Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət /  Polkovnikin oğlu bələdiyyə sədrindən Prezidentə şikayət etdi

 Polkovnikin oğlu bələdiyyə sədrindən Prezidentə şikayət etdi

Daşkəsən və Şəmkir rayon polis idarələrinin keçmiş rəisi, mərhum polis polkovnik-leytenantı Bilman Xudiyevin oğlu Azər Xudiyev Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı barədə Prezident İlham Əliyevə müraciət edib. Criminal.az saytı xəbər verir ki, A.Xudiyev müraciətin surətini Ölkə.Az-a da göndərib.

Müraciətdə deyilir: “Möhtərəm, Cənab Prezident! Bildirirəm ki, mən Xudiyev Azər Bilman oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis polkovnik leytenantı, vaxtı ilə Daşkəsən və Şəmkir rayon polis idarələrinin rəisi vəzifəsində çalışmış, Ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən işi ilə fərqləndiyi üçün “Fəxri fərman”la təltif edilmiş, Qarabağ müharibə veteranı Xudiyev Bilman Qurbanəli oğlunun övladıyam.

Sizə müraciət etməkdə məqsədim Binəqədi rayon Bələdiyyəsinin sədri xanım Sitarə Cabbarlının etik normalara sığmayan, kobud davranışı ilə mənim və ailə üzvlərimizin şərəf və ləyaqətinin alçaldılması ilə bağlıdır. Belə ki, atam 07.07.2016-cı il tarixdə dünyasını dəyişmişdir. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayonu, 7MKR-da, yaşadığımız ərazidə yas mərasimi təşkil edilmişdir. Yas mərasimi verilərkən qardaşım Ceyhun Xudiyevin olduqca gərgin vəziyyətdə olduğunu görərək ona yaxınlaşıb nə baş verdiyini soruşdum.

O, mənə bildirdi ki, sabiq iş yerindən iş yoldaşları yas mərasiminə gəlmək istərkən Bələdiyyə sədri xanım Sitarə Cabbarlı tərəfindən qadağalara məruz qalaraq və hər kim yas mərasimində iştirak edərsə işdən qovulacağı ilə təhdid olunmuşlar. Həmin vaxt mən Sitarə Cabbarlıya sms vasitəsi ilə nədən bu hərəkəti etdiyinin səbəbini soruşmaq istədim.

Qısa müddətdən sonra özü mənə zəng edərək kobudcasına nəinki vəzifəli şəxsə hətta xanıma yaraşmayan söyüşlərlə təhqir etməyə başladı. Bu da azmış kimi “hardasan dur qardaşını da gətir bələdiyyəyə gəl” deyərək məni “razborka”ya çağırdı.

Aramızda olan həmin danışıqlar mənim tərəfimdən lentə alınmış və maddi sübut kimi saxlanılır. Möhtərəm, Cənab Prezident! Yuxarıda qeyd etdiyim kimi mərhum atam DİN-nin əməkdaşı olaraq dövlət və dövlətçiliyimizin daima keşiyində olmuş, torpaqlarımızın yağı düşmənlərdən qorunmasında iştirak etmiş və onun xidmətləri Ümummilli liderimiz tərəfindən qiymətləndirilmişdir.

Ona görə də hesab edirəm ki, atamın yas mərasiminə qarşı bələdiyyə sədri Sitarə Cabbarlı bu cür münasibət göstərməklə bizim ailəni ictimaiyyətdə alçaltmış və ailəmizin şərəf və ləyaqətini təhqir etmişdir.

Möhtərəm, Cənab Prezident!

Binəqədi rayon Bələdiyyəsinin ərazisində xeyli sayda əhali yaşayır. Göründüyü kimi biz və yaxınlarımız daxil olmaqla xanım Sitarə Cabbarlı biz seçicilər tərəfindən seçilmişdir. Bələdiyyələr müvafiq qanunvericiliyin tələblərinə əsasən bütün seçicilərinə qarşı hörmətlə yanaşmalı və onların qayğısına qalmalıdırlar.

Çox təəssüflər olsun ki, S.Cabbarlı qanunvericiliyin əksinədir. Bələdiyyə sədri öz seçicilərinə qarşı kobud rəftar edərək heç nədən çəkinmədən və xanıma yaraşmayan təhqiramiz ifadələr işlədir. Bələdiyyə sədrinin bu cür hərəkətlərinidən belə nəticəyə gəlmək olur ki, o, bələdiyyə qurumunun nə olduğunu anlamır. Ona görə də xanım Sitarə Cabbarlı bu vəzifəyə layiq ola bilməz. Bu xanım mənim sənətçi və teleaparıcı olduğumu, yəni ictimaiyyətdə müəyyən qədər tanındığımı bilə-bilə mənə qarşı bu hörmətsizliyi edirsə, sadə vətəndaşla necə davrandığı artıq bəllidir.

Möhtərəm, Cənab Prezident!

Bütün nitqlərinizdə Siz vəzifəli şəxslərə üz tutaraq vurğulamısız: “Bütün vəzifəli şəxslər xalqın xidmətçiləridir”. Lakin bu xanım isə Sizin dediklərinizin əksinə “xalqı öz qulluqçusu” hesab edir. İnanıram ki, Sizin tərəfinizdən bu hadisə diqqətlə araşdırılacaq və Sitarə Cabbarlı layiqli cəzasını alacaqdır. Öncədən təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Azər Xudiyev “Dünya” televiziyasının aparıcısı, eyni zamanda müğənnidir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın