Bazar , Yanvar 17 2021
Ana səhifə / Araşdırma / “MTN rəhbərliyi hər şeyi əlimdən aldı” – Həbsdəki iş adamı

“MTN rəhbərliyi hər şeyi əlimdən aldı” – Həbsdəki iş adamı

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədlriyi ilə məhkəmə prosesi davam etdirilən “Meridian Company” MMC-nin direktoru olmuş Rauf Kərimov ona qarşı irəli sürülən ittihamlara ətraflı münasibət bildirib.

R.Kərimov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, 2014-cü il martın 27-də həbs olunub. O, barəsində seçilən həbs qərarını ədalətsiz hesab etdiyini bildirib: “Mən 16 il ərzində dövlətimə 10 milyondan artıq vergi ödəmişəm, bunu dəlillərlə sübut etməyə də hazıram. Ölkəmə, dövlətimə bir vətəndaş və iş adamı kimi layiqincə xidmət etmişəm. Bu gün isə qanunsuz, sifarişli ittihamlarla həbsdə yatıram, ailəm, yaxınlarım əziyyət çəkir”.

Rauf Kərimov ona qarşı irəli sürülən ittihamda tövsif edilən maddələrlə bağlı ətraflı açıqlama verib: “Mənim Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə ittiham olunmağım isə heç bir məntiqə sığmır. Guya şərikim Hacıyev Cavidan Mustafa oğlu il birlikdə 30.100.000 manat pul vəsaitini götürmüşük və qaytarmamışıq. Halbuki ibtidai istintaq zamanı keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilib ki, 30.100.000 manat kreditin 17.000.000 manata yaxın məbləğ ümumiyyətlə bankdan götürülməyib və birbaşa hesabda-hesaba köçürülmə yolu ilə daha əvvəllər həmin bankdan götürülmüş kreditlərin bağlanmasına sərf edilib.

Bankdan faktiki olaraq 13.100.000 manat pul götürülüb. İstintaq orqanının gəldiyi nəticəyə əsasən vəsaitin də 11.564.000 manatı mənim və şərikim tərəfindən “Texnikabank” ASC-yə ödənilib. Bundan başqa cinayət işinin materillarında olan girov müqavilələrindən də görünür ki, mənə məxsus “Bakı-Mehmanxanası” ASC-nin səhmlərini “Texnikabank” ASC-nin Mərkəzi Bankdan götürdüyü 50.000.000 (əlli milyon) manat kredit öhdəliyimin təminatı kimi vermişəm.

Bankın mülki məhkəmələrdə qaldırdığı iddialar əsasında həmin kredit məbləğlərin tutulması üçün onların girov və ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracdan satılması qət edilib. Hərrac keçirildikdən sonra mənim banka olan borcumun qalıb-qalmayacağı da müəyyən deyildir. Deməli, mənim bank qarşısında hər hansı öhdəliyimin olub-olmaması tamamilə təkzib olunur”.

Sabiq şirkət rəhbəri Rauf Kərimov iddia edir ki, onun həbsi keçmiş MTN rəhbərliyi və Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istəyi ilə reallaşıb: “Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev və onun yaxın ətrafının göstərişi ilə həbs olunmuşam. Bu adam illərlə mənə təzyiqlər etdirdi, şər-böhtanla dəfələrlə məni hədələdi. İş o yerə çatdı ki, məni keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar, hədə-qorxu altında şantaj etdilər. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev məni şantaj etdi, hədə-qorxu gəldi və həmin idarənin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov məndən 1 milyon pulumu aldı. Keçmiş MTN şefi Eldar Mahmudov mənə məxsus “Çinar” kafesini qanunsuz şəkildə hədə-qorxu gələrək şəxsən özü əlimdən alıb”.

İş adamı onun barəsində olan məhkəmə prosesinin ədalətli aparılması üçün müraciət edib: “Mən bir günahsız vətəndaş, iş adamı kimi həbsdə çürüyürəm, bütün həyatım məhv olub. Mən terrorçu deyiləm, dövlətimə, millətimə sadiq iş adamı olmuşam. Mənimlə isə terrorçu kimi rəftar edirlər. İki ildir səsimi eşidən, məhkəmədə mənə qulaq asan yoxdur, qaldırdığımız heç bir vəsatət qəbul olunmur”.

Həmçinin oxuyun

Vüqar Səfərli həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş… – ARAŞDIRMA

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olduğu gündən mediada yeni …

Bir cavab yazın