Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / İcra başçısının tikdirdiyi iddia olunan mərmər sexi fəlakət vəd edir – REPORTAJ, FOTOLAR

İcra başçısının tikdirdiyi iddia olunan mərmər sexi fəlakət vəd edir – REPORTAJ, FOTOLAR

Sabunçu qəsəbəsinin sakinləri ölüm təhlükəsi ilə üz-üzədirlər. Bu haqda musavat.com-a müraciət edən sakinlərin özləri deyiblər.
Məsələ burasındadır ki, neft quyularının bol olduğu ərazidə yaşayan sakinlər, yaxınlıqda tikiləcək olan mərmər sexinə görə narahatdırlar. Onlar bildirirlər ki, bu sex hər cəhətdən onların sağlamlığı ilə oynayacaq. Bundan əlavə, sexin tikintisi başlayan zaman sakinlərə deyilib ki, burada park salınacaq. Və bu yolla da onları aldadıblar.
Məsələ ilə yaxından tanış olmaq üçün adıçəkilən əraziyə baş çəkdik. Deyilənlər doğru idi. Həmin ərazi hasara alınaraq, tikinti işləri aparılırdı. Əgər burada həqiqətən də mərmər sexi tikiləcəksə, bu, həmin ərazinin düz yaxınlığında yerləşən evlərdə yaşayan ailələr üçün fəlakət deməkdir.
Düşünün, orada sex tikilib, başa çatır və istifadəyə verilir. Yaxınlıqda isə insanlar yaşayırlar. Yonulan daşların tüstüsü belə, ətrafda yaşayanları ağır xəstəliklərə düçar etməyə bəs edər.
Sakinlərin sözlərinə görə, bu sex ətrafda yaşayan insanların sağlamlığına böyük təhlükə törədir:“Yaşadığımız Sabunçu qəsəbəsində 2 hektar yer var. Camaatla imza toplayaraq, burada bir park tikilməsini istədik. Ancaq indi burada park yerinə mərmər sexi tikirlər. Biz sağlamlıq, təmiz hava üçün yaşıllıq istədik. Onlar isə bizi ölümə aparan sex tikirlər. Mərmər tozu havaya buraxılanda bir çox xroniki xəstəliklərə səbəb olacaq. Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər. Nəticədə müxtəlif allergiyalar, bronxial astma, oynaq, böyrək, mədəaltı vəz xəstəlikləri yaradacaq, ürək və tənəffüs orqanlarını sıradan çıxardacaq”.
Şikayətçilər bildirirlər ki, onlar bu sexin qəsəbənin içində tikilməsinə qəti etiraz edirlər: “İki dəfə Fövqəladə Hallar Nazirliyi gəlib, dirəkləri sökdürdüb, yerə qoydu. Amma buna baxmayaraq, yenə də tikinti sürətlə davam edir. Bütün dünyada belə sexləri şəhərdən kənarda, bizdə isə düz gəlib, qəsəbənin içində tikirlər. 56 min əhalisi olan qəsəbədə idman zalı, musiqi məktəbi, parkımız, yollarda işıq dirəkləri yoxdur. İndi təsəvvür edin, qış aylarında o yolu biz necə gedib, gəlirik. Yol çəkildi, səki tikilmədi, yollar işıqlandırılmadı”.
Sexin tikildiyi iddia edilən ərazi
Qəsəbə sakinləri burada hər an partlayış ola biləcəyini deyirlər: “Hasara alınmış o ərazidə quyular var idi. Həmin quyulardan qaz çıxırdı. Neft boruları var idi ki, onlar da betonun altında qaldı. 5 iri həcmli dəmir quyu dolduruldu. O quyular ona görə qoyulmuşdu ki, zəhərli qazlar bayıra çıxsın, neft çıxarılanda fəsadlar törətməsin. İndi o quyular bağlanıb. Ancaq qaz haradansa mütləq çıxmalıdır. İndi o qaz yumşaq yer tapan kimi təkrar çıxacaq. Kimin evini dağıdacaq bilmirik. Sonra da deyəcəklər ki, “Qısa qapanmadan yanğın oldu. Neftin ərazisində belə tikililər olmaz”. Bir neçə müddətdən sonra o qaz harada yumşalmış torpaq tapsa, oradan da çıxacaq. Bu ərazidə partlayışlar başlayacaq.  Ziyan yenə kasıb camaata dəyəcək. Daşı-daş üstünə qoyan kimi 3-4 “Niva” dolu adamlar birdən gəlib tökülür, söküb gedirlər. Amma bu məsələyə baxan yoxdur”.
Tikinti gedən ərazinin yaxınlığında olan yaşayış evləri
Sakinlərdən əldə etdiyimiz məlumatlara görə, məlum sexin sahibi Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir. Buna görə də, bu tikintinin qarşısını heç kim ala bilmir. O, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu tikintini davam etdirir.
+









Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …

Bir cavab yazın