Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “26-lar”ın tərəfdarları xortladılar – FOTOLAR

“26-lar”ın tərəfdarları xortladılar – FOTOLAR

Bir qrup kommunistin Bakı komissarlarının qəbrini ziyarət etməsinə sərt reaksiya verildi; Fazil Mustafa: “Nuru Paşaya qiymət verilməyən yerdə “26-lar”ı da, Lenini də ziyarət edəcəklər”

KXCP Ali Məclisinin üzvü Elşən Əlisoyun sosial şəbəkələrdə paylaşdığı fotolar hər kəsi heyrətə gətirib. Sən demə, Azərbaycanda “26 Bakı Komissarı” adlanan quldurların məzarını ziyarət edən xainlər də yaşayır. Fotolara baxanda insan dəhşətə gəlir.

E.Əlisoy yazır: “Şəkildə gördüyünüz bu ”azərbaycanlılar\” “26 Bakı Komissarı” adlandırılan quldurların qəbirlərini ziyarət edib, cümhuriyyətimizi quran ziyalılarımızı Daşnak-Müsavat tör-töküntüsü adlandırıblar.

Kommunist olduqlarını iddia edən bu rusbaşlar çıxışlarında və yaydıqları məlumatda Şaumyanın da təmsil olunduğu komissarları Azərbaycanın qəhrəmanları kimi təqdim etməkdən belə çəkinmirlər.

Dəyərli dostlar, 26 rəqəmi olan kafeyə basqını hər birimiz gördük, Hacıbala Abutalıbovun az qala 26-ların qalasını dağıdıbmış kimi sinəsini qabağa verib, həmin obyektin dağıdılmasına rəhbərlik etdiyi yadımızdadır. Demək, dava yorğan davası olub…

Dostlar, Fəxri Xiyabanda hələ də bu xainlərin məzarlarının olması və həmin məzarlarda müsavatçıları xain adlandıran yazıların qorunub saxlanılması, Bakıda “26 Bakı Komissarları”nın adına küçənin olması və ən əsası da ən qatı cəlladların Suraxanı rayonundakı qəbirlərinin ziyarətgaha çevrilmə cəhdində bulunması millətimizin adına təhqirdir. Bu virusun yayılmasının qarşısı alınmalıdır. Hakimiyyət milləti düşünən insanları sıxışdırıb, xalq düşmənlərinə qanad verib şərait yaratmaqla Azərbaycanda təhlükəli balansın yaranmasına şərait yaratdığını anlamalıdır.

Siz hələ bunların yaydığı bəyanatda olan cümlələrə baxın:

“Daşnak-Müsavat tör-töküntüləri anlayırdılar ki, öz çirkin məqsədlərinə nail omaq üçün əsas vasitələrdən biri də milli ədavəti qızışdırmaqdır. Onların bilavasitə təşkilatçılığı ilə 1918-ci ilin mart ayının 30-dan aprel ayının 2-nə qədər Bakı şəhərində, həmçinin Bakının quberniyalarında, bir tərəfdən Quba, Xaçmaz, digər tərəfdən, Şamaxı, Ağsu, Göyçay, Lənkəran, Qarabağ və Naxçıvan ərazilərində törədilmiş qətliamlarda ”26-lar\”ın heç bir suçu yoxdur, əksinə, onlar qardaş qırğınının qarşısını almağa çalışıblar\”.

Bu xəstə düşüncə sahiblərinin zəhərli təbliğatları elə yerindəcə boğulmalıdır, bu rus başlılar mütləq nəzarət altına alınmalıdırlar, bunlar evdə olan sandıqlarında Stalinin – Leninin büstünü saxlayan adamlardır və bir gün Rusiyadan gələn hər bir terror tapşırığını özlərindən qabakı satqınlar kimi canla-başla yerinə yetirəcəklər\”.

Hər kəsin hiddətinə səbəb olan bu məsələ ilə bağlı musavat.com əlavə şərh verib: “Birincisi, 1918-ci ildə güllələnən ”26-lar\”ın içində erməni millətindən olan və azərbaycanlılara qarşı soyqırıma rəhbərlik edən 7 erməni olub. Onların biri hökumətin rəhbəri, biri Bakının komendantı, biri cəza dəstələrinin komandiri olub. Sonradan açılmış arxivlər onların bu xalqa qarşı məqsədyönlü cinayət törətdiklərini göstərir. Təkcə Şaumyanın Leninə göndərdiyi teleqramı xatırlamaq kifayətdir. Şaumyan yazırdı ki, “azərbaycanlılar Bakını paytaxt etmək istəyirlər, buna yol vermək olmaz”. Bu düşmənçilik deyilmi? Min ildən bəri Azərbaycan şəhəri olmuş Bakını nəyə görə paytaxt etməməli idik?
İkincisi, bu xainlər fürsət gözləyir, başqa dövlətə işləyir, başqa ideologiyaya qulluq edirlər. Bunlar özləri hakimiyyətdə olanda minlərlə adamı “başqa dövlətlərə casusluq etmək”də suçlayaraq güllələyiblər. Bunlar o adamlardır ki, əllərinə imkan düşsə, İŞİD başkəsənlərindən də pis olarlar.

Şəkillərdə az göründüklərinə baxmayın, əslində onlar çoxdurlar. Daha hiyləgərləri var ki, kamera önünə keçib özlərini ifşa etmirlər\”.
Bu xəbər yayılan kimi ölkə gündəmini zəbt etdi. Hər kəs bu ziyarətdə iştirak edənləri şərt şəkildə tənqid edir, qınayır, aidiyyəti qurumları bununla bağlı dərhal lazımı çağırır. Son günlərdə “26 Bakı Komissarı” ilə bağlı tez-tez bu tipli məsələlərin gündəmə çıxmasının təsadüf olmadığı vurğulanır. Xüsusilə Sabunçu rayonundakı “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilib, “2 aprel” küçəsi adlandırılandan dərhal sonra bu ziyarətin gerçəkləşməsi əslində xainlərin mesajı kimi qəbul olunur, yəni “sizlər bu adı silmək istəyirsiniz, amma biz yaşadırıq” mesajı verilir…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında kifayət qədər maraq doğuracaq məsələlərə toxundu: “Onların ziyarətini təbii qarşılamalıyıq. Azərbaycan hökuməti səviyyəsində qeyd olunub ki, Bakıda 30 mindən çox erməni yaşayır. ”26-lar\” bir erməni hərəkatı idi. Onların içərisində bir neçə nəfər azərbaycanlının yer alması bir talesizlik idi. Onlar sonrakı dönəmlərdə bu proseslərin ölkəmizin əleyhinə yönəldiyini etiraf ediblər. Bu şəxslər daha çox cəmiyyət içərisindəki reaksiyalara baxırlar. Görürlər ki, Bakını işğaldan azad edən Nuru Paşaya qiymət verilmir. Heykəli yoxdur, adına küçə, təqaüd yoxdur. Sanki sıradan bir şəxs kimi qiymət verilir. Halbuki Bakını işğaldan azad edib, erməniləri yerində otuzdurmasaydı, şəhərin paytaxt olması belə şübhəli idi. Ona qiymət vermədiyimiz təqdirdə nə olmalıdır? Nuru Paşaya qiymət verilmir, demək “26-lar”ı qaldırmaq lazımdır. Nə qədər ki, gerçək qəhrəmanlara qiymət vermirik, bizə sırınan qəhrəmanların təbliğinə təəccüblənməməliyik. Hər bir pisin yaxşı alternativi olmalıdır, alternativi də pis kimi qəbul edirsənsə, o zaman başqa bir şey ummağa gərək yoxdur. Cəmiyyətin də buradakı passivliyi əsas rol oynayır. Hansısa bir evdə Nuru Paşanın şəkli yoxdur, ona olan vəfa borcumuzu yerinə yetirmirik. Halbuki ondan başqa onun kimi bizim üçün ikinci bir qəhrəmanlıq edən şəxs yoxdur. Bu şəxsə qiymət verilməyən yerdə “26-lar”ı da, Lenini də ziyarət etməyə haqlıdırlar. Hətta Şaumyanın da qəbrini bura köçürməkdə haqlı olanlar meydana çıxa bilər. Görürlər ki, qəhrəmanlarımıza qiymət vermirik, tarixdən 5-10 bizə sırınan qəhrəmana küçə adı veririk, xatirələrini əbədiləşdiririk. Onların bu addımını normal qarşılayıram. Bu, bizi hərəkətə gətirmək, qıcıqlandırmaq üçün çox faydalı bir addımdır. Ən azı bizə xatırladır ki, siz də öz qəhrəmanınıza kişi kimi dəyər verin, insanlar bu torpaq uğrunda şəhid olmağa peşman olmasınlar. Açığı, sovet dövründəki qəbirlərin, abidələrin saxlanılmasının tərəfdarıyam. Çünki bunlar bizim üçün ibrətdir, tariximizdir. Müstəqilliyin qədrini bilmək üçün sovet dövrü bizim üçün çox böyük tarixdir. Bu baxımdan, onların abidələrinin saxlanılmasına normal yanaşıram\”.

Deputat belə şəxslərin cəzalandırılması çağırışlarına da toxundu: “Bu cəzanı tətbiq etmək indi real deyil. Əgər Fəxri Xiyabanda Azərbaycanı Rusiyaya satan Əli Bayramovun qəbri üstündə yazılırsa ki, Müsavat cəlladları tərəfindən qətlə yetirilib, bu ortamda nə olmalıdır? İnsanlar bir şeyin mahiyyətini anlamayıb, arxasınca gedirlərsə, bu problemdir. Azərbaycanlıya necə izah edək ki, sənin mövcudluğunun əsas səbəbkarı Nuru Paşa və Qafqaz İslam Ordusudur. Elə şeylər var ki, bu cəza ilə olmur. Sən qəhrəmanını qiymətləndirmirsənsə, düşmən buna nə etsin? Ermənilərin Andronikə verdiyi qiyməti sən Nuru Paşaya vermirsənsə, düşmənlər nə etməlidir? Bu məsələlərdə öz işimizə baxmalıyıq. Bu şəxsləri cəzalandırmağın qəti əleyhinəyəm. Qoy ziyarətlərini etsinlər. Adamlar bizə düşmən olan şəxsləri özlərində cəsarət tapıb, yad edirlər. Özümüzdən asılı olanı etməyincə, torpaqlarımız azad olunmayacaq. Biz özümüzə dəyər verməyən, qəhrəmanımıza qiymət verməyən cəmiyyət kimi tanınırıq. Hansı ölkədə qəhrəmanına verdiyin dəyəri desən, sənə ironiya ilə yanaşarlar”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın