Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Cəmiyyət / Əvəz Zeynallı: “Qoy Analar danışsın” – VİDEO

Əvəz Zeynallı: “Qoy Analar danışsın” – VİDEO

Azərbaycanda ən azı 2 milyon Ana var ki, onlara portret yazılmalı və onlar bu ölkənin insanlarına olduğu kimi təqdim olunmalıdır

 

Uzun zamandır, belə bir layihə haqqında düşünürdüm. Xüsusilə, həbsxana illərində bu haqda tez-tez xatırlamalı olurdum. Ora bir az da həyatın dibidir və bu “dib” adama sonsuz gəlir. Bax, “dib”in adama sonsuz gəldiyi o “dirilərin qəbiristanlığı”nda adam tanıdığı, sevdiyi, qiymətləndirdiyi adamları düşünür. Onlara nə verdi, haqlarından necə çıxdı, onları necə qorudu. Və bu sualların içərisində bata-bata onu da fikirləşirsən ki, əslində, bu adamların əksəriyyətini geniş ictimaiyyətə də tanıtmaq olardı. Adam bu haqda çox düşünür…

Mən əvvəldən də belə düşüncələrdə olmuşam. Hələ “Xural”ın gündəlik vaxtlarında, Allah rəhmət eləsin, bir qrup həmkarla bu düşüncələrimi paylaşmışdım. O zaman hətta Azərbaycan mətbuatında bir ilk olaraq “Ana” layihəsinə start verdik. Layihə o qədər uğurlu oldu ki, ikincisi gəlmədi. Bir müqəddəs Ananı danışdırdıq və ölkə ayağa qalxdı. Ana həqiqəti söyləmişdi və biz bu həqiqəti Onun söylədiyi kimi də yazmışdıq. Ancaq Ananın söylədiyi həqiqət hansısa ortaçaplı məmurun boğazından keçməmişdi. Ananın oğlu da dostumuz idi. Keçə bilmədik. Və layihə dayandı.

O zaman da planlaşdırmışdıq. Sıra ilə Anaları ziyarət edəcək, onları Azərbaycana təqdim edəcəkdik. Azərbaycanda ən azı 2 milyon Ana var ki, onlara portret yazılmalı və onlar bu ölkənin insanlarına olduğu kimi təqdim olunmalıdır. Yalansız və riyasız.

O zaman o siyahıda mənim Anam da vardı. Sıra ona da gələcəkdi. Biz gedib onu danışdıracaq və məmləkətə təqdim edəcəkdik. Ancaq tale bir başqa cür yazıldı. “Xural” əvvəlcə müsadirə olundu. Sonra bağlandı. Sonra məni həbs etdilər və o zaman mənim Anam qollarını çırmalayaraq özünü ölkəyə təqdim etdi. Danışdırdılar mənim Anamı. Amma mənim Allahın rəhmətinə qovuşan həmkarlarım yox, ölkəmizin ədalətsiz müstəntiqləri, prokurorları, hakimləri, təsridxana və zon rəisləri…

Mənim ailəmin 61 yaşlı Janna Darkı

DSC09654

Bütün yaxınlarımı başına topladı. Ailəmə sahiblik etdi. Qohum-əqrəbanı bir yerə yığdı. Ayranını ayran, yağını yağ etdi. Komandanlığı götürdü və fövqəladə şəraitdə bu adamların hamısını idarə etdi. Bəzən əzəbiləşdim, bəzən sinir məni boğdu, bəzən yaşamaq mənə çox ağır gəldi, amma mən Anamın ümumi komandanlığından çox razı qaldım. Qürur duydum. Anamı tanıdım. Mübarizə əzmimin, yorulmazlığımın və inadkarlığımın həm də bu Qadından gəldiyinə inandım. Tanıdıqca vuruldum, aşiq oldum Anama. O, mənim ailəmin 61 yaşlı Janna Darkı oldu elə bil. Elə gördüm Onu.

Heç kimdən qorxmadı, heç kimdən çəkinmədi mənim Anam. Sözünü hər zaman, hər yerdə dimdik duraraq dedi. Mən istəmədən heç nə etmədi. Etdisə də, mən onun yanlış etmədiyini, yanlış etməyəcəyini düşündüm. “Yoruldum”, “bezdim” demədən sona qədər dirəndi, hamını dirəndirdi mənim Anam.

Həbsxanada da, oradan azadlığa çıxanda da adamlar onun məndən daha cəsur, daha müdrik olduğunu dedilər. Fəxarət duydum. Başqa necə olmalı idi ki. Başqa hansı bulaqdan su içməli idik ki. Anam başqa nə deyə bilərdi ki?

Yazıya zəruri bir haşiyə:

Mən həbs olunandan təxminən 1 ay sonra Anam “Azadlıq” qəzetində “Mənəm günahkar” başlıqlı bir yazı yazdı. Yazıda məni dürüst tərbiyə etdiyinə görə, özünün günahkar olduğunu bildirir, müstəntiqə müraciət edirdi. Əslində, ədalətsizliyə etiraz dolu olan bu hayqırtını dostlardan biri ciddi başa düşmüş və əllərini bir-birinə sürtə-sürtə “baxın, Anası da günahkar olduğunu etiraf etdi” deyə sevincinin həddini bildirmişdi. Yazını bircə dəfə oxusaydı, əslində, tamam başqa şeylərdən bəhs olunduğunu da görəcəkdi.

Həyat bir daha göstərdi ki, ictimaiyyətə tanıtmaq zorunda olduğum adamlar çoxdur əslində. Onların bəzilərini çətin günlər tanıtdı – başda Anam olmaqla. Amma yenə də bir çox qəhrəmanlar var ki, onları da zaman-zaman təqdim etməliyik.

Mətbuat millətin ən ağır və dar günlərində örnək ola biləcək insanları tapıb meydana çıxarmaq və onları millətə təqdim etmək sənətidir

DSC09777

Bizi yetişdirən, oxudan, hər qəhrimizi çəkən müəllimlərimiz olmayıbmı? Həyatda çox ağır zamanlarda maddi-mənəvi yanımızda olan dostlarımız, qonşularımız, qohumlarımız olmayıbmı? Çətin günlərdə bir xırda “zapiska” göndərərək, hər riski gözə alan olmayıbmı? Olub. Mətbuat və mətbuat adamları, bax, həm də bu insanları cəmiyyətə təqdim etmək vəzifəsini daşımalıdır. Mətbuat təkcə pul qazanmaq, hər şeyi pula satmaq peşəsi deyil, mətbuat bu millətin ən mənfi xüsusiyyətlərini tapıb bu milləti o istiqamətə yuvarlatmaq da deyil. Mətbuat millətin ən ağır və dar günlərində örnək ola biləcək insanları tapıb meydana çıxarmaq və onları millətə təqdim etmək sənətidir. Mətbuat adamları həm də bunu etməli, gördüklərini millətə də göstərməlidirlər.

Mən şəxsi etmədim heç nəyi. Hər zaman ictimai mənafeyi üstün tutdum. Öz maraqlarımdan millətimin maraqlarını ümdə bildim. Belə öyrətmişdilər məni çünki. “Millətinin maraqlarını öz maraqlarından üstün tutmasan, çörəyim sənə haram olsun!” demişdilər hər zaman. O hiss hər zaman yol yoldaşım oldu və doğrumu-yanlışmı, hər zaman başımın üstündə yerini aldı. Mən dərdin, kədərin də ictimai olanını sevdim. Dərd ictimaidirsə, mənimdir. Dərd ictimailəşə bilirsə, mənimdir. Biz ayrı-ayrılıqda xoşbəxt ola bilmərik. Biz ayrı-ayrılıqda heç bədbəxt də ola bilmərik. Biz insan olaraq da, millət olaraq da xoşbəxtiksə xoşbəxt, bədbəxtiksə bədbəxtik.

Yazıya dəxli olan daha bir  haşiyə:

Ankarada təhsil aldığım zamanlar idi. Növbəti dəfə Gəncəyə gəlmişdim. Hər zaman olduğu kimi, yanımda əl çantam vardı. Çantamın içində hər şey olurdu. Mən səyyar yaşamağa tam öyrəşmişdim. Bir də gəldim ki, Anam çantamdam qayçını götürüb işlədir. Azərbaycanda hər şey qıt idi. Görünür, bu hesabla qayçım Anamın işinə yaramışdı. Vaxt gəlib vədə yetişəndə, Anamdan qayçını istədim. “Özünə yenisini alarsan” dedi. “Olmaz, təşkilatın qayçısıdır” dedim və qayçını çantaya qoydum. Bilmirəm, amma Anam o hadisədən sonra deyəsən, məndən bərk incidi.

Biz hər zaman “Titanikin orkestri” kimi çalışdıq

mmmm

Söhbət təbii ki, qayçıdan getmirdi. Söhbət ümumi maraqlardan, götürdüyün öhdəliklər qarşısında dik durmaqdan gedirdi. Mən təşkilatın qayçısına sahib çıxmasaydım, təşkilat mənə sahib çıxmazdı. Çıxdı da. Sona qədər uşaqlar yanımda, arxamda oldular. Türkiyədə də, burada da. Biz hər zaman “Titanikin orkestri” kimi çalışdıq. Batanda hamıdan sonra batdıq, çalışanda hamıdan çox çalışdıq. Həbs olunanda da hamıdan amansız və çox müddət aldıq. Bax, Anam da mənim həyatımın “Titanikinin orkestri” idi. Görəvini elə də icra etdi…

Mənim Anam artıq təkcə mənim Anam deyil. O, artıq Azərbaycanda bir kəsimin tanıdığı, sevdiyi, mübarizəsini təqdir etdiyi ictimai xadimdir həm də. Ona görə Onunla müsahibə götürmək istədim. Danışaq, dərdləşək istədim. Amma Anam deyəsən, çətin günlərdə daha döyüşkən və mübarizdir, yoxsa mənəmi elə gəlir, bilmirəm, ona Oxucu-tamaşaçılar qərar verəcəklər.

Beləcə, Anamın 66 yaşının tamam olduğu bu günlərdə, Onunla “Baş redaktorun qonağı” rubrikasında söhbətləşdik. İctimai-siyasi məsələlərdən tutmuş ailə məsələlərinə qədər çox şeydən danışdıq. Ötənləri xatırladıq. Ona da artıq Siz qərar verin, əziz Oxucu-tamaşaçılar.

“Mənim Anam” layihəsində mənim Anamdır – Şamama Zeynallı.

Əvəz Zeynallı

Həmçinin oxuyun

Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat – VIDEO

Bakıda fəaliyyət göstərən gizli fahişəxanalar mövcuddur.Gizli çəkilişlə sözügedən məkandan əldə edilən görüntülər sosial şəbəkədə paylaşıılıb.Videoda …

Bir cavab yazın