Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Sınıq güzgü – Xəyalə Rəis

Sınıq güzgü – Xəyalə Rəis

Televiziya cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən pozitiv və neqativ hadisələr, insanları narahat edən məsələlər televiziya kanallarında işıqlandırılmalı, ictimai müzakirəyə çıxarılmalı və həlli yolları axtarılmalıdır. Təəssüf ki, bu gün efirlərdə belə yanaşmalarla nadir hallarda rastlaşırıq. Əksinə, gündəmi dolduran bayağı, şou xarakterli verilişlər uzun müddətdir ki, sıravi insanlar, eləcə də mətbuat tərəfindən tənqid olunur. Amma nə fayda… Hələ üstəlik, bu sahədəki problemlər azalmaq əvəzinə, artan xətlə davam edir.

Xüsusən də, ailə məsələləri ilə bağlı yayımlanan televiziya proqramlarını izlədikdə, bəzən əsəblər tarıma çəkilir, verilişi sona qədər izləyə bilməyib kanalı dəyişirsən. Bu tip verilişlərin əksəriyyətində ekspert qismində çıxış edən simaların bəzilərini həyatda da yaxşı tanıyırıq. Ailə problemləri başından aşan, cəmiyyətdə heç də xoş qarşılanmayan əməlləri ilə tanınan şəxslər efirdən insanlara elə tövsiyələr verir, elə “ağıl” öyrədirlər ki, lap mat-məəttəl qalır, deməyə söz də tapmırsan.

Son illər televiziya kanallarında ailədaxili münaqişələrin müzakirəsinə həsr edilən verilişlərin sayı xeyli artmaqdadır. Əslində dünya televiziya proqramlarına nəzər saldıqda da, bu tendensiyanın şahidi oluruq. Lakin bizim telekanallarda başdan-ayağa şou xarakteri alan, maarifləndirici, tərbiyəvi funksiyasını itirən bu tip layihələr ucuz, bəzən hətta quraşdırma sensasiyalarla izləyicilərdə ikrah hissi yaradır. Bununla belə, bir qism insanlar, xüsusən də evdar xanımlar bu tip verilişləri izləməkdə davam edirlər. Çünki bu cür verilişlər xaraktercə zəif insanları müəyyən qədər təsir altına sala bilir, digər tərəfdən isə alternativlərin olmaması insanları istər-istəməz bəyənmədikləri verilişləri izləməyə də məcbur edir. Telekanallar, belə verilişlərin rəhbərləri isə düşünür ki, “ac insanın qabağına daşdan yumşaq nə qoysan, yeyəcək”.
Diqqət çəkən digər bir məsələ isə ömründə bir neçə dəfə evlənib-boşanan, hətta ailə qurmadan belə övlad sahibi olan, dünyaya qanunsuz şəkildə övlad gətirən, sənətinin dərinliklərinə varmayan “müğənniciklər”in efirlərdə ekspert kimi çıxış etməsi və gənc xanımlara evdarlıqdan dərs keçməsidir. Onlar efirdən ailəni necə möhkəm saxlamaq, ailə qurarkən nələrə diqqət etmək haqda “ağbirçək məsləhətləri” verirlər. Başa düşüləndir ki, tanınan simaların dilindən deyilən sözlər kütləyə daha çox təsir edir, izləyici ən azı onu tanıdığı üçün dinləyir. Ancaq məsləhətverici roluna heç cür uyğun gəlməyən hər adamın əlinə mikrofon götürüb ekspert kimi danışması və belələrinə şərait yaradılması nə dərəcədə düzgündür?

Azərbaycanın sənət aləmində, mədəniyyət sahəsində olan qadın və kişilər yalnız yüngül həyat tərzi keçirənlərdən ibarət deyil. Bizim mədəniyyət aləmində ciddi təməl üzərində qurulan ailəyə sahib olan kifayət qədər tanınmışlar var. Çoxları onları nümunəvi ailə kimi tanıyıb digərlərinə örnək göstərir. Efirlərdə də ekspert, aparıcı kimi məhz belə şəxslər danışmalı, öz məsləhətlərini verməlidirlər. Mütəxəssislər də təklif edirlər ki, ailələrin qorunması ilə bağlı məsləhətlər verənlərin özlərinin həyatı haqqında tamaşaçılar məlumatlandırılmalıdır. Yəni insanlar açıq-aydın bilməlidir ki, onlara məsləhət verən kimdir, bu haqqa sahibdirmi? Telekanallar müzakirə olunan məsələnin şou tərəfindən qaçmağa çalışmalı, studiyaya dəyərli məsləhətlər verə biləcək, araşdırılan problemin həm nəzəri, həm də praktiki tərəflərini yaxşı bilən, həyat təcrübəsi böyük olan ekspertləri dəvət etməlidirlər. Halbuki indi telekanallarda bu sahədə vəziyyət təxminən belədir ki, kimin kimdən xoşu gəlirsə, kim publikaya daha yaxşı işləyə, kim yaxşı qışqıra və ya söyə, qalmaqal yarada bilirsə, o adamlar verilişlərə dəvət olunurlar. Bəlkə də bu mənzərə ona görə ortadadır ki, məhz yuxarıda bəhs etdiyimiz bu cür yanaşma ucbatından gözdən düşmüş, nüfuzunu itirmiş verilişlərə özünə hörmət edən, həqiqətən hansısa mövzuda lazımi məsləhətlər verə biləcək insanlar yaxın getmir.

Yəqin çoxlarınız bunun şahidi olub: Bir də görürsən, hansısa ifaçı kanalların birində ekspert kimi bir məsələyə münasibət bildirir, kanalı dəyişirsən, bu dəfə digər kanalın başqa verilişində eyni adam tamamilə ayrı bir mövzuda danışır… Necə olur ki, öz sənətini belə, doğru-düzgün dərk etməyən ifaçı birdən-birə hərtərəfli, son vaxtlar deyildiyi kimi, “hərşeyşünas”a çevrilir? Əslində isə bu ifaçı-ekspertlərin bəziləri həyatda heç də yüksək zəkalı, hər şeydən agah olan şəxslər deyillər. Onlara öz sənətləri, ifa etdikləri musiqilərin janrları ilə bağlı suallar verəndə belə, hıqqana-hıqqana güclə cavab verirlər. Söhbət ailə-məişət mövzularına gələndə isə, onları susdurmaq bir qədər çətin olur…

Bir neçə həftə bundan öncə muğam ifaçılarından biri müsahibəmizdə sual etdim ki, nə üçün ekspert kimi verilişlərdə çıxış etmir. Cavabında isə “Tamaşaçı bizi ifamıza görə tanıyıb, biz yalnız ifamızın danışdığı verilişlərə çıxıb sözümüzü mahnılarımızla deməliyik” söylədi. Daha öncə də qeyd etdiyimiz kimi, özünə hörmət edən tanınmış sənət nümayəndələri də var ki, aşağı səviyyəli, şou profilli verilişlərə getmirlər. Ona görə də televiziyada çalışan prodüserlər məcbur olub verilişin səviyyəsinə uyğun ifaçıları efirə dəvət edirlər. Halbuki vaxtında bu verilişlərin səviyyəsini aşağı salan da məhz onların özləri olub. Məsələlərə məişət prizmasından yanaşan, dünyagörüşü bəsit olan həmin ifaçıların, ekspertlərin qatıldığı verilişlərin səviyyəsi isə təbii ki, onların öz səviyyəsinə bərabər olur.

Adətən bu cür verilişlərin rəhbərləri, aparıcıları onlara tutulan iradlara cavab olaraq deyirlər ki, kütlə daha çox belə verilişlərə baxır, izlənilməsələr, reytinqləri yüksəkdə olmaz və s. Onda belə çıxır ki, bu düşüncədə olanlar “kütləni ardınca aparan media” deyil, “kütlənin dalınca düşmüş media” olduqlarını da boyunlarına almış olurlar.

Həmçinin oxuyun

ANAMA:düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”. Bunu Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi …

Bir cavab yazın