Bazar , Oktyabr 20 2019
Ana səhifə / Araşdırma / Ölən jurnalistin ailəsi narazıdır: Cavid Hüseynov ev dustaqlığına buraxıla bilər

Ölən jurnalistin ailəsi narazıdır: Cavid Hüseynov ev dustaqlığına buraxıla bilər

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün yenidən məhkəməyə müraciət ediləcək.
Bu barədə məlumatı musavat.com-a futbolçunun vəkili Adəm Məmmədov verib. Vəkil müraciətin bir neçə gün ərzində məhkəməyə təqdim ediləcəyini qeyd etdi.
Cavid Hüseynovla görüşdüyünü deyən vəkil, futbolçunun saxlanma şəraitindən narazı olmadığını və özünü günahsız hesab etdiyini bildirdi.
Vəkil istintaqın gedişi ilə bağlı yeniliyin olmadığını qeyd edərək, əvvəlki açıqlamalarında olduğu kimi, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu söylədi: “Həmişə qeyd etmişəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin heç bir günahı yoxdur. Əgər günahı olsaydı, bunu israrla deməzdim. Hər kəs Cavid Hüseynovun günahsız olduğunu bilir. Həbs edərkən sübutlara istinad olunur. Səs yazıları, verilən ifadələr sübut edir ki, Cavid Hüseynovun hadisədən xəbəri olmayıb”.
Xatırladaq ki, futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqust ayında Səbail rayon Məhkəməsinə vəsatətlə müraciət edilmişdi. Lakin vəsatət təmin edilməmişdi.
Rasim Əliyevin anası Teyfurə Əliyeva isə musavat.com-a açıqlamasında istintaqın gedişindən narazı olduqlarını dedi: “İstintaqla bağlı heç bir dəyişiklik, yenilik yoxdur. Bizə heç məlumat verən də yoxdur. Çox narazıyıq. Sanki bu işi artıq unudublar”.
T.Əliyeva Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı ediləcək müraciətə münasibət bildirərkən qeyd etdi ki, belə bir qərar verilərsə, böyük ədalətsizlik olacaq: “Mən nəinki, Cavidin ev dustaqlığına buraxılmasına, hətta ona qarşı irəli sürülən maddələrə belə etiraz edirəm. Cavid özü birbaşa günahkardır. Çünki işin başında duran Cavidin özüdür. Hadisədən də əvvəldən sonadək xəbərdar olub. Rasimi şirin dillə aldadan da Caviddir”.
Mərhum jurnalistin anası Cavid Hüseynovun ailəsi ilə hansısa bir görüşün baş tuta biləcəyinin mümkünsüz olduğunu bildirdi. Onun sözlərinə görə, oğlunun ölümündə günahkar olan şəxslər ən ağır cəzaya layiqdirlər və onların ailəsi ilə görüşün olması mümükün deyil: “Cavidin ailəsi yox, onun bibisioğlunun ailəsi bizimlə görüşmək istəyib. Biz belə bir görüşü əlbəttə ki, qəbul etmərik. Cavid və bibisioğlu ən ağır cəzaya layiqdir. Onların ailəsi ilə üzbəüz gəlmək belə, istəmirəm. Mən düşmənlə necə üzbəüz otura bilərəm? Mən necə dərdimi çəkirəmsə, onlar da öz dərdlərini çəksinlər”.
Qeyd edək ki, jurnalist Rasim Əliyev 8 avqustda “Bayıl market”in qarşısında döyülüb. O, ölümündən əvvəl “Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynovun qohumlarının onu döydüyünü bildirib.
Hadisəyə səbəb jurnalistin facebook səhifəsində futbolçunu tənqid etməsi olub. Bir gün sonra – avqustun 9-da Rasim Əliyev müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Cavid Hüseynova qarşı Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Jurnalisti döyən şəxslərdən biri də futbolçunun bibisioğlu Elşən İsmayılov olub. E.İsmayılovla yanaşı, daha 4 nəfər – Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də jurnalistin ölümünə görə həbs ediliblər.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın