Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Cahangir Hacıyev İsrail şirkətinin Beynəlxalq Bankda gizlətdiyi depoziti “əridib”

Cahangir Hacıyev İsrail şirkətinin Beynəlxalq Bankda gizlətdiyi depoziti “əridib”

İsrailin BSD CROWN LTD şirkəti Azərbaycan Beynəlxalq Bankında 2013-cü ildə, Cahangir Hacıyevin dövründə yerləşdirdiyi 13.6 milyon dollar (faizləri ilə birlikdə) depozitin aqibəti ilə bağlı yeni sensasion bəyanat yayıb.

Virtualaz.org  xəbər verir ki, şirkət Beynəlxalq Bankın depoziti qaytarmaqdan imtina etdiyini bildirir.

Xəbər verildiyi kimi bundan əvvəl şirkət həmin depozitin qaytarılmasına dair Beynəlxalq Bankla bu ilin mayında əldə edilmiş razılaşmanın yerinə yetirilmədiyinə dair bəyanat yaymışdı. Bəyanatda deyilirdi ki, şirkət Azərbaycanda likvidlik problemini və valyuta bazarında vəziyyəti nəzərə alaraq depozitin 2017-ci ilə qədər hissə-hissə qaytarılmasına dair Beynəlxalq Bankın təklifinə razılıq verib. Razılaşmaya əsasən iyun ayında 500 min dollar həcmində ilk ödəniş edilməliydi. Lakin bank cəmi 250 min dollar ödəyib.

İndi isə BSD CROWN LTD bildirir ki, Azərbaycan Beynəlxalq Bankı həmin depozitin guya 2013-cü ildən etibarən “İsrael 18” adlı şirkətin götürdüyü kreditə görə girov kimi istifadə olunub. Həmin şirkətə isə BSD CROWN LTD şirkətinin daxil olduğu BGİ holdinqinin səhmdarlara nəzarət edir.

Lakin şirkət bildirir ki, o, həmin depozitin üçüncü şirkət tərəfindən girov və bank təminatı kimi istifadə olunmasına heç vaxt razılıq verməyib. Və Azərbaycan Beynəlxalq Bankı da heç vaxt şirkətə bu haqda xəbərdarlıq etməyib.

Şirkət yaranmış vəziyyətlə bağlı öz vəkillərinə əmanətin geri qaytarılması yollarını araşdırmaq və zəruri hüquqi addımlar atmaq barədə təlimat verib.

Xatırladaq ki, virtualaz.org həmin depozitin Beynəlxalq Bankda yerləşdirilməsinin şübhəli olduğunu araşdırmışdı.

BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. virtualaz.org araşdırıb ki,BSD Crown Ltd özü İsrailin BGİ investisiya şirkətinin törəmə şirkətidir. Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur.

Qranovski Ukraynanın Çerkassk vilayətində anadan olub. Bu ölkədə iri biznesmenlərdən biridir, “Focus” jurnalının sahibidir. Habelə Qranovski spirtli içkilər istehsalı, bank və otel biznesi kimi sahələrdə çoxsaylı aktivlərə malikdir.2007-ci ildən İsrailə investisiya yatırmağa başlayıb, 2013-cü ildə Willi Food şirkətnin nəzarət səhm paketini alıb. Daha sonra səhmlərdən mənfəət əldə edə bilmədiyi üçün satmağa qərar verib.

İsrail şirkətinin Azərbaycan bankında depozit adı altında pul gizlətdiyi səhmdarlardan birinin məhkəməyə şikayətindən sonra ictimailəşmişdi. Bu ilin yanvarında şirkətin səhmdarlarından biri Eldad Levi İsraildə məhkəməyə sorğu verərək BSD Crown-un Azərbaycan bankında 11 milyon dolları nədən yerləşdirdiyinin açıqlanmasını tələb etmişdi. Həmin vaxt söhbətin hansı bankdan getdiyi açıqlanmırdı.

Şirkətin 18 min 652 ədəd səhminə malik olan Eldad Levi səhmdar cəmiyyətlər haqda yerli qanunvericiliyə istinad edərək şirkətin müəyyən maliyyə sənədlərinin, o cümlədən Avstriya bankındakı 30 milyon dollarlıq depozit hesabına və Azərbaycandakı bank hesabındakı 11 milyon dollara dair sənədlərin açıqlanmasını tələb edib.

İddiaçı bildirib ki, bu sənədlərin açıqlanması şirkətin həmin vasaitləri qanuni əsasda yerləşdirib-yerləşdirmədiyini müəyyən etməyə kömək edəcək.İnvestor hesab edir ki, şirkət vəsaitləri xarici banklarda gizlədərək səhmdarlara dividendlərin verilməsindən yayınmaq istəyir.

Şirkət isə iddiaçının ərizəsində göstərilmiş tələblərlə bağlı vəkillərin araşdırma apardığını açıqlayıb.

Ötən ilin iyulunda Qranovski BGİ holdinqinin səhmlərini yəhudi əsilli ukraynalı maqnat Qriqori Qurtovoya satıb. Qurtovoy bu ilin əvvəllərində bəyan edib ki,Qranovski BGİ-nin səhmlərinə nəzarət edəndə şirkətin vəsaitlərinin bir hissəsi Avstriya və Azərbaycan bankında depozit kimi yerləşdirilib.Daha sonra həmin vəsaitlər hansısa şirkətlərin götürdüyü kreditlərə görə bank təminatı kimi göstərilib.

Lakin Qurtovoy özü Qranovskinin biznesini “fırladan” adam kimi tanınır və İsraildə onun həmin bəyanatına inanmadılar. İsrailin Qiymətli Kağızlar İdarəsi bildirdi ki, Qurtovoy və BGİ-nin iki yüksək vəzifəli əməkdaşı “qlobal miqyasda heyrətamiz dələduzluq” əməli törədiblər. Onlar şirkətin vəsaitlərini qanunsuz yollarla xarici banklarda yerləşdirərək maliyyə hesabatından gizlədiblər. İdarə biznesmenə qarşı araşdırma başladıb və bu ilin fevralında Qurtovoy BGİ holdinqinin vəsaitlərini qanunsuz yollarla xaricə çıxarmaqda ittiham edilərək həbs olunub. Bu pul yuma əməliyyatına görə aparılan təhqiqatda əsas fiqurantlardan biri də Qranovskidir. Çünki Azərbaycan və Avstriya bankında pullar məhz onun zamanında yerləşdirilib. Söhbət Beynəlxalq Banka Cahangir Hacıyevin rəhbərlik etdiyi dövrdən gedir.

İsrailin Haaretz nəşrinin yazdığına görə Qurtovoy Təl-Əvivdə məhkəməyə ifadə verməyə gedərkən saxlanılıb. Qəzet yazır ki, Qurtovoy on milyonlarla dolları qanunsuz yollarla xaricə çıxarmaqda ittiham olunur. Ona qarşı araşdırma BGİ holdinqinin səhmlərini partnyoru Qranovskidən 2015-ci ilin iyulunda alandan sonra başlayıb. Qurtovoyu girov müqabilində həbsdən buraxıblar. Ancaq İsrail Qiymətli Kağızlar İdarəsi əmindir ki, bu dələduzluq əməli hələ Qranovskinin holdinqə nəzarət etdiyi dövrdə başlayıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın