Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Araşdırma / Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələnir

Pirallahıda vəhşilik: Sahibsiz itlər küçədə güllələnir

Pirallahı qəsəbəsində sahibsiz itləri günün günorta çağı küçədə güllələyərək öldürüblər.

Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər.

İtlər M.Əzizbəyov küçəsində, 168 nömrəli məktəbin qarşısında, həm də azyaşlıların keçdikləri yolda öldürülüb və heyvan cəsədləri küçədən yığışdırılmayıb.

Sakinlərin sözlərinə görə, əllərində tüfəng olan şəxslər sahibsiz itlərin kütləvi toplaşdığı yerlərə gələrək camaatın gözü qarşısında heyvanlara atəş açıblar. Bəzi itlər öldürülsə də, digərləri yaralanaraq, qanı axa-axa qaçıb gizləniblər. Bütün küçə heyvan cəsədləri, parçalanmış orqanları ilə doludur. İtlərin bir hissəsi küçədən yığışdırılsa da, bəzi cəsədlər hələ də qalır.

Doğrudur, qəsəbə sakinləri dəfələrlə redaksiyamıza sahibsiz heyvanlardan şikayət edərək, Pirallahının sahibsiz itlərin oylağına çevrildiyini, itlərin qorxusundan küçələrdə hərəkət edə bilmədiklərini, sahibsiz heyvanların hücumuna məruz qaldıqlarını bildirmişdilər.

Hətta bununla bağlı rayon sakinləri Pirallahıda sahibsiz itlərə sığınacaq tikmək üçün meriyaya müraciət etsələr də, köməklik göstərən olmamışdı.

Amma Azərbaycan heyvanların qorunması ilə bağlı Avropa konvensiyasına qoşulub. Bu konvensiyaya görə, sahibsiz heyvanları öldürmək olmaz. Əslində, bu heyvanlar Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmalı və idarənin həyətində olan sığınacağa yerləşdirilməli idilər.

Faktla bağlı Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi ilə əlaqə saxladıq. İdarədən virtualaz.org-a Pirallahıda itlərin güllələnməsindən xəbərsiz olduqlarını dedilər:

“Bu barədə məlumatımız yoxdur. İtlər bizim əməkdaşlarımız tərəfindən öldürülməyib. Ümumiyyətlə, həmin vaxt bizim idarənin əməkdaşları Pirallahı rayonunda olmayıblar”.

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın