Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Balaca intiharçıya məktub… – Teymur ZAHİDOĞLU

Balaca intiharçıya məktub… – Teymur ZAHİDOĞLU

Axı niyə?!. Bir köynəyə görəmi? Yoxsa çanta dərdin çanta daşımalı olan çiyinlərini yağır edəcəkdi?! Dözəydin bir az… Çantasız oxuyaydın. Sən Maksim Qorkinin uşaqlığı haqda heç nə bilmirdin? Hardan biləsən ki? Heç müəllimlərin bilmirlər, bəlkə də… Bilsəydilər, sənə də danışardılar.

O, sən yaşda olanda haralarda nökər işləməyib?! Amma böyüyüb müəllim olmuşdu, daha doğrusu, insan olmuşdu. Bəlkə də, sən daha ağıllı iş tutmusan. Dövrünün, öz zəmanənin məntiqli uşağısan. Yəqin anlamısan ki, sənə çantanı da, köynəyi də iki-üç gün gec alsalar belə, dərs deyən müəllimlərin, oxuduğun məktəb səni eləcə nökər olaraq böyüdəcək-başqa imkanları da yox, zatən-Sən insan kimi yaşamayacaqdın, onsuz da. Kentavr olmaqdansa, adam balası kimi ölməyi üstün tutmusan. Yəqin anlamısan ki, böyüdükcə daha çox şeylər görəcəksən bu cəmiyyətdən. Bilmisən ki, iyrənəcəksən bu toplumun gündən-günə amansızlaşan, simasızlaşan, səni, həmyaşıdlarını, daha balaca uşaqları özünə qıymağa sürükləyən cəmiyyətin xortdanlaşan üzünü görməkdən. Ölümün saflığının əlamətidir: Düz eləmisən, balaca…. İndiki zamanda, indiki dünyada saf olan heç kimə yer, heç nəyə ehtiyac yoxdur. Tanrı da saf duaları, xoş niyyətləri qəbul eləmir indi.

O da nankorların, nadanların, əclafların, harınların, xainlərin tərəfini tutur daha. Düz eləmisən, balaca… heç olmaya, Qiyamət günündə özünü rahat hiss edə bilməyin üçün bu dünyadan saf köçmək, ləyaqəti tapdanmadan, haqqı yeyilmədən, əzilmədən və özündən betər mütiləri dünyaya gətirmədən çıxıb getmək daha yaxşıdır. Düz eləmisən, balaca… Səninlə birgə böyüyəcək ehtiyacların oğru edəcəkdi səni… Günahlara batıracaqdı. Bəlkə də qatil olacaqdın… Utandıracaqdın ata-ananı, doğmalarını. Zatən məktəbə çantasız, köynəksiz gedənlərin gözü həmişə başqalarının çantasında, köynəyində qalır. Vərdişə çevriləcəkdi bu səndə. Böyüyəndə gözlərini başqalarına məxsus olan şeylərdən çəkə bilməyəcəkdin. Çirkablardan mayalanacaqdı baxışların.

Çirkablardan qidalanacaqdı ruhun. Çirkablaşacaqdı mənliyin. Heç olmasa gözlərini də, ruhunu da, mənliyini də özün kimi saf apara bilmisən bu çirkab dolu dünyadan… Axirətə ən ülvi qazancın elə budur. Düz eləmisən, balaca… Sənə bir çantanı, köynəyi qıymayan cəmiyyətdə sənin nə işin var ki?!! Paxıl, acgödən, quduz bir toplumla eyni torpağın üstündə gəzməkdənsə, eyni səmanın altını bölüşməkdənsə, eyni suyu içib, eyni havanı udub yaşamaqdansa intihar daha yaxşıdır… Onsuz da bu cəmiyyət səni mənən öldürəcəkdi, manqurtlaşdıracaqdı, şeytanlaşdıracaqdı… Başqalarının dərdinə, ölümünə, aclığına, çantasız, köynəksiz qalmasına bais olacaqdın. Düz eləmisən, balaca… Karıxıb dünyaya təzədən gəlsən, bir də belə edərsən…

Oldumu? Bəlkə onda çanta da, köynək də tapacaqsan geyinməyə… Amma.. Amma onda dünyada nə insan tapacaqsan, nə insanlıq… Heç olmaya 12 yaşına qədər, bu dünyada insanın və insanlığın olduğuna ümid edərək yaşamısan… İnsanlığın öldüyünü vaxtında anlamısan sən… Düz eləmisən, balaca!..

P.S. Səni maşın da vura bilərdi, elektrik cərəyanı da… Otarmağa göndərildiyin inək də baisin ola bilərdi, çimməyə getdiyin su kanalı da, antisanitar gölməçə də… Zəifliyinə rəğmən daşıya bilməyəcəyin ağrılarla yüklədiyimiz balaca ürəyin də dayana bilərdi qəfildən… Biz ancaq sənin ölümün haqda danışırıq, balaca. Nələrdənsə çəkinib düz danışmırıq, deyəsən… Öləndən sonra da haqqını tapdayırıq sənin… Getdiyin yolu başqa uşaqlar üçün bağlamaq əvəzinə ayrı şeylər düşünürük, görürsənmi? Sıralarında yaşayacaq adamlar deyilik, eləmi?! Özünə haqq qazandırırsanmı: Düz eləmisən, balaca!

Həmçinin oxuyun

Düşmə atəşkəs rejimini 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Azinforum.az -ın …

Bir cavab yazın