Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Ağstafanı niyə hər il eyni şirkət “abadlaşdırır?”

Ağstafanı niyə hər il eyni şirkət “abadlaşdırır?”

Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Meqa An İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Azpost.info xəbər verir ki, maliyyə dəyəri 99.601,44 AZN təşkil edən satınalma müqaviləsində abadlaşdırma xıdmətləri haqqının ödənilməsi nəzərdə tutulur. Müsabiqənin şərtlərindən aydın olur ki, “Meqa An İnşaat” MMC işıqlandırıcı dayaqların və kabellərin yenidən qurulmasını həyata keçirəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Meqa An İnşşat” MMC 1 dekabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa rayonu, Ağstafa şəhəri M.Ə.Sabir küçəsi, ev 9-da yerləşən MMC-nin qanuni təmsilçisi Nəsibov İlqar İsrafil oğludur.

2 mart 2023-cü ildə reyestr məlumatlarına dəyişiklik edilib. Araşdırmalarımız zamanı məlum olub ki, dəyişiklik səbəbsiz deyil. “Meqa An İnşaat” MMC-nin əvvəlki qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi adlı şəxs olub. O, eyni zamanda “Səma MM İnşaat” MMC-ni də təmsil edib.

“Meqa AN İnşaat” MMC-yə məxsus Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 26 avqust 2020-ci il tarixə qədər “Səma MM İnşaat” MMC-yə aid olub.

Şirkət əsasən Ağstafanın yerli qurumlarının tenderlərində qalib gəlir. 2020-ci ildən indiyə qədər “Meqa An İnşaat” MMC və “Səma MM İnşaat” MMC Ağstafadan 3 milyon manata yaxın sifariş alıb. Açıq mənbələrdə bu şirkətlər barəsində heç bir məlumat yoxdur. Mediada gedən məlumatlara görə, bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda sözügedən MMC-nin Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunduğu bildirilir.

Ağstafa rayonunun icra başçısı Seymur Orucovdur. O, 2020-ci ildən bu vəzifəyə təyin edilib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …