Bazar , Avqust 18 2019
Ana səhifə / Araşdırma / Vətəndaşları aldadan vəkil onların pulunu necə alıb?

Vətəndaşları aldadan vəkil onların pulunu necə alıb?

Bakıda onlarla vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi qalmaqalla bitib.

Məhkəmədə qalmaqalın düşməsinə səbəb dələduzluqda təqsirləndirilən Nüşabə Baxışova barəsində açılmış cinayət işinin icraatı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dayandırılıb.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunan N.Baxışovanın işinə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında baxılıb.

N.Baxışovanın vəkili Elman Babayev vəsatətlə çıxış edərək müvəkkili barəsində açılan cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini bildirib. Vəkil qeyd edib ki, istintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb və onun müdafiə hüququ pozulub.

Məhkəmədə işin icraatının dayandırılması və prokurorluğa qaytarılması barədə qərar qəbul edilib. Bundan başqa, müstəntiq kobud qanun pozuntusuna yol verdiyi üçün məhkəmə onun barəsində xüsusi qərar qəbul edib.

Məhkəmənin bu qərarı zalda olan zərərçəkmişləri qəzəbləndirib. Onlar N.Baxışova tərəfindən aldadıqlarını, illərdir get-gələ salındıqlarını deyərək məhkəmənin ədalətsiz qərar çıxardığını deyiblər.

Zərərçəkmişlər musavat.com-a bildiriblər ki, bu iş üzrə ümumi zərərçəkmişlərin sayı 40 nəfərdir. N.Baxışova 40 nəfərə 171 min manat zərər vurub.

Nüşabə Baxışova vətəndaşlardan pulu necə alıb?

Sumqayıt şəhərində hüquqi xidmətlər göstərdiyini, vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyən N.Baxışova bununla vətəndaşların etibarını qazanıb.

Zərərçəkmişlər deyirlər ki, Nüşabə Baxışovanın Sumqayıtda 10-cu mikrorayon ərazisində ofisi olub. Əksər vətəndaşlar da vəkillə həmin ofisdə görüşüb. Həbs edilən N.Baxışovanın bir müddət əvvəl “Dünya TV” və “İnter Az” kanallarında yayımlanan proqramlarda iştirak edibmiş. Zərərçəkmişlər bildirilər ki, N.Baxışova həmin proqramlarda vətəndaşlara hüquqi problemlərlə bağlı məsləhətlər verirmiş.

Qeyd edək ki, vətəndaşlar müxtəlif məsələlərlə bağlı Nüşabə Baxışovaya müraciət ediblər. Kimisi pensiyasını düzəltmək, kimisi ərindən boşanmaq, kimisi problemli mülkünü geri almaq üçün N.Baxışova ilə müqavilə bağlayıb. Müştəriləri ilə müqavilə bağlayan vəkil onlara vəd etdiyi xidmətləri göstərməkdən imtina edib.

Eyni əmələ görə daha əvvəl də həbs olunubmuş…

Vətəndaşların çoxsaylı şikayətlərindən və prokuror Zakir Qaralovun qəbulunda olarkən problemlərini dilə gətirməsindən sonra Nüşabə Baxışova ötən ilin fevral ayında həbs edilib.
Xatırladaq ki, N.Baxışova bir neçə il əvvəl eyni əməlinə görə də həbs edilib. Onun barəsində həmin zaman da Cinayət Məcəlləsini 178 (dələduzluq) maddəsi ilə cinayət işi açılmışdı. Əvvəlcə 8 il müddətinə azadlıqdan məhrum edilən N.Baxışovanın cəzası dəyişdirilərkən şərti cəza ilə əvəz edilmişdi.

Zərərçəkmişlərdən biri də şəhid anası Simarə Yarmətovadır.

Ailə daxilində baş verən bir problemin hüquqi yolla həll olunması üçün N.Baxışovaya müraciət edən şəhid anası dələduzluqla üzləşib.

“Mən onunla müqavilə də bağlamışam. Kiməsə şər atmaq nəyə lazımdır? Mən müqaviləmi göstərirəm. Ödənişi də etmişəm. İndi boyun qaçırmaq üçün deyir ki, guya bu qədər adam ona şər atır. Mənə deyir ki, sən şəhid adından istifadə edib məni şərləyirsən”- deyə S.Yarmətova şikayətində bildirir.

Ötən il həbs olunan N.Baxışovaya 3-4 vil əvvəl də hüquqi xidmətlər almaq üçün pul ödəyən, lakin nə hüquqi yardım, nə də pulunu geri ala bilməyənlər də var.

“Mən “şişkalar”la işləyirəm”

“2013-cü ildə şikayət etdik. Bizi prokurorluğa çağırıb dedilər ki, əgər bu qadın pulu ödəsə, şikayəti geri götürərsiz. Vaxt verdilər, amma ödəmədi. Sonra da həbs edildi. Bizə deyir ki, “mənə heç kim bata bilməz, mən “şişkalar”la işləyirəm. Kimə istəyirsinizsə, şikayət edin”. Bizdən başqa da zərərçəkmişlər var. Təkcə burada olan 40 nəfər deyil”- deyə zərərçəkmişlər qeyd edir.

Narazı vətəndaşların bildirdiyinə görə N.Baxışova “Dünya TV”də “Əhalinin hüquqi qanunlarla maarifləndirilməsi işi” adlı verilişdə çıxış edirmiş. Vətəndaşlara hüquqi məsləhətlər verən N.Baxışova sonda ofisinin harada yerləşməsi barədə elan verərərək özünə müştəri yığırmış.
N.Baxışovanın dələduzluğunun qurbanı olanlardan biri də 65 yaşlı R.Əliyevdir.

O, ümumilikdə N.Baxışovaya 9 min manat pul verib. Bunun qarşılığında N.Baxışova ona yüksək məbləğdə pensiya düzəldəcəkmiş.

“Pulu pensiyamın düzəlməsi üçün vermişəm. 44 il zavodlarda, zəhərli mühitlərdə can qoymuşam. Mənə adi pensiya təyin olunmuşdu. Buna görə də vəkilə müraciət etdim. Dedi ki, məhkəməyə müraciət edib, işi həll edək. Əvvəlcə 2 min manat aldı. Sonra da min manat. Ötən ilin avqust ayında mənə dedi ki, işləri tezləşdirmək üçün əlavə olaraq min manat da ödəyim. Mənə dedi ki, Dövlət Sosial Müdafiə Fondundan 35 min 700 manat əvvəllər ödənilməli olan pensiyanı alacaqsan. 507 manat da aylıq pensiya almalı idim. Bundan sonra da dedi ki, 5 min manat lazımdır ki, mənə bir dəfəlik hesab açsınlar. 30 faiz ödəniləcək, 70 faizi qalacaq. Qalanını da hissə-hissə alacam. Mən də verdim. Sonra isə bu qadın yoxa çıxdı”.

Qeyd edək ki, N.Baxışovanın dələduzluq əməlinə görə həbs edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də məlumat yayılmışdı.

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın