Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Cəmiyyət / Ramiz Tağıyev – 60

Ramiz Tağıyev – 60

Bu gün atam haqqında ürəyimdəkilərin azacığını da olsa qələmə almağa qərar verdim. Axı, ömrünü, gününü Vətəninə, Millətinə həsr etmiş Ramiz Tağıyev həyatının 60-cı ilinə qədəm qoyur.

Özümü dərk edəndən onun mübarizəsinin hər  anını izləmişəm. Keçirdiyi yuxusuz gecələrini, hər dəqiqəsi bir ömürə bərabər aylarını, günlərini heç unutmadım. Texniki peşə məktəbində müavin, direktor vəzifələrində çalışıb, onu tanıyan hər kəsin hörmətini qazana bilmişdi. Bəlkə də elə bu səbəbdən də “Ana Vətən” təşkilatının əsasını həmin məktəbdə qoydu. Hər axşam evimizə kəndimizin ziyalıları toplaşır, müstəqillikdən, Azərbaycanın bütövlüyündən söhbət açırdılar…

1988-ci il atam üçün sınaq ili oldu. O, qətiyyəti, cəsarəti ilə seçilən culfalıların sevimli liderinə çevrildi. Doğru bildiyi yoldan dönməzliyi ona olan inamı hər gün artırırdı. İnsanların müdafiəsində olmaq atamın əsas fəaliyyət prinsipi idi. Xatırlayıram, bir gün Culfa şəhərində iki qardaşı həbs etmişdilər. Elə həmin ərəfədə qardaşların atası dünyasını dəyişdi. Atam, rəsmi orqanlardan onların zaminə buraxılıb, atalarının yas mərasimində iştirak etmələri üçün şərait yaradılmasını xahiş etdi. Rədd cavabı eşitdikdə, Culfa gənclərini ətrafına toplayıb, qardaşları Bakıya-Bayıl türməsinə aparan qatarın qarşısını kəsdi. Bu, SSRİ imperiyası tarixində bir ilk oldu. Hər kəs həyəcanlı anlar yaşadı. “Konvoy”ların ruslar olduğunu düşünüb, atamın onların gülləsinə tuş gələcəyindən qorxu keçirirdik. Saatlarla müqavimətdən sonra atam qəhrəman Culfa gənclərini sayəsində qardaşları qatardan endirə bilmişdi.

2

3

İndi, mühacirət həyatı yaşayan, sabiq millət vəkili, tanınmış bəstəkar Hüseyn Abdullayevin də başına belə bir əhvalat gəlmişdi. O zamanın kommunist rəhbərliyinin sifarişiylə onu da həbs etmişdilər. Ordubad milisinin təcridxanasında saxlanılırdı. Atam və dostları H.Abdullayevi də azad etməyə nail oldular. Atam onun yenidən həbs ediləcəyindən ehtiyat edərək, həmin gecəni Hüseyni öz evimizdə qonaq saxlamağı məsləhət bildi.

Bu gün tarixi saxtalaşdırmağa cəhd edən məqam “qəhrəman”larının sərsəmləmələrinə baxmayaraq, faktlar, sənədlər təsdiq edir ki, məhz Ramiz Tağıyev SSRi imperiyasının yanlış Qarabağ siyasətinə etiraz olaraq, imperiya tarixində ilk olaraq Culfa dəmiryolçularının tətilinə rəhbərlik etdi. Həmin tətillərin sayəsində “Sərhəd Hərəkatı” ideyasının irəli sürülüb, imperiyanın toxunulmaz sayılan sərhəd simlərini aradan qaldırılmasına, Cənubi Azərbaycana gediş-gəlişə-əlaqələr yaranmasına nail oldu.

Atam, 1990-cı ildə Naxçıvan Ali Məclisinə deputat seçilərək, həmin məclisin ən fəal deputatlarından biri kimi tanındı. Ən çətin zamanlarda Culfa rayonuna rəhbərlik etməsiylə də, əksəriyyətin sevimlisi olmağı bacardı. Rayon rəhbəri kimi ilk sərəncamı “KQB”-nin Culfa rayon şöbəsinin fəaliyyətinin dayandırmasıyla bağlı oldu ki, sonradan onun bu addımı təcrübəli dövlət xadimi Heydər Əliyev tərəfindən də dəstəkləndi.

6

4

5

Ramiz Tağıyev müqəddəs torpaqlarımızın qorunmasına böyük önəm verib, ölkədə ilklərdən sayılan ən döyüşkən könüllü batalyonlardan birini yaradaraq, Naxçıvanın bütün döyüş bölgələrində öz döyüşçü dostlarıyla düşmənə layiq olduğu cavabı da verə bilirdi. Vəzifə onu bir an belə olsun xalqdan ayrı salmadı. Verilən imtiyazlardan imtina etdi. Rayon rəhbəri kimi ona ayrılmış mənzili imkansız müəllimə hədiyyə etməyi lazım bildi. Ən ədalətli özəlləşdirmənin məhz onun nəzarətiylə Culfada keçirildiyini kimsə inkar edə bilməz. Beləki, uzun illər Culfa rayonunun Gal və Şurut kəndlərində keçirilmiş islahatlar Azərbaycan televiziyaları tərəfindən nümunə kimi təbliğ olundu. Əfsuslar olsun ki, bununla belə atamın adı bircə dəfə olsun qeyd olunmadı.

İqtisadi çətinliklərin aradan qaldırılması üçün Azərbaycanda ilk olaraq Culfa və Cənubi Azərbaycan Culfası arasında müştərək bazarı da məhz atamın təşəbbüsüylə açıldı. O tay Culfasından yüksək gərginlikli elektrik xəttinin çəkilməsi isə əsil senssasiya sayıla bilərdi.

Atam çətin anlarda hər kəsə, hər yerə yardıma çatmağı daima müqəddəs borcu bilib. Mehri rayonunun Nüvədi kəndidə yaşayan soydaşlarımızın çıxarılma xəbərini eşidən kimi, həmin zaman Naxçıvan Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevdən ona vertolyot köməkliyi etməsini, Nüvədiyə kömək üçün getməsinə şərait yaratmasını xahiş etmişdi. Təəssüf ki, silahlı dəstəsiylə ora yetişən zaman Nüvədinin rus-erməni birləşmələri tərəfindən artıq işğal olunduğuğunu, əhalinin isə Zəngilanın vejnəli kəndi ərazisinə sığındığını görmüşdü. Bu atam üçün uzun müddət ürək ağrısı yaşatdı ki, az sonra, 35 yaşında infarkt xəstəliyi keçirtdi.

Atam, özünü heç bir zaman düşünmədi. Nə sərvət, nədə ki, söhrət peşində oldu. Evsiz-eşiksizlik, kasıbçılıq onu əyə bilmədi. Dəfələrlə günahsız həbsxana həyatı yaşasa da, gülə-gülə, “bura müstəqil Azərbaycanın həbsxanasıdır, mənim üçün doğmadır”-deyib, əzabını, əziyyətini büruzə vermədi.

Ramiz Tağıyev barəsində nə qədər yazsam kifayət etməz. Bu yazıda atam haqqında demək istədiklərimin bir faizi belə yoxdur. Bəlkə  də, onun haqqında qəlbimdə düşündüklərimi heç vaxt söyləyə bilməyəcəm. Amma, biz övladlarının onunla həmişə fəxr etdiyimizi bilməsi kifayətdir.

Onun məscidləri kommunist əsarətindən xilas etməsi bir kitab mövzusu ola bilər. Bəlkə də Tanrı onu məhz belə əməllərinə görə çətin sınaqlardan daima üzüağ çıxmasına yardım edir. Məhz bu əməllərinə görə, ona doğum günündə ən dəyərli hədiyyəni-oğul payını verdi.

7

Tanrı səni qorusun, Atam! Bilirəm ki, 60 yaşından sonra da Vətəninə, Millətinə xidmətlərin, deyiləcək sözlərin hələ çox olacaq! Yolun açıq olsun!

Lalə Ramizqızı

Həmçinin oxuyun

BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. BŞBPİ-nin …

Bir cavab yazın