Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / ELDAR SABİROĞLU YENƏ PODİUMDADIR – VƏZİFƏ İSTƏYİ, YOXSA…

ELDAR SABİROĞLU YENƏ PODİUMDADIR – VƏZİFƏ İSTƏYİ, YOXSA…

Eldar Sabiroğlu adda bir siyasi makler və avantürist var. Bu adam danışmağa başladısa, o dəqiqə bilmək olar ki, yenə nəsə umacağı var. İşləri yaxşı gedəndə heç vaxt danışmır. Məhz danışmaq onun birbaşa səlahiyyətinə aid ediləndə, heç çınqırı da çıxmırdı. Müdafiə Nazirliyi kimi mühüm strukturda İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edəndə biz jurnalistlər bu adamla bir dəfə də olsun təmas qura bilmədik, səsinin tonunun necə olduğunu belə unutduq.

 

Dara düşəndə isə, bu adamda iki əsas keyfiyyət özünü büruzə verməyə başlayır: “tələbkarlıq” və həmkar təəssübkeşliyi. Həmin anlarda Eldar Sabiroğlunun yadına məhz köhnə jurnalist peşəsi düşür. Güya o hisslərin altına saxta kövrəlmə nümayiş etdirir ki, kimdənsə danışmaq və problemlərini həll etmək üçün tribuna qopara bilsin. Eldar Sabiroğlu yenə əlindəki bir namə ilə redaksiyaların qapısında əsir-yesir olub.
Bəzi siyasi nəzəriyyəçilərin klassik formulunu rəhbər tutaraq hərəkət edir. Hədəfə çatmaq üçün bütü usullardan istifadə etməyin mümkünlüyünü beyninə həkk edib. Onun yalvarışları, əzilib-büzülmələri çox da davam etmir. Elə ki, məqsədinə çatdı, yenə arenanı və çevrəni dəyişir. Onun üçün jurnalistlər yalnız hədəfə çatmaq üçün vasitə rolunu oynayır.
O, artıq bu əyri yolları bir neçə dəfə keçib və qayıdıb. Bu sahədə olan təcrübəsi yetərincədir.
Mənim özüm bunun şahidi olmuşam. 2000-ci ildə o vaxtın tanınan qəzetlərndən olan -“Etimad”ın redaksiyasından onu qapıdan qovanda, pəncərədən girirdi. İsa Nəcəfovun Eldar Həsənov barəsindəki “düşüncə”lərini həmin qəzetə daşıyırdı.

Fəallığının səbəbi bəlliydi. Bir dəfə partiya siyahısı ilə mandat qazanan Sabiroğlunun növbəti dəfə parlament kreslosunda oturmaq istəyi ürəyində qalmışdı. Özünü redaksiyaların yolunda “həlak” edəndən sonra, Eldar Sabiroğluna Müdafiə Nazirliyində yaxşı bir vəzifə verdilər. Elə bil qurbağa gölünə daş atıldı. Eldar yenə qeybə çəkildi. Bu dəfə jurnalistlər onun gözündə ən arzuolunmaz adama çevrildilər. Yeni vəzifəsindən gələn mənfəət onun gözünü elə qamaşdırdı ki, o, hətta Səfər Əbiyevə görə, nəinki jurnalisti, hətta millət vəkillərini döyməyə belə hazır oldu. Parlamentdə Səfər Əbiyevin fəaliyyətini tənqid edən deputatlardan birinin dediyinə görə, Eldar Sabiroğlu onunla rastlaşanda iradını üstünə şığayaraq bildirib: “…Az qalırdı ki, məni döysün”
Ölkənin ən aparıcı qəzetlərinin üzərində olan məhkəmə cərimələrinin qəbul edilməsində də məhz Eldar Sabiroğlunun müstəsna “xidmətləri” olub. Çünki Səfər Əbiyevlə jurnalistlərin arasındakı münasibətlərin yaxşı yox, gərgin olması başlıca olaraq Eldarın işinə yarıyırdı. Necə deyərlər: bulanıq suda balığı tutmaq daha asan olur. Səfər Əbiyevin istefası Eldarı da yerindən oynatdı və o, vəzifəsilə vidalaşmalı oldu.


Maraqlıdır ki, Eldar Sabiroğlu yenidən podumda görünməyə başlayıb. Bu dəfə seçdiyi hədəf”razmerindən” böyükdür. Ozündə böyük cəsarət taparaq indiyə kimi qarşısında ağsaqqal kimi səcdə etdiyi, bütün məclislərdə daima boğazdan yuxarı təriflədiyi akademik Ramiz Mehdiyevin üzərinə gedir. Buna üzərinə gedir də demək olmaz. Sadəcə, qıraqdan durub səs çıxarır. O, YAP funksioneri Siyavuş Novruzovu tənqid edə-edə gedib Ramiz Mehdiyevdə dayanır.
Eldarın belə cürətə gəlməsinə iki aspektdən yanaşa bilərik.

Birincisi, personanın şəxsi keyfiyyətləri belə davranış üçün tam imkan verir. Çünki “qəhrəmanımız” yalnız özünə nəsə lazım olanda danışmağa başlayır. Elə ki, marağı təmin olundu, istənilən adamı ayaqlarının altına belə almağa hazır olur. Bu, aydındır. Eldar da bilir ki, onun korporativ marağının təmin olunması üçün heç də indi tənqid hədəfi olaraq seçdiyi iri fuqur barəsində hədyanlar danışmaq tələb olunmur. O, buna mənsub olduğu keyfiyyətlərindən birini- yağlı dilini işə salsa da asanlıqla nail ola bilər.


Belədirsə, niyə Eldar ikinci və özünün təhlükəli hesab etdiyi yolu seçir?


Aydındır ki, Eldar Sabiroğlu bir parça çorək, dolanışıq davası etmir. O, bunları indiki hakimiyyətin yaratdığı imkanlardan istifadə edərək artıqlaması ilə özü və ətrafı üçün təmin edib.
Görünən budur ki, Sabiroğlu üzərinə yeni bir missiya götürmək istəyir. Hətta bir neçə yerdə deyib ki, mənim arxamda 3 milyonluq qərbi azərbaycanlılar durur. Amma tamamilə absurd fikirdi. Çünki onda bu keyfiyyət yoxdur. Dediyi regionun liderinə çevrilməsi üçün onun yenidən dünyaya gəlib mənalı bir həyat yaşaması lazımdır.
O, mediaya verdiyi müsahibədə akademik Ramiz Mehdiyevi savadsız adlandırıb və deyib ki, fəlsəfədən qalaq-qalaq kitablar yazan alimin heç həmin elm barədə elementar bilgiləri belə yoxdur.
Mən Ramiz Mehdiyevin vəkili deyiləm, ancaq bir faktı deyə bilərəm ki, hətta akademikin ən sərt tənqidçiləri belə daima onun yüksək elmi potensiala malik olduğunu bildiriblər. Bu baxımdan da, Eldar Sabiroğlunun arqumentləri onun növbəti sərsəmləməsi kimi qəbul edilməlidir.
Eldar Sabiroğlunun xüsusilə fəlsəfə elmi haqda səsləndirdiyi fikirlərlə aydınlıq gətirmək üçün, sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli ilə əlaqə saxladıq.

qabil h eldar
Q. Hüseynli Azinforum.az-a açıqlamasında E.Sabiroğlunun fikirləri ilə tanış olduğunu və bundan böyük təəssüf hissi keçirdiyini bildirdi:

 “Fəlsəfədən danışmaq üçün gərək həmin elm barəsində anlayışın ola. Mən dəqiq bilirəm ki, Eldar Sabiroğlunda həmin biliklər yoxdur. Ramiz Mehdiyevi yaxından tanıyan bir şəxs olaraq bildirirəm ki, o, dövrümüzün görkəmli alimlərindən biridir. Fəlsəfə sahəsində yazdığı əsərlər bu gün elmi- metodoloji vasitələr kimi ali məktəblərdə istifadə olunur. O, namizədlik dissertasiyasını Moskvada müdafiə edib. Onun müəllifi olduğu əsərlər bütün dünyada oxunur. Ramiz Mehdiyev fəlsəfə elmində saçlarını ağardıb. Bir sözlə, yaxşı olar ki, Eldar Sabiroğli öz səviyyəsində olan adamlar barəsində fikir yürütsün. Ramiz Mehdiyev görkəmli alim olmaqla yanaşı, həm də böyük dövlət adamıdır. Onun Azərbaycan dövlətçiliyi qarşısında müstəsna xidmətləri var”.

Bu məsələdə maraqlı olan digər məqam isə, Eldar Sabiroğlunun riyakarlığı ilə bağlıdır.
Adama deyəllər, ay öz maraqlarının təmin olunması üçün hətta böhtana belə əl atmaqdan utanmayan adam, sən Ramiz Mehdiyevi belə tanıyırdınsa, niyə vəzifədə olanda bunları demirdin?
Sən tələbəlik illərindəki xatirələrindən danışırsansa, demək, bu fikirləri özünlə uzun illərdi ki, daşıyırsan. Burada Eldar Sabiroğlunun ən “gözəl” xususiyyətlərindən biri də üzə çıxır. Deməli, o, lazım olanda danışmağı, lazım olanda isə içinə soxmağı bacarır. Təbii ki, SƏS-ini nəzərdə tuturuq…
Ən maraqlsı isə budur ki, nədənsə, Eldar Sabiroğlu yalnız vəzifəsini itirəndən sonra, podiuma qalxmaq həvəsinə düşür…
Yazının sonunda xalq arasında məşhur olan belə bir deyimi xatırlatmaq tam yerinə düşərdi: “Şir gərək pəncə vura şir ilə, onun nə işi var ….. ilə”
Azinforum.az Eldar Sabiroğlunu 1992-ci ildəki mövqeyini əks etdirən kiçik bir videogörüntünü də təqdim edir.

Mövzuya qayıdacayıq…

Məhəmmədəli QƏRİBLİ

https://youtu.be/IrcVzI4XA88

 

 

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …

Bir cavab yazın