Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Bakıda “əsəbi istirahət”: böyüklər balacaları necə soyur…

Bakıda “əsəbi istirahət”: böyüklər balacaları necə soyur…

Bakıdakı uşaq əyləncə mərkəzlərində qiymətlər “od tutub yanır”. Ciblərini doldurmaq naminə uşaqları aldatmaqdan çəkinməyən işbazlara  isə “dur” deyən tapılmır…

Yəqin bəziləri deputat hacırəcəblisayağı irad bildirəcək: “Pulun yoxdursa, əyləncə mərkəzlərində nə işin var?”

Amma azyaşlı övladı olan ailələrdən 60-70 faizin yolu əyləncə mərkəzindən keçir. Xüsusilə yayı xarici ölkələrdə, hətta Biləcəridən o tərəfdə keçirmək imkanı olmayan ailələr əyləncə mərkəzlərinə üz tutmaq məcburiyyətindədir.

Son illər paytaxtda onlarla uşaq əyləncə mərkəzləri, istirahət məkanları açılıb. Yəni seçim inkanı artıb. Amma say artımı  keyfiyyətə, qiymətlərə təsir etmir. İndi bu əyləncə mərkəzlərində 2-3 saatlıq normal istirahət üçün ya 200-300 manat xərclənməli, ya da uşağı gözüyaşlı, kor-peşman geri qaytarmalısan.

Virtualaz.org saytının reportyorları Bakıdakıuşaq əyləncə mərkəzlərindəki qiymətlərlə maraqlanıb.

“28 Moll” ticarət mərkəzində yerləşən əyləncə mərkəzindən başlayaq.

Öncə qeyd edək ki, əyləncədən əvvəl yüngülvai nahar kafenin təkcə adına görə 20-50 manata başa gələcək. Yox, yanlış anlamayın. Məsələn, bahalığına görə seçilən “Mado” kafesində qulluq və ya keyfiyyət “McDonalds” və ya “KFC”-dən fərqlənmir. Sadəcə oturmağa yer tapmayanlar “Mado”, “Manqal”  və ya “Köfteçi” kafelərini seçməzdən əvvəl qiymətlərə nəzər salmadan sifariş verməsinlər.

Keçək əyləncə mərkəzinə. Ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən məkanda oyun oynamaq üçün kart almaq lazımdır. Oyunların bir dəqiqəsi 1 manat 50 qəpikdən 5 manatadəkdir. Hərçənd ki, 1 manat 50 qəpiklik oyun aparatları işləmir.

İşləyən aparatlarlar isə əsl pul tələsidir. 1 dəqiqə ərzində şarları torun içinə atmaq lazımdır. Uşağın 3 cəhdi alınır, dördüncü cəhddə dəqiqələr sona yetir, 5 manat da dəqiqələrlə birgə “əriyir”.

Növbəti aparata 2 manat yükləyib dəyəri 20 qəpikdən artıq olmayan oyuncağı götürmək lazımdır. Bir cəhd və 2 manat da yoxa çıxdı.

Tennis və ya boulinq ayrı-ayrılıqda 5 manatdır. Bunu yükləyib oynamaq da uşaqları razı salmır. 1 dəqiqənin 30 saniyəsi topun geri qayıtmasına sərf olunur. Növbəti yükləmələr… 20 dəqiqənin içərisində 50 manat xərcləyən valideyn uşağın narazı sifətini izləyə-izləyə əyləncə mərkəzini tərk edir.

“Metro Park” ticarət mərkəzinin 4-cü mərtəbəsindəki əyləncə məkanında da attraksionlar, müxtəlif oyunlar var.

Oyuna başlamaq üçün 3 manatlıq kart alıb pul yükləmək lazımdır. Buradakı oyunlar 1 manatdan başlayır. 2 manat yükləyib 1 dəqiqəyə nə qədər fırlana bilərsiniz ki?

Uşağın üzünün gülüb məmnunluqdan başının gicəllənməsi üçün 50-60 manat bəs edər. Təbii ki, 3 manat ödədiyiniz kartın və ya karta ödənilən, lakin xərclənməyən pulun geri qaytarılmasından söhbət gedə bilməz.

“Megafun” əyləncə mərkəzində qiymətlər çoxlarına bəllidir. Doğrudur, bu əyləncə mərkəzi əvvəlki məhşurluğunu saxlaya bilməyib.

Lakin qiymətlər bir qədər bahalaşıb. Hərçənd ki, əyləncə mərkəzindən bahalaşma ilə bağlı suallara “yox” cavabı verirlər.

“Megafun”da əylənmək üçün kart almaq daha sərfəlidir. 25 manatlıq kart alıb 120 dəqiqə oynamaq mümkündür. Amma məsələn, bir kartdan iki uşaq istifadə edəcəksə, biri  digərinin oyun müddətinin bitməsini gözləməlidir.

Kart boulinq xaric bütün attraksionlarda keçərlidir. Amma sanmayın ki, bu kartla 120 dəqiqə bütün aparatlardan istifadə edə, uşağınızı əyləndirə bilərsiniz. Dəqiqəsi 3-5 manata olan və daha əyləncəli şoular üçün 100-150 manat xərcləməlisiniz. Biz arada nahar istəyinizi də nəzərə alsaq, bu məkanda 2-3 saatlıq istirahət 200 manatınızı “göyə sovuracaq”.

“Tom və Cerri” əyləncə mərkəzində də vəziyyət fərqli deyil.

Daha çox 3-10 yaşlı uşaqlar üçün münasib olan aparatlarda bir dəqiqəyə güllə vurmaq, maşın sürmək, tennis oynamaq, yellənmək mümkündür. Amma gərək cabin dolu olsun. 1 dəqiqədə 2 manatı beş güllə ilə vurmaq üçün cabin dolu olması lazımdır təbii ki…

Əyləncə mərkəzində nahar etmək üçün təklif edilən menyuda 6-15 manatdan pitsadan, qrildən tutmuş bir çox yeməkləri dadmaq mümkündür. İki uşağı ilə birgə getmiş valideynlər 100 manata istirahət edə biləcəklər.

“Tom və Cerri”nin yaxınlığında yerləşən “Mələk”də isə nisbətən ucuzluqdur. Çünki seçim imkanı azdır.

Burada oyunlar daha çox 7 yaşınadək uşaqlar üçün münasibdir.

Bu arada “Olimpik Star” əyləncə mərkəzini də yaddan çıxarmayaq.

Oyun aparatları, zoom (uşaqların içində oynayacağı, kiçik toplarla, yumşaq kreslolarla dolu məkan) və daha nələr üçün paytaxtın o başından bu mərkəzə gələnlər var.

Bu məkanda oyunlar 1-6 manatdır. Yəni 5 dəqiqə 5 oyun üçün minimum 10 manat ödənilməlidir. Təbii ki, bu qiymət 6 yaşlı uşaqlar üçün keçərlidir. Nisbətən böyüklər daha çox, özü də iri oyun aparatlarına üstünlük verirlər. Yəni uşağı aparatın qarşısından ayırmaq üçün 40-50 manat verilməlidir.

Bu məkanda nahar etmək üçün cibinizdə maksimum 50 manat saxlayın. Yeməklər bir yana çay, sərinləşdirici içkilər iki-üç dəfə baha təklif edilir. Məsələn, “Coca-Cola” üçün 3 manat ödəyən valideyn yanında pitsa da alsa, 11-12 manat xərcləməlidir. Bura salat və ya çərəzləri də əlavə etsək və qiymət 50 manatda qərarlaşsa, buna sevinərsiniz. Yəni vəziyyət fərqli deyil.

Nəzərə alın ki, biz böyüklər üçün nəzərdə tutulan oyunların qiymətini xatırlatmadıq, hərçənd ki, uşaqların əksəriyyəti məhz bu oyunlara üstünlük verir.

Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı parkda tikilmiş “Akvarium” əyləncə mərkəzində də qiymətlər 2-5 manat arasında dəyişir.

Cəmi 1 dəqiqə, işləməyən, amma pul yeyən aparatlar və “göyə sovrulan” aylıq məvacib –   buradakı vəziyyəti üç kəlmə ilə belə ifadə edə bilərik.

Biz hələ 5 manat verib hoppanmağı, 10 manat verib kəndirlə dirmanmağı, 6 manata topun içərisində uzanmağı qeyd etmədik.

Amma bu əyləncə mərkəzlərinin əməkdaşlarından soruşduğumuz, lakin cavab ala bilmədiyimiz bir çox məqamlar var ki, bunları əlaqədar orqanların nəzərinə çatdırmaq istəyirik.

Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən soruşmaq istəyirik: aparatların üzərindəki qiymətlər niyə rus dilində göstərilir? Bu aparatların əksəriyyəti işləmir, ancaq kartdan pul silir. Bəzən etiraz edən, əsəbləri pozulan valideynlər isə saatlarla mübahisə etmək məcburiyyətində qalırlar. Bu aparatlar texniki baxışdan keçirilirmi?

Və ya dövlət qurumları bu sualların cavabını öyrənməyimizə kömək edərmi? Əyləncə mərkəzlərindəki qiymətləri kim və hansı əsaslarla müəyyən edir?

Bəs kafe və restoranlarda süni qiymət artımının qarşısını almaq üçün hansısa tədbirlər görülürmü?

“Məzuniyyətdəyəm” kimi klassik yay bəhanəsi olmasaydı, suallarımıza birbaşa müraciətlə cavab tapa bilərdik.

Necə deyərlər, çoxluq heç də keyfiyyətin yüksəlməsinə, qiymətlərin aşağı düşməsinə səbəb olmayıb. Yəni iqtisadi terminlər, azad rəqabətin diktəsi kimi anlayışlar burada keçərli deyil. Çalışın, əsəblərinizi qoruyun.

Ülviyyə Xuduzadə

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın