Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvan nümayəndəliyi açıqlama yaydı:“Sifarişçiləri bilirik”

Naxçıvan nümayəndəliyi açıqlama yaydı:“Sifarişçiləri bilirik”

Naxçıvan Muxtar Respublikasının (MR) Bakıdakı Daimi Nümayəndəliyi bəzi kütləvi informasiya vasitələrində (KİV) Naxçıvan MR haqdakı yazılara münasibət bildirib.

Azinforum.az xəbər verir ki, nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov mediaya açıqlamasında son vaxtlar Naxçıvan MR-lə bağlı bir sıra KİV-də sifarişli, əsassız və qərəzli yazıların dərc edildiyinə diqqət çəkib.

B.Əsgərov bildirib ki, Naxçıvanla bağlı “təhlillər”də əsas məqsəd iqtisadi məsələlərə diqqəti cəlb etmək deyil:

“Bu yazıların mahiyyəti “vətənpərvərlik”, “təəssübkeşlik”dən, iqtisadi rəqəmlərin müqayisəsindən tamamilə kənar, planlı sifarişdir. Yazılara diqqətlə baxdıqda, həmmüəlliflərin Azərbaycanın 1990-cı illərin əvvəllərində, müstəqillik əldə etdiyimiz ilk illərdə respublikamızda qəsdən ortaya atılmış separatizm, bölücülük meylli düşüncəyə sahib olduqları aydın sezilir. Biz son dövrlər Naxçıvan MR-da sosial-iqtisadi inkişafın getdikcə yüksəldiyini görürük. Naxçıvana səfər edən hər bir Azərbaycan vətəndaşı, o cümlədən ölkəmizdəki diplomatik nümayəndəliklərin rəhbərləri də muxtar respublika haqda öz yüksək fikirlərini ifadə edirlər. Həqiqətən də son illərdə Azərbaycanın ictimai-siyasi və yüksək inkişaf templi mühitinə uyğun olaraq Naxçıvanda da siyasi-iqtisadi mühit son dərəcə uğurlu, ürəkaçandır. Naxçıvan günü-gündən inkişaf edir. Təbii ki, bu inkişafı gözü götürməyənlər müxtəlif şayiələr yaymaqla guya 2017-ci ildə Azərbaycanın dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitlərin qeyri-bərabər formada paylanmasına “diqqət” cəlb etmək istəyirlər. Həmin “məqalələr”ə diqqət yetirənlər bunun siyasi motivli olduğunu ilk baxışdan anlayırlar. Burda normal iqtisadi-siyasi məntiqdən söhbət gedə bilməz. Bunu sübut etməyə ehtiyac da yoxdur. Məqalə müəllifləri Azərbaycanın digər rayonları ilə Naxçıvanı müqayisə edib, Naxçıvanı region adlandırılar. Bu məsələ kökündən yanlışdır. Naxçıvan MR-in statusu var. Naxçıvan MR-in konstitusiyasının I fəslində açıq qeyd olunub ki, Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvanı əsassız şəkildə tənqid edənlərin mənəvi və milli kimlikləri Azərbaycan vətəndaşlığı ilə üst-üstə düşmür”.

Bəxtiyar Əsgərov bildirib ki, Naxçıvan haqqında əsassız məqalələr müəyyən qüvvələrin sifarişi əsasında yazılır:

“Onlar bununla Naxçıvan MR-da gedən iqtisadi inkişafı ləkələmək istəyirlər. Biz bunlara öz sanballı cavablarımızı verməkdən çəkinməyəcəyik. Onsuz da artıq iqtisadi sahədə böyük bilik və təcrübə sahibi olan bir çox insan bu barədə sanballı fikirlərini ifadə edib və etməkdədirlər. Vətənini, dövlətini sevən, vicdanlı insanlar belələrinə layiq olduqları yeri göstərəcəklər. Naxçıvan MR-da 7 inzibati rayon mövcuddur. Naxçıvan MR-ın özünün nazirlikləri, komitələri, icra hakimiyyətləri var. Bunların saxlanılması üçün dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaiti tamamilə başqa səpkidə yönləndirərək guya adambaşına düşən ümumi məbləğ kimi ayırd eləməyə çalışırlar. Burda da özlərinin əslində iqtisadi savadlarının olmamasını bir daha ortaya qoymuş olurlar”.

Daimi Nümayəndəliyinin rəhbəri xatırladıb ki, Naxçıvan MR uzun illərdir blokada şəraitində yaşayır:

“Biz hər ay statistik məlumatları ictimaiyyətə təqdim etmişik. Naxçıvanda ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi sahəsində ağlasığmaz  böyük işlər görülüb və bu barədə dəfələrlə yüksək fikirlər ifadə olunub. Bu insanlar bir şeyi bilməlidirlər ki, Naxçıvan bundan sonra da öz iqtisadi gücünü əldə rəhbər tutaraq inkişaf edəcək və hər zaman olduğu kimi özünün inkişafı ilə hər bir insanı təəccübləndirəcək. Sifarişli yazı müəlliflərinin sifarişləri haradan aldıqlarını gözəl bilirik. Onlar bu yazlılarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, Azərbaycan cəmiyyətində kimin kim olduğunu  hər kəs yaxşı bilir. Biz əminik ki, Naxçıvanın blokadada qalmağı, Ermənistanla həmsərhəd olması vətənsevər soydaşlarımız və yurddaşlarımız tərəfindən diqqətdən kənar qalamayacaq. Bizim gücünü böyük Heydər Əliyev ideyalarından alan Azərbaycan adlı lokomotivimizin geriyə yolu yoxdur. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən inkişaf edir. Vasif Talıbovun uğurlu idarəçiliyi altında Naxçıvan da Azərbaycanın tərkibində Muxtar Respublika kimi bundan sonra da daim inkişaf edəcək”. (APA)

Həmçinin oxuyun

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb – SİYAHI

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış …

Bir cavab yazın