Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Rza Zərrab ABŞ həbsxanasından zəng vurub azərbaycanca kiminlə danışırdı..

Rza Zərrab ABŞ həbsxanasından zəng vurub azərbaycanca kiminlə danışırdı..

Nyu-York cənub dairə məhkəməsində İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərrabın işi üzrə məhkəmə prosesində onun həbsxanadan apardığı telefon müzakirələrinin səs yazıları təqdim edilib. Virtualaz.org xəbər verir ki, bu telefon danışıqlarına əsasən Rza Zərrab ABŞ həbsxanasından Türkiyədəki kimliyi açıqlanmayan adlı şəxslə azərbaycanca danışır. Həmin şəxs Rza Zərraba Şeyda adlı vəkilin onun məsələsi ilə bağlı “Mövlud və Bekirlə görüşdüyünü”, daha sonra “Bəyəfəndi” ilə də görüşəcəyini bildirir.

Rza Zərrabın həbsxanadan azərbaycanca apardığı telefon danışıqlarının səs yazısını “The Daily Beast” nəşrinin məhkəmə müxbiri Katie Zavadski paylaşıb. Həmin səs yazısı daha sonra ABŞ Məhkəmələri Elektron Sənəd Paylaşımı Şəbəkəsindən (PACER) götürülüb.

Rza Zərrabın İrana qarşı maliyyə sanksiyalarını pozmaqda əlbir olduğunu deyərək ələ verdiyi “Halkbank”ın idarə heyətinin sədr müavini Hakan Atillanın vəkilləri isə bu səs yazısının məhkəməyə qədər onlarla paylaşılmadığına etiraz edib. Vəkillər bildiriblər ki, səs yazısı onlara indi təqdim edilib və üstəlik orada söhbət azərbaycanca getdiyindən məzmunu tam anlaşılmır.

Rza Zərrabın həbsxanadan 2016-cı ildə apardığı telefon danışıqlarının dinlənilməsinin qanuni olduğu məhkəmədə açıqlanıb. Həmin telefon danışıqlarına əsasən Rza Zərrabla danışan şəxs ona “Bəkir və Mövludla görüşdüyünü” deyir. Çox güman ki, söhbət xarici işlər naziri Mövlud Çavuşoğlundan və baş nazirin müavini Bekir Bozdağdan gedir. Habelə telefonda danışan şəxs Şeyda adlı vəkilin “Bəyəfəndi” ilə də görüşəcəyini deyir. Zərrab isə bildirir ki, “Bəyəfəndi” onun məsələsi ilə bağlı ABŞ prezident Barak Obama ilə danışmalıdır. Çünki bu tək Zərrab məsələsi deyil, ölkə məsələsidir.

“Bəyəfəndi” deyərkən söhbətin prezident Ərdoğandan getdiyi təxmin edilir. Telefonla danışan şəxs Zərrabı məlumatlandırır ki, İbrahim də (Ərdoğanın müşavirindən söhbət getdiyi təxmin edilir) prosesə cəlb olunacaq, “Bəyəfəndi”ni Obama ilə əlaqə saxlamağa inandıracaq. Telefon danışıqlarının ötən ilin oktyabr və noyabr aylarında aparıldığı bildirilir.

Rza Zərrab İrana qarşı sanksiyaları pozmaqda, qeyri-leqal pulların “yuyulmasında” ittiham olunurdu. Lakin o, istintaqla anlaşıb və iş üzrə həbsdə olan digər fiqurantın-“Halkbank”ın sədr müavininin əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyənin vəzifəli şəxslərinə on milyonlarla dollar rüşvət verdiyini açıqlayıb. Əvvəlcə Türkiyə hakimiyyəti Rza Zərrabı müdafiə etməyə və həbsdən buraxılmasına nail olmağa çalışırdı. Lakin onun istintaqla sövdələşməyə getməsindən sonra Zərrabın Türkiyədəki əmlakına həbs qoyulub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …