Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan miqrasiya idarəçiliyində dünya üçün model kimi göstərildi

Azərbaycan miqrasiya idarəçiliyində dünya üçün model kimi göstərildi

“Digər tərəfdən isə, Azərbaycanda sırf bu məsələlərlə məşğul olan bir dövlət qurumu yaradıldı”

Aqşin Əliyev: “Onlarla aparılan iş bizim bu sahədə təcrübəmizi artırdı”

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi qəbul edib. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu qeyd edib:
“Mən Sizin rəhbərliyinizlə ölkənizdə, sözün həqiqi mənasında, həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır”. Azərbaycan Miqrasiya Xidməti ilə hazırda bir sıra təşəbbüslərin müzakirə edildiyini bildirən qonaq rəhbərlik etdiyi təşkilatın bu təşəbbüslərin həyata keçirilməsi işinə kömək göstərməsi məsələlərinə baxıldığını da bildirib. Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurlara toxunan Uilyam Leysi Sinq “Mən, eyni zamanda, ölkənizin sosial-iqtisadi sahədə əldə etdiyi inkişafla da bağlı təbriklərimi çatdırıram. Mən televiziya vasitəsilə Birinci Avropa Oyunlarının keçirilməsini maraqla izlədim. Səfərim zamanı gördüyüm yeni tikilmiş stadion və idmançılar üçün inşa edilən binalar da məni valeh etdi”, – deyə bildirib.
Prezident İlham Əliyev Azərbaycanın artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrildiyini bildirərək, Birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində həyata keçirildiyini vurğulayıb və ölkəmizdə artıq “Formula-1” və İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarına hazırlıq işlərinin getdiyini qeyd edib. Dövlət başçısı bu cür tədbirlərin ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaratdığını bildirib və Azərbaycanda turizmin inkişafının böyük potensiala malik olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda demoqrafik şəraitin müsbət istiqamətdə inkişaf etməsi və ölkəmizin böyük işçi qüvvəsinə malik olması nəzərə alınmaqla miqrasiya ilə bağlı məsələlər dövlətin daim diqqət mərkəzindədir. Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Azərbaycan Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Beynəlxalq Miqrasiya Təşkilatı kimi mötəbər bir qurumun rəhbəri Azərbaycanın miqrasiya sahəsində böyük təcrübəyə malik olduğu bildirib, eyni zamanda, bizim təcrübəmizdən yararlanmaq istədiklərini qeyd edib.
Miqrasiya məsələləri üzrə ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan bu sahədə doğrudan da böyük uğurlar əldə edib: “Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi bizim ölkəyə marağı da artırdı. Əcnəbiləri biz bir sıra parametrlərə görə cəlb etdik. Bunlardan biri də əmək bazarında xarici miqrantların işlə təmin olunmasına verilən icazə oldu. Xüsusilə də ölkədə tikinti sektorunun sürətli inkişafı xarici miqrantların ölkəyə gəlişinə səbəb oldu. Onlarla aparılan iş bizim bu sahədə olan təcrübəmizi artırdı. Digər tərəfdən isə, Azərbaycanda sırf bu məsələlərlə məşğul olan bir dövlət qurumu yaradıldı. Maraqlıdır ki, əksər dövlətlərdə miqrasiya strukturu başqa qurumların tərkibində fəaliyyət göstərir. Bizdə isə bütün müasir avadanlıqlar və kadrlarla təchiz edilən ayrıca qurum kimi. Bizim miqrasiya sahəsindəki uğurlarımızı şərtləndirəm amillərdən biri də bu sahədə qanunvericilik bazasının sadələşdirilməsi oldu. Hazırda bütün “ASAN xidmət” mərkəzlərində miqrasiya sənədləşdirməsini aparan bölmələr fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev bu sahəyə xüsusi qayğı ilə yanaşır. Bu yaxınlarda ölkəyə gəlmək üçün vizaların verilməsinin asanlaşdırılmasına dair də xüsusi göstəriş verildi. Bütün bunlar beynəlxalq aləm tərəfindən maraqla izlənir. Təbiidir ki, bizdən öyrənməyə çox şey var”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın