Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Elnur Aslanov sükutu pozdu: “Qərarı Ramiz Mehdiyev bəyan etdi”

Elnur Aslanov sükutu pozdu: “Qərarı Ramiz Mehdiyev bəyan etdi”

Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov uzun müddətli sükutdan sonra haqqın.az saytına müsahibə verib.

O, müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. E. Aslanov bu vaxta qədər özünə ünvanlanan “nurçu” ittihamlarını “absurd” adlandırıb: “Əgər bu ittihamlarda həqiqət payı olsaydı, biz indi sizinlə burada oturub, danışmazdıq. Niyə ittihamlara cavab vermirdim? Çox sadə səbəbdən: ilk növbədə hamıya birdən cavab vermək çətin idi. İkincisi, mənə qarşı irəli sürülən ittihamlar gülünc idi. Üçüncüsü, postumu tərk edərkən, heç kim məni rəsmi şəkildə “gülənçilərlə” əlaqəyə görə işdən çıxarıldığımı bəyan etmədi…”.

PA-nın keçmiş şöbə müdiri təriqətçilikdə ittiham edilməsinin səbəbini izah etməkdə çətinlik çəkdiyini qeyd edib. Onun sözlərinə görə, PA-nın şöbə müdirini korrupsiyada günahlandırmaq çətin məsələ olardı: “Prezident Administrasiyasının şöbə müdirini korrupsiyada ittiham etmək mümkün deyil. Çünki bu postda oturan şəxs maliyyə rıçaqlarına malik deyil və hansısa maliyyə axınına nəzarət etmək gücü yoxdur. Ona görə də qərara gəldilər ki, mənə belə bir sosial-mədəni yarlıq yapışdırsınlar”.

E.Aslanov 2013-cü ilin dekabrında Türkiyədə baş vermiş gurultulu həbsləri xatırladaraq qeyd edib ki, qardaş ölkənin hüquq-mühafizə orqanlarının addımlarından sonra “gülənçi” adlandırılan siyasi qrupun əməkdaşlıq etdiyi qüvvələr yada düşüb:“Bununla bağlı mən bir neçə mühüm məqama aydınlıq gətirmək istəyirəm. Bizim tərəfədən həyata keçirilən bütün dövlət məsələləri və tapşırıqlar yüksək instansiyalarla razılaşdırılırdı. Prezident Administrasiyasının nə şöbə müdiri, nə də digər məmuru özü qərar qəbul etmir və heç vaxt da etməyib. Bununla yanaşı, 2013-cü ildə adıçəkilən qrup Türkiyənin siyasi isteblişmentinə daxil idi. Biz də qardaş ölkənin hakim elitası ilə işləyərkən, heç vaxt onlara siyasi yaxud ideoloji platformalarına dair suallar vermirdik. Biz bu ölkənin hökuməti ilə işləyirdik. Digər tərəfdən, biz yox, Türkiyə tərəfi öz tərəfdaşlarını müəyyən edirdi: kiminlə işləmək və əməkdaşlıq etmək. Biz heç vaxt soruşmurduq ki, niyə Türkiyə hökuməti bu və ya digər məmuru bizimlə əməkdaşlıqda məsul şəxs kimi müəyyənləşdirib. Ola bilsin ki, bu adamlar “nurçu”, yaxud “gülənçi” olub. Amma Türkiyə siyasi elitasının qüvvələr nisbətini nəzərə aldıqda, 2013-cü ilin dekabrına qədər bizim tərəfimizdən heç vaxt belə suallar verilməyib”.

E. Aslanovun sözlərinə görə, öz işində yalnız ölkə rəhbərliyinin onların qarşısında qoyduğu Azərbaycanın milli-dövlətçilik maraqlarını rəhbər tutub. PA-nın keçmiş rəsmisi qeyd edib ki, o, heç vaxt Fərullah Gülənlə görüşməyib. “Fətullah Gülənin etibar etdiyi adamları ilə görüşünüz olubmu?”, – sualına E.Aslanovun cavabı belə olub: “Mənə bu suala cavab vermək çətindir. Təbii, o zamankı Türkiyə hökümətinin tərkibinə daxil olan məmurlar və nazirlər Gülənin etibar etdiyi dairəyə daxil ola, onunla münasibətdə ola bilərdilər. Türkiyə hökümətinin və parlamentinin çoxlu üzvü sonradan Fətullah Gülənlə əməkdaşlıqda ittiham olundu. Onlar Gülənin etibarlı adamları ola bilərdilər. Mənə bu barədə mühakimə yürütmək çətindir. Amma bu nazir və deputatlarla görüşə gəlincə, bizim əməkdaşlıq və dialoqlarımız iki ölkənin hökümətləri arasında olan əməkdaşlıq çərçivəsində olub”.

E.Aslanov bildirib ki, hazırda yenə də Türkiyə siyasətçiləri ilə əlaqələri davam edir və onların dəvəti ilə müxtəlif tədbirlərdə iştirak edir.

Həmin ərəfədə Ərdoğanın prezident İlham Əliyevə “nurçuların siyahısı”nı göndərməsi barədə KİV-də gedən məlumatlara toxunan E.Aslanov bildirib ki, “belə bir siyahı barədə eşitməyib”: “Əgər belə siyahı olsaydı və orada mənim vəzifədən azad olunmam tələbi əks olunsaydı, bu gün məni Ankarada belə isti və səmimi qarşılayardırlarmı?”

“Mən sona qədər prezidentə sədaqətlə xidmət etmişəm. Mənim qarşıma qoyulan bütün tapşırıqları çevik icra etmişəm. Dövlət başçısı ilə birbaşa əlaqədə olmaq və onunla işləmək nəinki böyük şərəf, həm də böyük məktəbdir. Mən dövlət başçımızdan çox şey öyrəndim”, – deyə E.Aslanov vurğulayıb.

“İşdən çıxarılmağınız barədə qərarı sizə kim bəyan etdi?”, – sualına cavabında E. Aslanov “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev” cavabını verib.

E.Aslanov şöbə müdiri işləyərkən, Prezident Administrasiyasın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla aralarında ciddi fikir ayrılığının olması barədə KİV-lərin yazdığı məlumatları da təkzib edib: “Əli Həsənovla aramızda normal və işgüzar münasibətlər olub. Müəyyən məsələlər barədə müxtəlif yanaşma və diskussiyanın olması mümkündür. Belə yanaşma idarəçilik sisteminin təkmilləşməsinə imkan yaradır. Administrasiyada heç bir məmur özünün şəxsi maraqlarından çıxış etmir. Hamı yalnız dövlət maraqlarını qoruyur”.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …

Bir cavab yazın