Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Hacıbala Abutalıbovun qohumunun qandonduran əməlləri

Hacıbala Abutalıbovun qohumunun qandonduran əməlləri

Yeni köşkləri və bir çox obyektləri nəzarəti altındasaxlayan məmur milyonlarqazanır

BŞİH-in Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev həbsdən necə canını qurtarıb?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevlə bağlı redaksiyamıza bir-birindən maraqlı məlumatlar daxil olub. Qeyd edək ki, departament rəhbəri indiyə kimi mətbuatın tənqid hədəfinə az hallarda çevrilib. Başqa sözlə desək, müxtəlif qanuna zidd işlər törətməkdə ittiham olunan departament rəhbəri daim özünü bütün təhlükələrdən sığortalamağı bacarıb.

Təbii ki, BŞİH rəhbəri Hacıbala Abutalıbovun sayəsində. İddialara əsasən, departament direktoru şəhər merinin yaxın qohumudur. Mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Ticarət və Xidmət Departamenti mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır. Departament istehlak və xidmət bazarının tənzimlənməsi, ticarət və xidmət obyektlərinin yerləşdirilməsi, istismarı və fəaliyyət dairəsinə aid olan digər sahələrdə normativ tənzimlənməni həyata keçirmək məqsədilə müvafiq sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün mövcud qanunvericiliyə uyğun yerlər müəyyən etmək və müəyyən edilmiş yerlərdən istifadə edilməsinə nəzarəti həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına xüsusi razılıqların (lisenziyaların) verilməsini, həmçinin onların satışı qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, bazarlarda, yarmarkalarda və ticarət mərkəzlərində ticarət və xidmət qaydalarının gözlənilməsinə nəzarəti həyata keçirmək və bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi vəzifələri daşıyır. Daha doğrusu qanunla bu vəzifələri icra etməlidir. Bizə çatan bilgilərə görə, departament direktoru Ramiz Hacıyevin xoşa gəlməz əməlləri bu qurumun qarşısına qoyulan işlərin istənilən səviyyədə həyata keçirilməsinə imkan vermir. Məlumatlı mənbələrin iddiasına əsasən, hökumət bir müddət əvvəl küçə ticarətini ləğv etsə də, Ticarət və Xidmət Departamentinin əməkdaşları küçədə müxtəlif növ məhsulların satışını həyata keçirən şəxslərin qanunsuz fəaliyyətinə nəyinsə müqabilində şərait yaradırlar: “Ötən il səyyar (mövsümi) ticarət və xidmətin küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilməsi qadağan edilib. Qərara əsasən, müəyyən edilmiş sahələrdən kənarda səyyar ticarət və xidmət fəaliyyəti qadağandır. Buna baxmayaraq, Ramiz Hacıyev və işçiləri insanların sağlamlığına, ətraf mühitə mənfi təsir göstərə bilən digər məhsulların paytaxt küçələrində satışına icazə verirlər. Həmin şəxslər malları bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin üzərinə qoyaraq satırlar. Bunun qarşılığında hər gün departamentin işçilərinə “çay pulu” verirlər. Hacıbala Abutalıbovun qohumu ona arxayın olaraq müxtəlif xoşagəlməz işlərlə məşğul olur. Şəhərdə fəaliyyət göstərən yeni “Kiosk Press”lərin hamısı ona məxsusdur. Çoxları elə fikirləşir ki, bu köşklər tamamilə başqa şəxsə aiddir. Amma yeni köşklər Hacıbala Abutalıbov və qohumunun nəzarəti altındadır. Həmin köşklərdən il ərzində milyonlarla qazanc əldə edilir. Bu pullardan dövlətin büdcəsinə az miqdarda vəsait keçirilir”. Bu arada, apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev bir neçə il əvvəl böyük problem yaşayıb. Məlumata görə, direktor 2010-cu ildə həbs edilib. Onun tutulmasına səbəb departament işcilərinin paytaxtdakı mağazalardan “haqq” tələb etməsi olub. “Hüquq-mühafizə orqanlarının əməkdaşları Binəqədi rayonundakı mağazalardan “haqq” yığan departamentin iki əməkdaşını saxlayıb. Dindirmə zamanı məlum olub ki, mağaza və köşklərdən pul yığmağı onlara BŞİH Ticarət və Xidmət Departamenti Şimal idarəsinin Məmməd Qəhrəmanov adlı rəisi tapşırıb. Bundan sonra Məmməd Qəhrəmanov da həbs olunaraq polis bölməsinə aparılıb. Dindirmə zamanı aydın olub ki, o, obyektlərdən pul yığılmasını departamentin direktoru Ramiz Hacıyevin göstərişi əsasında həyata keçirib. Bundan sonra Ramiz Hacıyevin kabinetinə gələn şəxslər onu maşına mindirərək yaxındakı polis bölmələrindən birinə aparıblar.

Direktor yalnız Hacıbala müəllimin işə qarışmasından sonra sərbəst buraxılıb. Eyni zamanda ona bundan sonra şəhərdəki mağaza və köşklərin fəaliyyətinə müdaxilə etməmək barədə qəti tapşırıq verilib”, deyə məlumatda bildirilib. Maraqlıdır ki, bir neçə gün polis bölməsində saxlanılan direktor sərbəst buraxılandan sonra işdən çıxarılmayıb və hazırda köhnə əməllərini davam etdirməklə məşğuldur. Gələn saylarımızda Ticarət və Xidmət Departamentinin Bakı şəhəri üzrə Şimal, Qərb, Şərq və Cənub regional idarələrinin fəaliyyətindəki qüsurlar və Ramiz Hacıyevin varidatı haqda ilginc faktları diqqətinizə çatdıracağıq. Bizi izləyin.

 

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.

 

gundelikbaku.com

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın