Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Radikal müxalifətin ən populyar mübarizə üsulu indi onun özünə qarşı çevrilir

Radikal müxalifətin ən populyar mübarizə üsulu indi onun özünə qarşı çevrilir

Ramiz Tağıyev: “Əli Kərimlinin xoşuna gəlməyən kimləsə çayxanada çay içiblər”

Bu günlərdə Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirildi. Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədilə təşkil olunan aksiyaya Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilmiş bəzi şəxslər də qatılıb.
İştirakçılar Müsavat rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara öz etirazlarını bildirərək partiya rəhbərliyinin dəyişməsini, növbədənkənar qurultay çağırılmasını tələb ediblər.
Aksiya zamanı “İstefa!”, “Müsavat ailə partiyası deyil!”, “Müsavat xalqın partiyasıdır!”, “Növbədənkənar qurultay çağırılsın!” və digər şüarlar səsləndirilib, Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulması tələb olunub və hazırkı başqan istefaya çağırılıb. Çıxış edən partiyanın sabiq üzvü Əlövsət Sadıxlı Müsavatın sonuncu qurultayındakı qanun pozuntularını xatırladıb və Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvini tələb edib.
Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və digərləri də çıxışlarında Müsavat rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndirib.
Sonda aksiyanın qətnaməsi oxunub və partiya rəhbərliyinə təqdim olunub.
Bunun ardınca AXCP-də siyasi kataklizmlərin baş qaldırdığına dair fikirlər səsləndirilir. Bildirilir ki, partiyanın ən fəal üzvləri – Ağaşirin Tanrıverdioğlu və Dəyanət Babayevi partiyadan qovmağa hazırlaşırlar. Səbəb kimi isə adıçəkilən şəxslərin AXCP rəhbərliyinin xoşuna gəlməyən adamlarla oturub-durması göstərilir. Yayılan informasiyalara görə, fəalların təmsil olunduğu Nərimanov rayon təşkilatına bu barədə göstəriş də verilib. Mənbənin sözlərinə görə, həmin adamların partiyadakı tərəfdarları belə bir qərarın veriləcəyi halda AXCP-nin qərargahı olmadığı səbəbindən, funksionerlərin evləri qarşısında piket keçirməyi planaşdırır.
Qəribədir ki, demokratiyadan dəm vuran Müsavat funksionerlərinin öz partiyadaşlarının etirazına verdikləri reaksiya təhqirlərlə ifadə edilib.
“Bakı-Xəbər”in məlumatına görə, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər partiya qərargahı önündə bir qrup müsavatçının etiraz aksiyası keçirməsinə münasibət bildirib.
İ.Qəmbər “facebook” profilində bu barədə yazıb: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu”.
İ.Qəmbər aksiya iştirakçılarını iqtidarın adamı adlandırıb. Onun sözlərinə görə, hakimiyyət özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketini” təşkil etdi.
“Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”, – deyə o bildirib.
Müsavat başqanının müavini Elman Fəttahın da partiyanın qərargahı qarşısındakı aksiyaya münasibəti sərt olub.
E.Fəttah aksiya iştirakçılarının partiya üçün fəaliyyət göstərmək məqsədində olmadığını deyib: “Qətnamədə tələblərini dedilər, biz o məsələlərə baxacağıq. Düşünmürəm ki, hansısa haqlı tələbləri var. Çünki bu insanlar bütün fəaliyyətlərini 9 aydır ki, Müsavat Partiyasının əleyhinə qurublar. Əvvəlki dövrlərdə biz hesab etdik ki, yəqin, müəyyən narazılıqlar var. Bunu araşdırmaq lazımdır. Məsələni araşdırandan sonra bir çox tələblərini həll etməyə çalışdıq. Ancaq daha sonra bizə məlum oldu ki, onlar hakimiyyətin Müsavat Partiyasının içinə yeritdiyi agentura şəbəkəsidir. Bütün hallarda, Müsavat Partiyasına qarşı çıxmağı məqsəd qoyublar…
Gördüyünüz şəxslər ola bilər ki, texniki cəhətdən hələ Müsavat Partiyasının üzvü sayılır, ancaq onlar indi partiyaya qarşıdırlar, ələ alınmış şəxslərdir. Onların bu vəziyyətə düşməsinə mən sadəcə təəssüf edirəm”.
Bu hadisələr aparıcı müxalif partiyalarının mübarizə əzminin sona çatdığını, ideoloji cəhətdən tükəndiyini sübut edirmi?
Uzun müddət AXCP rəhbərliyində təmsil olunan Ramiz Tağıyev  açıqlamasında bildirdi ki, o, bütün prosesləri yaxından izləyir: “Bizim neçə illərdir dediklərimiz öz təsdiqini tapmış olur. Müxalif partiyaların yalnız adı qalıb. Onlar tükəniblər. AXCP-də yaşananlara fikir verin. AXCP-nin ən fəal üzvlərini görün nəyə görə partiyadan çıxarırlar? Əli Kərimlinin xoşuna gəlməyən kimləsə çayxanada çay içiblər. Özü də bu, AXCP-nin yolunda dəfələrlə həbs edilən, hətta hazırda da barələrində şərti cəza olan şəxslərdir. Bu, bolşeviksayağı yanaşmadır. Mən bunu pisləyirəm. Müsavat rəhbərliyi onların qərarına etiraz edən əqidə yoldaşlarına “agent” damğası vurur. Bu mənim də bir vaxtlar yüksək vəzifədə təmsil olunduğum AXC hakimiyyətinin idarəetmə mexanizminə bənzəyir. Onda da hamı özünü prezident sayırdı. Sonunu gördük. Bütün bu yaşananlar siyasi sistemdə paslanan müxalifətin yenilənməsi zərurətini yaradır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yaqub Zurufçu nazirin qəbuluna gəldi – FOTO

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Nazir …

Bir cavab yazın