Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Jurnalistlərin günahı nədir ki… – Rəsmi qəzetdən sərt reaksiya

Jurnalistlərin günahı nədir ki… – Rəsmi qəzetdən sərt reaksiya

“Azərbaycan” nəşriyyatına avtomobillə gəlib-getmək getdikcə çətinləşir

Məlumdur ki, Bakının yol-nəqliyyat infrastrukturunda həyata keçirilən islahatlar, hərəkətin idarə olunmasında innovativ texniki-texnoloji vasitələrin tətbiqi, yolların genişləndirilməsi nəqliyyat sıxlığını, tıxacları qismən azaldıb. Amma o da məlumdur ki, bu sahədə tətbiq edilən bəzi yeniliklər heç də həmişə gözlənilən nəticəni vermir. Müəyyən eksperimental dəyişikliklərin məqsədini isə, ümumiyyətlə, anlamaq olmur.
Son dövrlər belə “eksperiment”lərin tətbiqi ölkənin əksər yazılı KİV-nin yerləşdiyi “Azərbaycan” nəşriyyatının ətrafındakı ərazilərdə daha intensiv xarakter alıb. Doğrudur, müəyyən dəyişikliklər səmərəli olub: nəhayət, nəşriyyatın sağ cinahında – Mətbuat prospektinin Şərifzadə küçəsi ilə qovşağında işıqforun daha uğurlu iş rejimi və ardıcıllığı tapılıb. Bu yerdə piyadalar üçün keçid zolaqları çəkilib. Qaranlıqda sayrışan işıqlı müvafiq xəbərdaredici nişanlar da quraşdırılıb. Baxmayaraq ki, işıqforun ətrafının müxtəlif nişanlarla doldurulması üçzolaqlı yolun hərəkət hissəsinin müəyyən mövqelərində işıqforun özünü və üzərindəki vaxt sayğacını görünməz edir…
Bu yaxınlarda isə daha bir yeniliyin şahidi olduq: nəşriyyatın digər, sol tərəfində – Məmməd Rahim küçəsi ilə qovşaqda işıqforun Mətbuat prospektindən Zərdabi prospektinə doğru hərəkət istiqamətindən sola dönməyə imkan verən seksiyası götürüldü. Yol ayrıcında qadağanedici, məcburi hərəkət istiqamətini göstərən şaquli yol nişanı quraşdırılmasa da, üfüqi nişanlamaya “retuş” edildi: asfalt üzərinə çəkilmiş düzünə, sola və geriyə icazə verən nişanlama dəyişdirildi. Beləcə, “qol”u silindikdən sonra konturları görünsə də, əslində, yalnız düzünə hərəkət istiqamətini müəyyənləşdirən ox saxlanıldı. Qısası, bu yerdən artıq illər uzunu olduğu kimi, sola dönmək və ya geriyə qayıtmaq qadağan edildi. Maraqlıdır, niyə?
Əvvəla, “Azərbaycan” nəşriyyatının strateji əhəmiyyətə malik dövlət təşkilatı olduğunu xatırlatmaq istəyirik. Burada onlarla qəzet-jurnal, eləcə də digər vacib qurumlar yerləşir. Ümumiyyətlə, bu nəşriyyat böyük təsərrüfatdır. Hər gün bura yüzlərlə jurnalist, naşir, texniki işçi, xidmət personalı gəlib-gedir, eləcə də maşın-maşın mal-material daşınır. İndi sual olunur, nəşriyyata gəlməli olan avtomobillər Zərdabi prospekti istiqamətində hərəkətdə ikən nə etməlidirlər, daha doğrusu, nəşriyyata haradan və necə gəlməlidirlər?
İrəlidə keçmiş “Qələbə” dairəsindən (əslində, artıq dairə deyil) fırlanmaq imkanı yoxdur – dairənin məhz bu istiqaməti bağlanıb. Belə çıxır ki, Mətbuat prospektindən Ə.Haqverdiyev küçəsinə dönüb bir neçə yüz metr irəlilədikdən sonra geri dönərək keçmiş Musabəyov parkı ətrafından fırlanıb yenidən Mətbuat prospektinə qayıtmaq lazımdır. Çox uzaq olmadımı? Bəlkə nəşriyyatın tinindən sola və geriyə dönmək yolun bu kəsimində sıxlığı aradan qaldırmaq məqsədilə qadağan edilib? Elədirsə, alternativ marşrutların nə dərəcədə rahat olması nəzərə alınıbmı? Qətiyyən! Əksinə, Mətbuat və Zərdabi prospektlərini kəsən bütün küçələrdə sıxlıq daha çoxdur. Deməli, həm də bu səbəbdən nəşriyyatın qarşısına dönmənin qadağan edilməsini uğurlu addım saymaq olmaz.

Nə rahatlıq əldə olunub, nə təhlükəsiz hərəkət. Üstəlik, nəşriyyata dönməli olan maşınların əlavə yol qət etmə məcburiyyətində qalmaları tıxacı bir qədər də artırıb.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, son zamanlar DYP əməkdaşları vaxtaşırı gəlib “rəisin əmridir” deyib sürücülərdən nəşriyyatın qarşısında avtomobil saxlamamağı israrla tələb edirlər. Nəşriyyatın önündən keçən yol enli və üçzolaqlıdır. Hətta avtomobil yola paralel saxlanıldıqda belə, hərəkət hissəsinin eni 3 zolaqda hərəkətə bəs edir. Üstəlik, prospektin bu hissəsində maşın saxlamağı qadağan edən heç bir yol nişanı da yoxdur! Təəccüblüdür, bəzi idarələrin önündə “Dayanmaq qadağandır” nişanı olduğu halda, yol, küçə boyu bir deyil, hətta iki-üç cərgə dayanan maşınları “görməyib”, nəşriyyatın önünün lüzumsuz, başlıcası hüquqi əsassız hədəfə götürülməsində məqsəd nədir?
Bəli, nəşriyyatın önündə qaydaları pozan avtomobil sahibləri (avtobus dayanacaqlarına, piyada keçidlərinə, işıqforlara yaxın ərazilərdə avtomobil saxlayanlar) də var və belələrinə qarşı tədbir görülməsinə etiraz etmirik. İndiki halda etiraz etdiyimiz lüzumsuz qadağanedici nişanlarla iş yerimizə gəlib-getməyimizə problemlərin yaradılmasınadır.
Sonda soruşuruq: jurnalistlərin günahı nədir ki, onların əziyyətini daha da artırırsınız?! Bəlkə səbəbini deyəsiniz?

Elxan QƏNBƏRLİ,
“Azərbaycan”

Həmçinin oxuyun

Bəli, Kəlbəcər dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır !

Kəlbəcər rayonu dilbər guşələri oz qoynunda daşıyan Azərbaycanımızın ayrılmaz bir parçasıdır. Kəlbəcər də Azərbaycanda dünya …

Bir cavab yazın