlanmalıdır. Trampın sözlərilə desək, XX əsrin ən dəhşətli kütləvi vəhşiliklərindən biri də Fransanın törətdiyi və 1milyon 750 min insanın həyatına son qoymuş 1945-1961-ci illəri əhatə edən Əlcəzair soyqırımıdır. Bu dəhşətli soyqırımın əsas müqəssir fiqurlarından biri kimi 1955-1961-ci illərdə Fransanın ədliyyə naziri olmuş Fransua Mitteranın əməlləri barədə fundamental kitab da yazılıb.

Bəli, düz eşitdiniz, sonradan Fransanın prezidenti olmuş həmin məşhur Fransua Mitteran… Biz sadəlövhlər də prezident olduğu düz 14 il ərzində ondan “Qarabağ ədaləti” gözlədik… Nə isə… Mitteran barəsində həmin sübutlayıcı kitabı yazan da sıradan biri deyildi. 1955-1961-ci illərdə Əlcəzairdə işğalçı fransız ordusunun komandanı olmuş general Assessu və onun müavini idi. Əlahəzrət faktların hökmündən heç kəs qaça bilməz. Əliyalın əlcəzairlilərin kütləvi qətlə yetirilməsi və Osmanlıdakı vətəndaş müharibəsində ölüb-öldürənləri müqayisə etsələr, cənab Tramp və müşavirləri bunlardan hansının real genosid olduğunu dəqiq təyin edə bilərlər. Hətta bir az da obyektivlik göstərsələr, heç bir şübhəli tərəfi olmayan mübahisəsiz Xocalı soyqırımını, üstəlik bu misilsiz dəhşətə dözüm göstərən Azərbaycan xalqının hər cür imitasiya manevrlərindən azad əsl fədakarlığını və möhkəmliyini də görə bilərlər. Cənab Tramp və onun komandası bu məzmunda bəyanatdan sonra düşünməsin ki, Türk xalqlarına yaxşılıq, erməniləri isə məyus edib. Belə məzmunlu bəyanatlar bu il də olmasa, 5-10 ildən sonra uydurma tarixə “genosid” adı qoymaq üçün ayaqlar altına “kərpic düzməkdən” başqa bir şey deyil. Bu bəyanatlardansa, “erməni genosidi” deyilən uydurmanın rəsmən tanınmasına doğru addım-addım getməkdənsə, “genosid” sözünü işlətsəydi daha konkret olardı və bütün Türk dünyasının tərkib hissəsi olaraq, bizlər də əsl dost-düşmənlərimizi harada axtaracağımızı vaxtında dəqiqləşdirə bilərdik…
Göründüyü kimi, hər il aprelin 24-ü gününü məlum müraciət proseduruna çevirmək və müraciətin mətnini uydurma “erməni genosiidi” deyilən söz-söhbətə fokuslamaq ABŞ prezidentləri üçün biabırçı faktdır. Belə illik müraciətlər üçün başqa daha real tarixi günlər seçmək olmazmı? Məsələn, Hitlerin bütün sonrakı soyqırımlarına bəhanə olmuş Reyxstaqın uydurma “yandırılma” tarixi, ya kütləvi yəhudi qətliamları üçün bəhanə olmuş Parisdə Almaniya səfirliyinə hücumun təşkil olunduğu 6 iyun tarixi, yaxud Əlcəzair xalqının milli azadlıq hərəkatının başlandığı 1945-ci ilin 8 may tarixi və sair… Sırada 26 fevral da var… Daha uzaq sırada isə cənab Trampın 2018-ci ilin 24 aprelinədək bu deyilən real fakt və təhlillərdən çıxara biləcəyi nəticələr dayanır…
Təbii, çıxaracaqsa…
Aydın QULİYEV

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın