Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Həbsdən azad etdirəcəyinə söz verdi, özü həbs olundu

Həbsdən azad etdirəcəyinə söz verdi, özü həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1979-cu il təvəllüdlü Vüsal Paşayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Virtualaz.org saytının məlumatına görə, Vüsal Paşayev əvvəllər talama və dələduzluq əməlləri törətdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.

İttihama görə, V.Paşayev Yeganə Mehdiyeva və digərləri ilə əlbir olaraq Həmayə Səfərovanın etibarından sui-istifadə edərək onun 68 min manat pulunu ələ keçirib. Belə ki, 2011-ci ildə Milli Təhlükəsizlik  Nazirliyinin İstintaq İdarəsi tərəfindən həbs olunan Həmayə Səfərovanın qardaşı İsaməddin Behbudov həbsdən buraxdıracağına yalandan vəd verərək ona qarşı dələduzluq edərək külli miqdarda ziyan vurub.

Təqsirləndirilən şəxs qismində dindirilən Vüsal Paşayev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Yeganə Mehdiyevanı avtomobil alqı-satqısı zamanı tanıdığını deyib. Bir neçə il bundan öncə Y.Mehdiyevaya avtomobil satan V.Paşayev həmin vaxtdan onunla münasibət saxlayıb. Hətta bir dəfə Yeganə ona zəng vuraraq Mingəçevir şəhərində qəza törətdiyini, Bakıdan ehtiyat hissələri alıb ona çatdırmasını xahiş edib. Y.Mehdiyevanın tapşırığı ilə V.Paşayev Əhmədli qəsəbəsində yaşayan Fəxriyyə adlı qadından 10 min manat alaraq , həmin pulun 1500 manatına ehtiyat hissələri alıb, yerdə qalanını isə Yeganəyə verib.

V.Paşayevin ifadəsinə görə, sonradan Yeganə onun yanında Həmayə Səfərovaya zəng vuraraq 10 min manatın ona çatdığını deyib.

Təqsirləndirilən şəxs Həmayə Səfərovanı tanımadığını, onunla heç bir münasibəti olmadığını, qohumunun həbsdən azad ediləcəyi ilə bağlı məzmunda söhbətlər aparmadıqlarını,  Fəxriyyənin Yeganəyə nə məqsədlə pul verdiyindən xəbəri olmadığını bildirib: “Yeganə bir dəfə İsaməddin adlı şəxsin həbsdən azad edilməsi ilə bağlı məndən kömək göstərməyi xahiş etdi. Ona bu işin mənlik olmadığını dedim”.

Zərərçəkmiş Həmayə Səfərova ifadəsində Vüsal Paşayevi tanımadığını, onunla qardaşı İsaməddinin həbsdən azad edilməsi üçün heç bir söhbət aparmadıqlarını bildirib: “Qardaşım İsaməddin 2011-ci ilin mart ayında narkotik vasitələrin satışı ilə əlaqədar həbs olunmuşdu. Hər hansı yolla olursa olsun qardaşımı həbsdən buraxdırmaq istəyirdim. May ayında həyat yoldaşım mənə Yeganə adlı qadınla danışdığını, həmin qadının İsaməddini 15 gün ərzində həbsdən buraxdıracağına söz verdiyini dedi. Yeganə ilə görüşmək üçün Bakı şəhərinə gəldim. İlk dəfə İsaməddinin evində onunla bu barədə söhbət etdik. Yeganə qardaşımı həbsdən azad etdirəcəyinə söz verdi və bunun üçün 300 min manat lazım olduğunu dedi. Yeganə ilə 200 min manata ümumi razılığa gəldik. Müxtəlif vaxtlarda ona 78 min manat verdim. 2011-ci ilin iyun ayında Yeganə zəng vurub pul istədi. Həmin vaxt Yevlax şəhərində olduğumdan onunla görüşə bilmədim. İsaməddinin arvadı Fəxriyyəyə zəng vurub əvvəlcədən hazırladığım 10 min manatı Yeganəyə verməyi tapşırdım. Yeganə özü gələ bilməyəcəyini, pulun dalınca Vüsal adlı şəxsi göndərəcəyini dedi. Yeganə ilə telefonla əlaqə saxlayanda pulun ona çatdığını, qardaşımın işini Eldəniz adlı şəxsin vasitəsilə həll etdiyini, məndən aldığı pulları həmin şəxsə verdiyini dedi.  “Orman” restoranında Yeganə məni Eldənizlə tanış etdi və qardaşımın işini onun həll edəcəyini bildirdi. Eldəniz də təsdiqlədi, cibindən vəsiqə və kəmərinə bağlanmış xidməti silahı göstərib hüquq-mühafizə orqanlarında işlədiyini dedi”.

Şahid qismində dindirilən Yeganə Mehdiyeva (hazırda həbsdədir – virtualaz.org) ifadəsində göstərib ki, İsaməddinin işini ilkin olaraq Vüsal Paşayevin vasitəsilə həll etmək istəyib. Bu məqsədlə ona 10 min manat verib: “Həmin pulu Vüsala qardaşım arvadı aparıb verib. Amma Vüsal sonradan müxtəlif bəhanələr gətirərək İsaməddinin həbsdən buraxılması üçün heç bir iş görmədi və telefonları söndürüb cavab vermədi. Ona görə də, İsaməddinin həbsdən buraxılması üçün özünü polis əməkdaşı kimi təqdim edən Eldəniz Rzayevə müraciət etdim. Eldəniz bu iş üçün ilkin olaraq 100 min manat istədi. İşin başlanması üçün Eldənizə 35 min manat verdik. Eldəniz qısa müddətdə İsaməddini buraxdıracağını desə də verdiyi vədə əməl etmədi, aldığı pulları geri qaytarmadı. Həmin puldan mənə 23 min manat çatmışdı. Pulun yarısını zərərçəkmişə verdim. 10 min manatı Vüsal Paşayevdə, 35 min manatı isə Eldəniz Rzayevdə qaldı”.

Məhkəmənin hökmü ilə Vüsal Paşayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Yeganə Mehdiyevanın dələduzluq əməli törətməsi ilə bağlı 2013-cü ildə Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Onun barəsində 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Barəsində axtarış elan edilib. Xətai rayon Polis İdarəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeganə Mehdiyeva həbs olunub. İbtidai istintaq zamanı törətdiyi əməllərdə Vüsal Paşayevin vasitəçiliyi olduğu məlum olub. Məhz bundan sonra V.Paşayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2015-ci il tarixli hökmü ilə Y.Mehdiyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın