Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Elmar Vəliyev Faiq Şabanovun kürəkənini necə cəzalandırdı?

Elmar Vəliyev Faiq Şabanovun kürəkənini necə cəzalandırdı?

Ağahüseyn Məmmədov oğlunun güdazına gedib…

Mətbuatda Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunduğu haqqında məlumat dərc olunub. Xural.com kəpəztv.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu Tağıyev Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Kəpəz Rayon Polis İdarəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Elmar Vəliyevin yolunda dayanmaq, durmaq olmaz

Hadisə təxminən bir ay bundan əvvəl Gəncənin Cavadxan (keçmiş Sabir) küçəsində baş verib. Elmar Vəliyevin yolunun üstündə bir avtomobil dayandığını görən Gəncə DYP əməkdaşları yaxınlaşıb avtomobili götürmək haqqında xəbərdarlıq ediblər. Avtomobili idarə edən Nəriman adlı cavan oğlan xəbərdarlıq edənlərə qarşı kobud davranıb. Məsələ böyüyüb və Gəncənin icra başçısının güzərgahında avtomobilini saxlayan bu cavan şəhər rəhbərliyinin hədəfinə çevrilib.

Zəruri qeyd:

Bu, bir çox icra başçılarında var. Onlar özlərini idarə etdikləri şəhərlərin ağası, xanı hesab edərlər. Onların keçdiyi yollardan əhali təmizlənər, güzərgah boşaldılar. Hələ bəziləri məktəbliləri yollara düzüb özlərini güllü keçidlərdən keçirərlər. Görünür, icra başçılarımız Türkiyə seriallarına çox baxır, onlara özənirlər. Amma bu, həm də bir qorxudur. Onlar sadəcə, xalq içərisinə çıxmaqdan qorxurlar. Yolları həm də ona görə boşaltdırırlar. Elmar Vəliyev də eləcə. O da harasa gedəndə yolunu boşaltdırır və bu cavan oğlan da belə günlərin birində “ilişib”.

Ağahüseyn Məmmədov niyə təqaüdə göndərilib?

Nazir Ramil Usubovun Gəncənin Kəpəz rayonuna rəis təyinatından sonra məsələni araşdırdıq. Xural.com-un əldə etdiyi məlumatlara görə, Elmar Vəliyevin yolunun üstündə avtomobilini saxlayan Nəriman adlı həmin cavan oğlan işindən azad olunan Ağahüseyn Məmmədovun oğlu olub. DYP əməkdaşlarının xəbərdarlığına qulaq asmayan vətəndaş haqqında daha yuxarılara məruzə olunub və şəhərin DYP komandiri İslam Əhmədov hadisə yerinə gəlib. İslam Əhmədov etiraz edən sürücünün Ağahüseyn Məmmədovun oğlu olduğunu bilib və bu haqda şəhər polis idarəsinin rəis müavini İlqar Balakişiyevə məruzə edib. İlqar Balakişiyev dərhal avtomobilin cərimə meydançasına aparılmasını tapşırıb və nə olubsa, bundan sonra olub.

Faiq Şabanov-Elmar Vəliyev qarşıdurması

İşin maraqlı tərəfi burasıdır ki, etiraz edən və avtomobili həbs olunan Nəriman Məmmədov təkcə Ağahüseyn Məmmədovun oğlu deyil, həm də şəhər polis idarəsinin rəisi Faiq Şabanovun kürəkəni imiş. Məsələ aşkara çıxandan sonra Ağahüseyn Məmmədovla Faiq Şabanov arasında belə bir dialoqun da yarandığı söylənilir. Faiq Şabanov deyir: “Sən uzun illərdir ki, Gəncədə işləyirsən, budurmu nüfuzun ki, oğlunun avtomobilini cərimə meydançasına aparırlar?”Ağahüseyn Məmmədov da cavab verir: “Tutaq ki, mənim nüfuzum yoxdur. Sən ki, bu boyda şəhərin rəisisən. Bəs sənin kürəkənini niyə belə incidirlər?”

Xəbər Faiq Şabanova çatan kimi, rəis DYP komandiri İslam Əhmədovu yanına çağırır və hadisənin səbəbini öyrənir. İslam Əhmədov da hər şeyi olduğu kimi danışır və avtomobili İlqar Balakişiyevin tapşırığı ilə içəri saldığını deyir. Faiq Şabanov həm İlqar Balakişiyevi, həm də İslam Əhmədovu ağır söyüşlərlə təhqir edir. İlqar Balakişiyev cavab qaytarmasa da (o, bütün rəislərin dövründə işləyib və onların bütün növ söyüşlərinə bir növ immuniteti yaranıb – Red.), İslam Əhmədov rəisin söyüşlərinin cavabını birə-bir onun özünə və söydüyü ünvanlara qaytarır. Bununla da məsələ böyüyür və Elmar Vəliyevə çatır. Elmar Vəliyev də Bakını məlumatlandırır. Nazir Ramil Usubovun göstərişi və müdaxiləsi ilə Gəncəyə operativ komissiya göndərirlər və nəticədə Ağahüseyn Məmmədov işdən azad olunur, şəhərin polis rəisi Faiq Şabanov isə şiddətli töhmət alır.

Nəticə:

Nəriman Məmmədovun yanlış yerdə avtomobil saxlaması onun atası Ağahüseyn Məmmədovun işdən azad olunmasına, qayınatası Faiq Şabanovun şiddətli töhmət almasına gətirib çıxarır. Hadisədən sonra DYP komandiri İslam Əhmədovun da yerini dəyişdirir, onu Tovuza göndərirlər.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …

Bir cavab yazın