Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda sonuncu dollar bumunun arxasındakı pozucu maliyyə məbləği…

Azərbaycanda sonuncu dollar bumunun arxasındakı pozucu maliyyə məbləği…

Vüqar Bayramov: “Sizcə bizdə 9 milyardı bazara buraxmaq gücündə olan işbaz varmı?”

Son günlər manatın yenidən devalvasiya olacağı barədə xəbərlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Valyutadəyişmə məntəqələrində avqustun 22-si və 23-də müşahidə edilən ajiotaj qismən sakitləşsə də, gərginlik tam aradan qalxmayıb.
Mərkəzi Bankın avqustun 25-nə müəyyənləşdirdiyi məzənnəyə əsasən, 1 dollar 1.0466 manat, avro isə 1,2078 manat təşkil edib. Qeyd edək ki, avqustun 24-də 1 dollar 1.0470 manat, avro isə 1,1994 manat olub.
Mətbuatda son günlər baş verənlərlə bağlı maraqlı mülahizələr irəli sürülür. Qeyd edilir ki, Bakıda manatı qiymətdən salmaq istəyən müəyyən qüvvələr var və onlar əllərində olan nağd manat vəsaitlərini bazara ataraq süni ajiotaj yaradır. Bu ajiotaj nəticəsində sadə vətəndaşlar manatın yenə devalvasiyaya uğrayacağını düşünərək evdə olan bütün manat vəsaitlərini dollara çevirməyə çalışır.
Azərbaycanda fevralın 21-də manat ucuzlaşdıqdan sonra Prezident İlham Əliyev maraqlı bir açıqlama vermişdi: “Bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda, bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi” .
Ümumiyyətlə maraqlıdır, dolların kursunu oynatmaq gücünə malik olan qüvvə varmı və bunun üçün həmin işbazlara nə qədər vəsait lazımdır?
İqtisadçı-ekspert Əkrəm Həsənovun fikrincə, bu, müxtəlif qüvvələr ola bilər: “Birincisi, bunu Beynəlxalq Bankın kredit oliqarxları da edə bilər. Təsəvvür edin, heç bir iş görməyən adamların rentabelsiz layihələrinə 1-2 milyard manat vəsait veriblər. İllər keçib, heç bir iş görməyiblər. Onlar həmin pulu dollara keçirəndən sonra manatı çökdürməyə çalışmalıdırlar. Manat 33,5 faiz devalvasiya edəndən sonra 1 milyard manat kredit götürmüş adam birdən-birə 335 milyon manat irəli düşdü”.
İqtisadçı Vüqar Bayramov  açıqlamasında bildirdi ki, bu o qədər də asan iş deyil: “Bunun üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Mən inanmıram ki, Azərbaycanda hansısa işbaz dairəsi bu gücdə olsun. Məzənnə ilə manipulyasiya etmək üçün qara bazar yaratmaq lazımdır.
Buna nail olsalar, Mərkəzi Bankın dolların kursunu tənzimləmək üçün buraxdığı vəsaitin məbləğini artıra bilərlər.
Yəni dövlət məcbur olacaq ki, artıq vəsait buraxsın. Konkret olaraq məzənnəni endirib-qaldırmaq üçün əldə olan pul Mərkəzi Bankın valyuta ehtiyatından çox olmalıdır. Hazırda bizim valyuta ehtiyatımız 8.5 milyard civarındadır. Sizcə bizdə 9 milyardı bazara buraxmaq gücündə olan işbaz varmı?”
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …

Bir cavab yazın