Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Sabiq bankirin adının olduğu siyahı skandal yaratdı

Sabiq bankirin adının olduğu siyahı skandal yaratdı

“İmzaladığımız siyahıda Cahangir Hacıyevin adı yox idi”; Sənəd imzalanmaya təqdim edilərkən C.Hacıyevin adı siyahıda olmayıb; sənədə onun adını kim əlavə edib?

Həbsdə olan Beynəlxalq Bankın idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin adının 160 nəfərlik siyasi məhbus siyahısına salınması ilə bağlı gedən müzakirələr səngimək bilmir. Günbəgün sabiq bankirin məsələsi böyüyür, hüquq müdafiəçiləri arasında onunla bağlı konfliktlər dərinləşir.
C.Hacıyevin adının siyahıya salınması faktının üzə çıxmasından sonra həmin siyahıya qol çəkənlərin etirazlarının şahidi olmaqdayıq. Onların mövqelərindən aydın olur ki, 160 nəfərlik siyahıya qol çəkənlərdən bəziləri korrupsioner bankirin adının orada olmasından ya xəbərsiz olublar, ya da sonradan onların xəbəri olmadan C.Hacıyevin adı həmin siyahıya salınıb. Qalmaqal ətrafında o fakt da meydana çıxır ki, siyahıya imzalar oktyabr ayında atılıb, sabiq bankirin adı isə bundan iki ay sonra siyahıya salınıb, yəni qol çəkənlərin bundan xəbərləri olmayıb. C.Hacıyevin adının siyasi məhbuslarla eyni siyahıya ötən ilin dekabr ayında salındığını 160 nəfərlik siyahını tərtib edənlər də təsdiqləyirlər.

Image result for Tural Abbaslı
Siyahıya imza atanlar arasında AĞ Partiya başqanı, keçmiş siyasi məhbus Tural Abbaslı da var. O, “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt mövqe sərgilədi: “Siyasi məhbus siyahıları uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Bu məsələ istər müxalifət, istər hakimiyyət, istərsə də, QHT sektoru üçün çox önəmli məsələdir. Belə ki, müxalifət və QHT sektoru üçün insan haqları və həbsdə olan əqidədaşları, hakimiyyət üçün isə beynəlxalq aləmdə onun siyasi imici baxımından əhəmiyyət kəsb edir. Ancaq təəssüflər olsun ki, bəziləri bu məsələlərə insan taleləri kimi deyil, gəlir mənbəyi kimi baxırlar. Bu da hakimiyyətin əlində müxalifətə və demokratik düşərgəyə qarşı kompromata çevrilir. Həbsdəki siyasi məhbuslar isə, günahsız yerə həyatlarını orada keçirməli olurlar. Bu məsələ həm də vicdan məsələsidir. Odur ki, mən təmsil etdiyim AĞ Partiya hər zaman siyasi məhbus siyahısı məsələlərinə ciddi yanaşmışıq və hər zaman haqqın yanında olmuşuq. Sonuncu dəfə də cəmiyyətə 2 siyasi məhbus siyahısı təqdim olundu. Biz də tərtibində AĞ Partiyanın başqan müavini, hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Elşən Həsənovun yaxından iştirak etdiyi təqribən 160 nəfərin adı olduğu siyahıya dəstək verdik, imza atdıq. Ancaq bizim imzaladığımız siyahıda bu və ya digər formada Cahangir Hacıyevin adı yox idi, bu barədə ümumiyyətlə, söhbət belə getmirdi. Bu gün əgər kimsə işbazlıqla məşğul olmaq istəyirsə, bu onun şəxsi işidir, bizim adımızı ora alət etməsin. Biz hansı sənədi və niyə dəstəklədiyimizi yaxşı bilirik. Bizim üçün insan taleləri, vicdan və təmizliyimiz alver predmeti ola bilməz. Bir daha bəyan edirəm ki, biz bu günə qədər Cahangir Hacıyevin siyasi məhbus kimi tanınması üçün heç bir addım atmamışıq və atmaq fikrimiz də yoxdur. Onun bu hakimiyyətin tərkibində zamanında törətdiyi cinayətləri nə biz, nə da xalq unutmayıb”.

Image result for Elşən Həsənov
160 nəfərlik siyahını tərtib edən əsas şəxslərdən olan keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Elşən Həsənov özünün facebook profilində bununla bağlı diqqətçəkən qısa bir status paylaşıb. Sitat: “Bir neçə gündür ki, siyasi məhbus siyahısına Cahangir Hacıyevin adının salınması ilə bağlı çoxsaylı müzakirələr gedir. Bu səbəbdən Bəşir Süleymanlı dindirilib. Onu deyim ki, 167 nəfərlik ilk siyahıda oliqarxların, rüşvətxorların məsələsini araşdırmaq nəzərdə tutulmayıb və ümumiyyətlə, ”gələcəkdə araşdırma” adlı qrafa və ya bölmə də yoxdur”.

Image result for Pərviz Həşimli
Gununsesi.info-nun rəhbəri, keçmiş siyasi məhbus Pərviz Həşimli də sabiq bankirin adı olan siyahıya qol çəkdiyini xatırlamadığını qeyd etdi: “Belə bir sənədə qol çəkdiyimi xatırlamıram. İctimai münasibət baxımından hesab edirəm ki, Cahangir Hacıyev Eldar Mahmudovla birləşib dövlətin vəsaitləri yatırılan bankı talan edib. Bu şəxslərin ölkə iqtisadiyyatına vurduqları zərərlər böyükdür. Məsələnin hüququ tərəflərinə gəlincə, o həbsdə olsa da, qanuni çərçivədə mühakimə olunmalıdır. Bir vətəndaş olaraq, əgər onun istintaq və məhkəmədə prosessual hüquqları pozulursa, bu yolverilməzdir. Kimliyindən asılı olmayaraq, hər kəs Avropa İnsan Haqları Konvensiyası ilə hüquq və azadlıqlara sahibdir”.
Qeyd edək ki, C.Hacıyevin bu məsələsi üzə çıxandan sonra siyasi və vicdan məhbusu olmaq üçün hansı kriteriyalara cavab vermək məsələsi gündəmə gəlib. İndiyə qədər bununla bağlı çoxsaylı müəmmalar yaranıb.

Image result for Əsabəli Mustafayev
Hüquqşünas Əsabəli Mustafayev siyasi və ya vicdan məhbusu olmağın kriteriyalarını bu cür sadaladı: “Siyasi məhbus” ifadəsi Avropa Şurası tərəfindən işlədilir. Onun da kriteriyaları var. Orada ilk növbədə bir şəxsin fundamental hüquqlarından istifadə etmək nəticəsində cinayət məsuliyyətinə cəlb olunması götürülür. Bəsit şəkildə fundamental hüquqlar nə deməkdir? Sərbəst toplaşmaq, ifadə azadlığı və vicdan hüquqlarından istifadə etmək nəticəsində həbs olunması. Orada Avropa Şurasının bir kriteriyası da var ki, açıq şəkildə ona qarşı irəli sürülmüş məsuliyyət qanunsuzdursa, o halda belə çıxır ki, proses sifariş əsasında belə olub, o halda siyasi məhbus elan oluna bilər. Azərbaycanda şəxsən mən onun tərəfdarı olmuşam ki, fundamental hüquqlar əsas kriteriya kimi götürülsün. Məsələn, bir şəxs açıq-aşkar siyasi repressiyanın qurbanı olub, fundamental hüquqlarına görə həbs edilib. Vicdan məhbusu isə “Amnesty International”ın kriteriyasıdır. Bunun da özünəməxsus kriteriyaları var. Təşkilat konkret olaraq götürür ki, həbs olunmada açıq şəkildə siyasi motivlər, fundamental hüquqların pozulması olduqda, o zaman həmin şəxsi vicdan məhbusu sayır. Açığı siyasi və vicdan məhbusu arasında böyük bir fərq görmürəm. Amma bəziləri deyir ki, bu, siyasi məhbus deyilsə, o zaman vicdan məhbusudur. Burada müxtəlif cür yanaşmalar ola bilər. Hər qrupun özünün marağı ola bilər. O üzdən qiymətləndirmə də fərqli ola bilər. Mən daxil, bir qrup dostlar belə yanaşırlar ki, əgər fundamental hüquqlar pozulubsa, o zaman istənilən şəxs siyasi məhbus siyahısına salına bilər. Ola bilər ki, siyasi iradə, göstəriş nəticəsində həbs olunanlar olsun. Məsələn, vaxtı ilə Rafiq Əliyev və Fərhad Əliyev qardaşları, Əli İnsanov, indi də Cahangir Hacıyev kimilərdə siyasi iradə, sifariş var idi. Amma digər əlamətlər də var idi. Korrupsiya əlamətlərinin olduğu fakt idi. Düzdür, sonradan Əli İnsanovda ikinci həbsdən sonra siyasi kriteriyalar yarandı. Burada siyasi ayrı-seçkiyə məruz qalmaq məsələsi ortaya çıxdı. Çünki orada nə korrupsiya halı, nə də cinayət əməli ola bilər. Qısası bir daha deyirəm ki, vicdan məhbusu “Amnesty International”ın kriteriyasıdır, siyasi məhbusdan fərqlənmir, sadəcə, dünya üzrə seçim edirlər. Siyasi məhbus isə fundamental hüquqların pozuntusu ilə bağlıdır. Bu hüquqlar da Avropa Konvensiyasında təsbit olunub”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın