Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Cəmiyyət / AZAD RƏHİMOVDAN HEYRƏT DOĞURAN AÇIQLAMALAR

AZAD RƏHİMOVDAN HEYRƏT DOĞURAN AÇIQLAMALAR

Dünən gənclər və idman naziri Azad Rəhimov haqqin.az portalına müsahibə verib. Müsahibəsində Azərbaycanı təmsil edən, ancaq əksəriyyəti (60 faizi) başqa ölkələrdən cəlb olunmuş idmançıların uğurlarından ağız-dolusu danışan, bunu özünün xidməti kimi qələmə verməyə çalışan nazirin bəzi fikirlərinə heyrətlənməmək mümkün deyil.

Bunlardan birincisi onun ölkədə bəzi idman növlərinin, o cümlədən həndbolun hazırda yox səviyyəsində olmasına dair suala cavabıdır. Görün Azad Rəhimov nə deyir: “İndi sırf emosial olaraq deyirik ki, sovet dövründə həndbol populyar idi. O vaxtlar məktəblərə gedirdilər və seçim aparırdılar. İndi təəsüf ki, bu yoxdur.
Sovet dövründə uşaq-gənclər idman məktəbi var idi. Hər məktəbdə bu və ya digər idman növü üzrə dayaq bazası olurdu. Təəsüf ki, indi bunlar yoxdur. Ancaq hər şey məktəbdən başlayır. Biz bütün bunları itirmişik”.

Adam belə yerdə deməyə söz tapmır. Sanki bu işləri həyata keçirməyə borclu olan bir qurumun rəhbəri deyil, hansısa ictimaiyyət və ya müxalifət nümayəndəsi danışır. Hörmətli Azad müəllimə sual edirik: dediyiniz bu işləri kim görməlidir? Bəlkə kimsə sizin əvəzinizə idman məktəbləri açmalı, gəncləri müxtəlif idman növlərinə cəlb etməlidir? Yoxsa, müxalifət partiyaları günahkardır?

Gənclər və İdman Nazirliyi məhz bunlardan – məktəblər yaratmaq, gəncləri idmanın müxtəlif növlərinə cəlb etmək, istedadlıları üzə çıxarmaq, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdən ötrü mövcud deyilmi? 10 ildir bu sahəyə rəhbərlik edirsiz, dövlət bu sahəyə 100 milyonlarla pul ayırıb, nə iş görmüsüz? Özünüz etiraf edirsiniz ki, heç bir iş!

Belə görünür ki, nazirliyin fəaliyyəti əksəriyyətinin qapısı yalnız açılış zamanı açılan və ictimaiyyət tərəfindən korrupsiya layihələri kimi dəyərləndirilən Olimpiya Mərkəzlərini tikmədən o yana keçməyib. Elə buna görə də beynəlxalq yarışlarda, o cümldən olimpiadalarda Azərbaycan legionerlərə möhtac qalır.

Nazirin ikinci heyrətamiz fikri legionerin Azərbaycan yığmasına cəlb edilməsini “əsaslandırması” zamanı söylədiklərdir. Jurnalistin “Bu qədər çox sayda legionerin Azərbaycan yığmasına cəlb edilməsinin nə mənası var? Razılaşın ki, milli komandanın tərkibində kubalı boksçunu görmək adama qəribə gəlir. Onu özümüzünkü kimi qəbul etmək çətindir…” fikrinə görün nazirimiz necə cavab verir: “Bu gün qloballaşma dövründə, təkcə insanların deyil, bütöv şəhərlərin bir nöqtədən başqa nöqtəyə köçdüyü bir vaxtda nəyə görə biz özümüzü legionerlərdən kənarda tutmalıyıq? 

Boksçu Lorentso Sotomayor səmimi etiraf edir ki, o, Kubanın kasıb məhəlləsində yaşayırdı, onu tapdılar, Azərbaycana gətirdilər, normal şərait yaratdılar. O, deyir ki, burada olmaqdan xoşbəxtdir və heç yana gedən deyil, hətta adını dəyişmək istəyir. Bu adamı necə legioner saymaq olar?
Başqa misal gətirim. Bu gün avarçəkməni necə inkişaf etdirmək olar ki, ölkədə cəmi bir baza var, o da əhalisi 100 min nəfər olan Mingəçevirdə yerləşir? Bakıda da baza lazımdır. Lakin burada münasib yer yoxdur. Məsələ cənab prezidentə məruzə ediləcək”.

Yenə də sual olunur: 10 ildir nazirsiniz, indi niyə məruzə edirsiniz? “Ölkədə cəmi bir baza olduğu halda, avarçəkməni necə inkişaf etdirmək olar” sualını kim-kimə verməlidir? Bu işlə də rəhbərlik etdiyiniz nazirlik məşğul olmalı deyilmi?

Çox hörmətli nazir deyir ki, Kubanın kasıb məhəlləsində yaşayan bokçunu gətirdik Azərbaycana, oldu azərbaycanlı. Bu məntiqlə hansı ölkənin pulu var, ümumiyyətlə idmançı yetişdirməyin qeydinə qalmamalıdır, elə kasıb ölkələrin idmançılarını pulla alıb öz təmsilçisinə çevirməlidir. Tutaq ki, ABŞ və yaxud Səudiyyə Ərəbistanı kasıb Braziliyanın milli futbol komandasının bütün oyunçularına yaxşı pul verib, şərait yaradıb onların adından çıxış etməsini təmin edə bilər.

Belə bir düşüncə olarmı? Görünür olarmış. Ən pisi odur ki, belə bir düşüncə tərzinə malik insan Azərbaycanın idman naziridir.

Elə buna görə də 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq, Rio Olimpiadasında Azərbaycan yığmasının, təxminən 60 faizi gəlmələrdən ibarət idi. Bu nazirlə davam etsək, çox guman ki, növbəti olimpiadada yığmamız azı 90 faiz legionerlə təmsil olunacaq. Hər halda idman nazirimiz “qloballaşma dövründə” bunu təəccüblə qarşılamamağı məsləhət görür. Zatən bu ölkədə təəccüblənəsi nəsə qalıbmı?

AzPolitika.info

Həmçinin oxuyun

Biznesdə gender disbalansı: kişilər qadınlardan dörd dəfə çoxdur

Dövlət strukturları tərəfindən qadın sahibkarlara diqqət və qayğının göstərilməsinə baxmayaraq, Azərbaycanın biznes sferasında onların sayı …

Bir cavab yazın