Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “Magnit” mağazalar şəbəkəsində qanunsuzluq – ŞİKAYƏT, RƏY, AÇIQLAMA

“Magnit” mağazalar şəbəkəsində qanunsuzluq – ŞİKAYƏT, RƏY, AÇIQLAMA

“Mərkəzi Bankdan lisenziya olmadan heç bir şirkətin kredit vermək hüququ yoxdur”

Azərbaycanda “yalnız şəxstiyyət vəsiqəsi ilə kredit” verməyi vəd edən mağazalardan biri də, çox oxucuya tanış olan “Magnit” mağazalar şəbəkəsidir. Lakin qaydalar heç də ilk cümlədə qeyd etdiyimiz kimi deyil.

Bu mağazalar şəbəkəsində müxtəlif markalı məhsullar iş yerindən arayış və qonşuların, yaxınların əlaqə nömrələrini qeyd etməklə bağlanılır. Amma mahiyyətcə, bu müqavilə heç də çoxunun düşündüyü kimi kredit müqaviləsi deyilmiş. Müqavilənin şərtləri və xarakteri barədə sonra qeyd edəcəyik.

Son zamanlar sosial şəbəkələrdə vətəndaşların bu mağazalar şəbəkəsindən narazılığı daha çox diqqəti çəkir. “Magnit”in şərtlərinin ağırlığı, işçilərin müştərilərə zəng edərkən kobudluq etməsi, şirkət əməkdaşlarının özlərini müxtəlif dövlət qurumlarının, polis və məhkəmə əməkdaşları kimi təqdim etməsi halları barədə də şikayətlər də olur.

Reaksiya.Az-a müraciət edən, nazirliklərdən birində çalışdığını deyən Sevda adlı xanım bildirib ki, o, ötən il “Maqnit”dən kreditlə “Samsung” markalı telefon alıb və bütün ödənişləri vaxtında həyata keçirib. “Lakin bir ay ödənişdə bir neçə gün gecikmə olub, ondan sonra son üç ayın ödənişini də bir yerdə etməklə, “Maqnit”də biz borcu tam bağladıq və bizdən daha əlavə heç nə tələb olunmayacağı bildirildi. Üstündən bir ay keçib, indi mənə və qonşulara zəng edib təzyiqlər göstərir, kobud ifadələr işlədir, hətta “iş yerinə zəng edib səni biabır edərik” deyə hədələyirlər. Dediklərinə görə, mən onlara əlavə 84 manat pul ödəməliyəm. Onların bu hərəkətinin, mənə, ailəmə və qonşularıma mənəvi təzyiqlər və təhdidlər etməsinin nə dərəcədə qanuni olduğunu öyrənmək istərdim”.

Əvvəlcə, Sevda xanıma zəng edən mobil nömrəyə zəng etdik və mağazalar şəbəkəsinin əməkdaşı bizimlə kobud danışıb dəstəyi asdı. Daha sonra magnit.az saytındakı 437 72-25 nömrəsinə yığdır, həmin nömrənin “təyin olunmadığını” öyrəndik.

Müxtəlif nömrələrə zəng edəndən sonra isə 436-06-37 nömrəsində özünü ofis menecer Səbinə Babayeva kimi təqdim edən xanım bizi gah rəhbərliklə, gah da hüquqşünasla əlaqələndirəcəyini dedi. Yarım saat sonr ayenə yığdığımızda isə kobud danışaraq, “buranın yiyəsi yoxdur, burda belədir” deyib dəstəyi asdı.

Biz şirkət nümayəndələri ilə dil tapa bilməyəcəyimizi görərək, hüquqşünas Mehman Muradlıyamüraciət etdik.

Mehman Muradlı bildirdi ki,  Mərkəzi Bankdan rəsmi icazə, lisenziya olmadan heç bir şirkətin kredit vermək hüququ yoxdur: “Qanunla cərimələr də əsas məbləğə və ya aylıq ödənişdəki məbləğə yox, faiz məbləğinin 1 faizinə görə hesablanır. Əksər hallarda belə şirkətlər özləri daxili qaydada, məntiqə sığmayan şərtlər və bəzən də vergilərdən yayınma yolu ilə müqavilələr hazırlayır, vətəndaşların sadəlövhlüyündən istifadə edərək artıq pul qazanmağa çalışırlar. Əgər borc bağlanılıbsa, onların əlavə məbləğ istəməyə hüququ yoxdur. Həmçinin, dövlət qurumlarının adından danışmaq və ya təhdid etmək də qadağandır. Sevda xanımın məsələsinə gəldikdə isə bu xanım zərərçəkən kimi həmin şirkəti məhkəməyə verə və mənəvi zərər üçün təzminat tələb edə bilər. Ona və yaxınlarına təhdidlər və təzyiqlər göstərilməsi, kobud ifadələr, hədə-qorxu üsulları qanuna zidd hərəkətlərdir. Əgər sən qanunvericiliklə fəaliyyət göstərən şirkətin nümayəndəsisənsə, o zaman məhkəməyə müraciət elə, məbləği qanunla nəzərdə tutulmuş qaydada al. Amma vətəndaşlara təzyiq göstərmək, bezdirmək, əsəb yaşatmaq qanun pozuntusudur. Əgər məhsulun aya görə faiz ödənişi məsələn 5 manatdırsa, onun bir faizi gündəlik gecikmə kimi hesablanmalı bir neçə günə hesablanılan məbləğ də heç bir halda o qədər şişirdilməməlidir. Fikrimcə, 84 manat şişirdilmiş məbləğdir, hər halda borc bağlanıbsa, sonradan bu məbləği tələb etməyin hüquqi əsası olmalıdır”.

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət etdik. Bizimlə danışan xidmət əməkdaşı bildirdi ki, adıçəkilən mağazalar şəbəkəsi ilə bağlı bundan əvvəl bəzi şikayətlər daxil olub. Lakin dövlət xidmətinin nümayəndəsi bu hadisə ilə bağlı vətəndaşın şəxsən müraciət etməli olduğunu dedi və məsələ ilə məşğul olacaqlarını qeyd etdi.

Bu müddətdə isə artıq sosial şəbəkələrdə və müxtəlif qruplarda “Maqnit” mağazalar şəbəkəsi ilə bağlı yazı yazdığımızı bildirib, vətəndaşlardan şikayətlərini bildirməyi xahiş edərək yazı paylaşmışdıq. Bir neçə vətəndaş da eyni kobud təzyiqlərlə üzləşdiyini, amma ad-soyadlarının mətbuata çıxmamasını xahiş etdilər.

Artıq yazı saytda yayımlanarkən, bizə özünü “Magnit” mağazalar şəbəkəsinin hüquqşünası Əlabbas Cəlilov kimi təqdim edən şəxs zəng etdi və məsələnin nədən ibarət olduğunu soruşdu.

“Həmin şəxsin məlumatlarını götürüb araşdıracağam. Həmin xnaımla müqavilə şərtləri və işçilərin münasibətləri ilə bağlı məsələni də öyrənəcəm, ondan sonra müvafiq ölçü götürəcəyik”, – deyə Ə.Cəlilov qeyd etdi.

Lakin ondan öyrəndik ki, bu şirkətin qanunla kredit vermək icazəsi yox imiş. Müqavilə isə sahibkarla müştəri arasında, məhz sahibkarın müəyyən etdiyi “fərdi qayda”da aparılırmış. Bu “fərdi qayda”nın nədən ibarət olduğunu və borc qalıqlarının, cərimələrin necə hesabanmasını israrla soruşub öyrənməyə çalışdıq, müsahibimiz bunun yenə də “fərdi qaydada heablandığını və məbləğin cədvələ əsasən bölüşdürüldüyünü dedi”.

O qeyd etdi ki, “burda sahibkar da müəyyən qədər pul qazanmalıdır və müqavilə buna görə bağlanılır”.

Yaxşı, əgər sahibkar qazanmaq istəyirsə, müştəri buna görə nə etməlidir? Yəni, bundan başqa nə etməlidir?

Müştərilərə “yağlı əppək” kimi baxan şirkətlər nəyə güvənərək, özlərindən “fərdi qaydalı” müqavilələr hazırlayır və sadəlövh vətəndaşları tora salırlar?

Məqsəd daha çox qazanmaqdırsa, çox gözəl, daha çox qazanmağı kim istəməz!… Bəs qanun!?

Məsələyə qayıdacağıq…

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın