Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Fazil Məmmədovun yaxın ətrafı təlaşda– həbslər ola bilər  

Fazil Məmmədovun yaxın ətrafı təlaşda– həbslər ola bilər  

Prezidentin sərt tənqidindən sonra vergilər nazirinin klanı panika içindədir; Xaləddin İsgəndərov “Fazili işdən çıxarsalar, bəlkə də məni tutdular” deyib…

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında Vergilər Nazirliyini sərt tənqid etməsi, sahibkarlara “haqq qoyulması” və “krışalıq” edilməsi ilə bağlı söylədikləri Fazil Məmmədov klanını ciddi təlaşlandırıb. F.Məmmədov ona vergilərin yığılması ilə bağlı verilən səlahiyyətlərdən sui-istifadə edərək hakimiyyətdəki ciddi fiqurların da mənafeyinə toxunub ki, “qırmızı xətti” keçməsi onu ciddi hədəfə çıxarıb. İddialara görə, özünü tezliklə baş nazir kreslosunda görmək arzusunda olan F.Məmmədov vergi yoxlamalarından özünün biznes imperiyasını və iqtisadi qüdrəti gücləndirmək məqsədi güdüb ki, bu da iqtidar dairələrində ciddi narazılıq yaradıb.

 
F.Məmmədovun klanını narahat edən ən ciddi məqamlardan biri isə prezidentin sahibkarlara şəxsən ona müraciət etmələrini deməsi və “bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir” sözləridir. 
Xəbərlərə görə, F. Məmmədovun icra başçısı təyin etdirdiyi kadrlar, ümumiyyətlə, özlərini itiriblər. Vergilər Nazirliyində işləyərkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov F.Məmədovun birbaşa dəstəyi ilə Şəmkirə icra başçısı təyin edildikdən sonra bu rayondan Prezident Administrasiyasına göndərilən şikayətlərin sayı artıb. A.Məmmədov rayonda xüsusilə sahibkarlara göz açmağa imkan vermir. Onun özbaşınalıqları haqda son vaxtlar KİV-lərdə xeyli şikayət xarakterli materiallar dərc edilib. İddialara görə, özünü “Polad Ələmdar” kimi aparan icra başçısı prezidentin çıxışından sonra yumşalıb, son iki gündə camaat arasına çıxıb, onların dərd-səri ilə maraqlanıb. Rayondakı mənbəmiz deyib ki, xüsusilə F.Məmmədovun “dobrosu” ilə sahibkarları incidən icra başçısına “sizin də ”xodunuzu”  alan tapıldı”, deyiblər. Bir neçə sahibkar daha qanunsuz vergi yoxlamalarına imkan verməyəcəkləri və icra başçısına “haqq” göndərməyəcəkləri  barədə razılığa da gəliblər. Rayonda tezliklə F.Məmmədovun  və onun adamlarının vəzifədən çıxarılacağı barədə də xəbərlər yayılıb.
Prezidentin çıxışından sonra təlaşda olan daha bir icra başçısı isə F.Məmmədovun qaynı Xaləddin İsgəndərovdur. Binəqədidəki yanan binanın tüstüsü “bacasından çıxmamış” prezidentin sərt tənqidi ona daha bir ağır zərbə olub. Yaxın adamlarını (onların əksəriyyəti yaxın qohumları və pul yığanlarıdır) yanına toplayan X. İsgəndərov nazirin vəziyyətinin “xarab” olduğunu deyib. X. İsgəndərov sahibkarlardan və digər obyektlərdən pul yığımının “müvəqqəti dayandırılmasına” göstəriş verib. Həmçinin birbaşa onun göstərişi ilə tikilən qanunsuz tikintilərin dayandırılmasını istəyib. O yaxın ətrafına deyib ki, “Fazili işdən çıxarsalar, bəlkə də məni tutdular…”  
 
Redaksiyamıza bu xəbəri verən mənbə iddia edib ki, mayın 19-da yanan bina ilə bağlı istintaqa çağırılıb bir neçə dəfə dindirilən X.İsgəndərovun əleyhinə ifadə var. Məhz onun ərazisində baş verən məşum hadisə Avropa Oyunları ərəfəsində hakimiyyətin və bütövlükdə ölkənin imicinə ciddi zərbə oldu. Ona qarşı ifadə verənlərdən biri yanğın işi ilə bağlı hazırda həbsdədir. “O, hətta Xaləddin İsgəndərovun başqa qanunsuz əməlləri barədə də istintaqa danışacağı ilə hədələyib” deyə, mənbəmiz bildirib.
Yaranmış vəziyyət Xaləddin İsgəndərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq xəyallarını da suya düşürmüş oldu.
Xəbərlər belə deməyə əsas verir ki, F.Məmmədovla və onun yaxın ətrafı ilə bağlı proses gedir və onların təlaşı üçün  səbəb ciddidir…
“Yeni Müsavat”

Həmçinin oxuyun

Azərbaycandakı milyarder və milyonçular…

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. …

Bir cavab yazın