Gədəbəydə icra başçısı İbrahim Mustafayevin təşkil etdiyi tədbirin
keçiriləcəyi binanın döşəməsi uçub, yaralılar var. Məlumata görə, hadisə
rayonun Alnabat kəndində baş verib. Başçı ilə görüş üçün idarə binasına
dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub, qəbula
gələnlər döşəmənin altına tökülüblər.
Olay
zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alanlarla yanaşı əli-ayağı
sınanların olduğu da bildirilir. Döşəmə uçan zaman binada 50 nəfər
şəxsin olduğu haqda da xəbərlər var. Döşəmə uçandan sonra başçının
qəbulu baş tutmayıb.
Rayondan
aldığımız məlumatda qeyd olunur ki, Gədəbəydə dövlətin balansında olan
qəzalı binalar çoxdur. Həmin binaların təmirinə büdcədən hər il pul
ayrılır. Əvəzində rayon icra hakimiyyəti son illərdə dəfələrlə təmir
edilib. Üstəlik səlahiyyəti kifayət qədər azaldılan bu orqana əlavə bina
tikilir. Halbuki binanın tikintisinə ayrılan pullarla rayondakı qəzalı
binaların əksəriyyətini yeniləmək, döşəmə və tavanlarını dəyişdirmək
olardı. Hazırda icra hakimiyyətinin qarşısından keçən yol kəsilib, ora
bahalı daşlarla üzlənilir.
Rayon
sakini Fəqani Hüseynovun Facebook sosial şəbəkəsində yazdığına görə,
Gədəbəy Rayon İcra Hakimiyyətinə tikilən yeni bina üçün büdcədən 3
milyon 500 min manat vəsait ayrılıb. Həmin vəsaiti rayonun icra başçısı
İbrahim Mustafayevlə Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov
mənimsəyirlər. Binanın tikintisində fəhlələrə ayrılan pul bu 2 şəxsin
cibinə gedir. Fəhlə kimi DOST (Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi) Mərkəzinin işçiləri pulsuz işlədilir. Binanın tikintisi isə
yerli sahibkarların hesabına başa gəlir.
Ümumiyyətlə
Gədəbəydən gələn məlumatlar rayonun icra başçısı baxımından bəxti
gətirməyən rayonlardan olduğunu söyləməyə əsas verir. İbrahim Mustafayev
vəzifəyə təyinat alandan sonra 2 icra nümayəndəsi infarkt olub. 5 ay
öncə Gədəbəy rayonun Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımov
başçının qəbuluna çağırılıb. Vəzifəsində qalması üçün irəli sürülən
tələbləri yerinə yetirə bilməyəcəyini deyən icra nümayəndəsi təhqirlə
üzləşib, işdən qovulub. Bu ilin aprelində baş verən olaydan sonra
Cahangir Qasımov dünyasını dəyişib. Onun icra başçısının şəxsi
qəbulundan çıxan kimi ürək tutmasından öldüyü xəbəri var. Eyni
davranışla Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərovun da
qarşılaşdığı bildirilir. 10 min manat pul gətirməsi tələbinə Asif
İsgəndərov 2 övladının ali təhsilli və işsiz olduğunu, hər ay 515 manat
kredit ödədiyi cavabını verib. Əvəzində ona pulu gətirməsi və ya işdən
çıxması tələbi qoyulduğu iddia olunur. Otaqdan qovulan Asif İsgəndərov
oktyabrın əvvəlində yüksək təzyiq, infarkta meyllilik diaqnozu ilə
Gədəbəy rayon xəstəxanasına müraciət edib. Orada həkimlər nümayəndənin
təzyiqini aşağı sala bilməyiblər. Nümayəndə təcili Gəncə şəhərində
xəstəxanaya yerləşdirilib. Və hələ də xəstəxanada həkim nəzarəti
altındadır.
Gələn
məlumata görə, Söyüdlü kəndinə icra nümayəndəsi vəzifəsinə başçı artıq
namizəd də tapıb. Bu şəxs Nahid Qabil oğlu Allahverdiyevdir. Bu şəxs
vaxtilə çalışdığı Gədəbəy rayon peşə liseyindən külli miqdarda
korrupsiyaya görə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub.
Korrupsiyaya görə işdən qovulan bu şəxsi başçı müavini Natiq Nağıyevlə
birləşdirən ortaq cəhət də elə bu məqamdır. Natiq Nağıyev də 2000-ci
ildə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub. Başçının nümayəndə
oyunu ilə bağlı məlumatları isə sosial şəbəkələrdə ictimailəşdirən
rayon sakini Anar İsgəndərovdur.
Gədəbəydə
torpaqlar da təhlükədədir. Bu həmin ərazilərdir ki, mənfur
düşmənlərimiz Qarabağ müharibəsi dövründə ələ keçirmək üçün ora can
atıblar. Amma bacarmayıblar. İndi isə durum fərqlidir. Düşmənin ələ
keçirə bilmədiyi torpaqları maşın-maşın satırlar. Bu işlərə havadarlıq
edən şəxs kimi İbrahim Mustafayevin adı çəkilir. Ortada Gədəbəyin
Saratovka kəndinin mübahisəli ərazisində torpaqların maşınlara
doldurulması əks olunan videolar da var. Videomaterialı sosial
şəbəkələrə yollayan şəxs yazıb ki, ərazidəki texnikalar gecə-gündüz
işləyir, texnikalar vasitəsilə qara torpaq daşınır.
Yayılan
xəbərlərdən belə aydın olur ki, icra başçısı İbrahim Mustafayevin
özbaşınalığına aidiyyəti qurumlar göz yumur, Gədəbəyin Saratovka
kəndindəki torpaq talanına biganə qalır. Yayılan videonun altındakı
şərhlərdə torpaqların hansısa “şahənşahın” bağına daşındığı haqda rəylər
də var.
Yazıda
yer alan iddialara münasibət öyrənmək üçün Gədəbəy Rayon İcra
Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə
qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Həmçinin oxuyun
Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”
Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …